Xalq artisti Faiq Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.
- Faiq bəy, yaradıcılığınızda hansı yeniliklər var?
- Yeni mahnımı təqdim eləmişəm. Əsl adı "Şur təsnifi"dir. İllər öncə Nazim Ağayev də ifa etmişdi. Bildiyiniz kimi, mən zaman-zaman köhnə mahnılara müraciət edirəm. İllər sonra bu mahnıya yeni nəfəs verdim. Nadir Səfərli və Nəğd Pul yeni aranjeman etdilər.
- Mahnıya klip çəkdirəcəksiniz?
- Bu mahnıya klip çəkmək üçün baharın gəlişini gözləyirəm. Çünki orada güldən-çiçəkdən söhbət gedir. Hələ ki, təbiət ona imkan vermir. Amma yaxın günlərdə daha yeni mahnını tamaşaçılara təqdim edəcəm. Bu haqda ilk dəfə söyləyirəm.
Sözləri Leyla Əliyeva, musiqisi isə Nadir Nəğd Pula aiddir. Mahnının adı "Ən sevdiklərinizi qoruyun" adlanır. Məhəbbətdən bəhs edir. Bu mahnıya klip də çəkiləcək. Leyla xanımın sözlərinə yazılmış mahnını kliplə bərabər təqdim edəcəyik. İş çoxdur, 9 mahnımız hazırdır. Yəni iki il rahat istirahət edə bilərəm. Biz Nadir Nəğd Pulla tam fərqli Faiq Ağayev kəşf etdik.
Çoxlu xəbərlər var, amma əvvəlcədən bu haqda çox danışmaq olmaz.
- Müğənnilərin efirə çıxarkən şərt qoymasına münasibətiniz necədir?
- Əslində hər bir insanın rahat olacağı bir yerdə olmağa haqqı var, amma baxır sən o şərti harda irəli sürürsən. Mən efirə gedəndə, öncədən qonaqların kimlər olacağını soruşuram. Əgər o verilişdə özümlə qonaqlar arasında uzlaşma görmürəmsə getmirəm. Mənim də belə bir ricam olub. Adətən, telelviziya işçiləri elə qonaq seçirlər ki, mən sevə-sevə çıxıram.
- Röya Ayxan İnstaqramda sizin “Uşaq kimi” mahnınızı paylaşaraq barışıq addımı atdı.
- Mən bunu barışıq addımı kimi qiymətləndirməzdim. Nə Röya ilə, nə də başqalarıyla probelemim yoxdur. Biz Röya ilə görüşürük. Hətta Azad Şabanovun toyunda həm onu, həm də Miri Yusifi gördüm, fəxri ad alması münasibətilə öpdüm, təbrik elədim. Röya bəzən mənim "Uşaq kimi" mahnımı paylaşır. Hətta o dəfə mənə dedi ki, o mahnını mən oxumalıydım. Məndə elə hallar olur. Hanısasa həmkarım mahnı ifa edərkən adam istəyir ki, oxuyub paylaşasan. Mən bunu jest kimi qəbul etmirəm.
- Röya Ayxan dedi ki, onu İnstaqramda bloka atmısınız.
- İntaqramı Röyanın komandası idarə edirdi və səhifəsini sıfırlamışdılar. Sonra tədbirlərin birində üz-üzə gəldik, soruşdum ki, "ay qız, sən niyə məni instaqramda dostluğundan çıxarmısan?" Dedi ki, səhifəni mən idarə etmirəm, düzəldəcəm. Bir həftə gözlədim, gördüm dəyişiklik yoxdur, mən də onu blokladım (gülür). Yən ki burada ciddi bir şey yoxdur.