Məşhur aparıcı və aktyor Azər Axşam Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Azər müəllim, koronavirusdan özünüzü necə qoruyursunuz?
- Buraya, müsahibəyə maska ilə gəldim, avtomobildə də spirt var. Bütün gigiyenik qaydalara riayət edirəm. Əllərimi tez-tez yuyuram. Namaz qıldığım üçün gündə beş dəfə əllər yuyulmalı olur.
- Nə zaman namaz qılmağa başlamısınız?
- Çoxdan deyil... Virusdan özümüzü və yaxınlarımızı qorumalıyıq. Bəzi mağazlara gedəndə görürəm ki, insanlar səhlənkarlıq edirlər. "Mənə heç nə olmaz" deyə davranırlar. Halbuki dövlətin, rəsmi qurumların verdiyi qərarlar, qanunlar var, qayda-qanun qarşısında boynumuz qıldan incədir.
Mən hazırda kənar heç bir yerə çıxmıram. Çalışdığımız yer şou-proqramlar idi, ora da pandemiyaya görə işləmir. Elə insanam ki, ehtiyac olmadan telekanala da getmirəm. Əgər çəkilişim, işim yoxdursa, evdə otururam.
- ATV-nin bir neçə əməkdaşı koronavirusa yoluxdu. Hazırda orada vəziyyət necədir?
- Həmin ərəfədə mən işdə deyildim. Koronavirusa yoluxanlar isə sağaldı. İndi telekanalın girişinə aparat qoyulub, əllər dezinfeksiya edilir, temperatur yoxlanılır. Hər kəs qaydalara riayət edir.
- Gəlirinizin çox hissəsi şou-proqramlardan idi. Pandemiyaya görə toy mərasimləri qadağan edilib. Maddi baxımdan özünüzü necə təmin edirsiniz?
- Çalışdığım ATV-dən aylıq maaş alıram. Sağ olsunlar, Allah razı olsun, çətin vəziyyətə baxmayaraq maaşlarımız vaxtında kartımıza köçürülür.
- Maaş ailənizi təmin edirmi?
- İnsan hər vəziyyətə qane olacaq gücdədir. Qazandığı məbləğə uyğunlaşır. Təbii, adamın bir yerdən alacağı maaş olmalıdır. Yoxsa problem yaranar. Nə qədər şou-proqramlardan qazansam da həmişə çalışmışam ki, aylıq maaşım olsun.
- Hazırda ATV-də yayımlanan "Şans oyunu" verilişinin aparıcısınız. Yeni mövsümdə yeni layihə olacaqmı?
- "Şans oyunu" verilişi yay ayları üçün nəzərdə tutulmuşdu. Həftədə iki dəfə yayımlanır. Yeni sezonda veriliş davam etməklə yanaşı yeni layihələr də ola bilər.
"SOY" prodakşnla da layihəmiz olacaq, seriala da çəkiləcəm.
- Azər bəy, "Milyonçu" verilişi ilə məşhurlaşdınız. Sonra təqdim etdiyiniz layihələr onun qədər uğurlu alınmadı. Buna səbəb nə idi?
- Deməzdim, digər layihələrim "Milyonçu" qədər uğur əldə etmədi. "Teletaym" yayımlanan illərdə Azərbaycanda o formatda verilişlər yox idi. "Milyonçu" isə dünya şöhrətli şou idi. Tamaşaçıların zövqü tez-tez dəyişir.
- Son zamanlar telekanallarımızda bayağı formatda təqdim edilən verilişlərin sayı çoxdur. Sizcə, bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Tamaşaçını nəyə öyrədəcəksənsə, birinci qəbul etməsə də üçüncü dəfədən qəbul edəcək. Məsələn, yeni filmlərin anonsunu təqdim edərkən erotik səhnələrdən parçalar verirlər. Bunu nə üçün edirlər? Çünki erotik səhnələrə maraq göstərənlərin sayı çoxdur. Verilişlər də elədir. Məsələn, dedi-qodulu bir veriliş təqdim edilir. Hamı tənqid edir ki, biabırçılıqdır, aparıcının danışıq tərzinə bax, amma oturub baxır. Çünki tərbiyəsizliyə də maraq var. Və deyirlər ki, görək bu gün o səviyyəsiz kimə və kimlərə söz atacaq. Amma o səviyyəsiz insana baxıb, verilişinin reytinqini qaldırırlar.
O aparcı da elə bilir ki, səviyyəlidir, ondan yoxdur və verilişi yüksək reytinq verir. Kanalda özünü elə dartır ki... Amma bilmir ki, ekran qarşısında oturan ona necə baxır... Bu bizə lazımdırmı? Bəzən pulun dalınca qaçırıq.
"Milyonçu" verilişinə iştirakçıları seçirdik. Əslində hər verilişin qonaqları və tamaşaçısı seçilməlidir. Amma indi hamı pul dalınca qaçır. Düzdür, pul lazımdır, maaşları verməliyik. Onu da səviyyəli etmək olar. Bununla yanaşı maarifləndirici verilişlər də təqdim etməliyik.
Hamı efirdə qalmaqal yaratmaq istəyir. Artıq bəzi aparıcılar özlərini sirk işçisi yerinə qoyurlar. Elə aparıcı var, qonağı dəvət edir, yalnız şəxsi həyatını qabartmağa çalışır.
- Axı, dünya mediasında da tanınmış insanların şəxsi həyatı maraqla qarşılanır...
- Bəli, maraqlıdır, amma gəlin təhqir etməyək. Bu gün Azərbaycan televiziyasını izləməyən insanlar var. Murad Dadaşov bir dəfə dedi ki, "arzum odur, itirdiyimiz tamaşaçıları geri qaytaraq. Çətindir, amma cəhdi əldən qoymayaq". Niyə səviyyəli verilişləri səviyyəsiz verilişlərə təslim edirik?
- Qeyd etdiyiniz hallar aparıcı Zaur Kamalın verilişində daha çox baş verir. Dəvət etdiyi qonaqların şəxsi həyatına çox müdaxilə edir.
- İndi o kimi hallar yoxdur. Bu gün aparıcılara uyğun veriliş hazırlanmaldır. Axı, hamının tanışı, qohumu, "daydayı" yoxdur ki, getsin sponsor tapsın. Azər Axşamın 47 yaşı var, ona kim desə ki, işləmək istəyirsənsə, get sponsor tap, razı olmaz. Mənim sponsor qapısı döyən vaxtımdır?!
Ondansa taksi sürücülüyü ilə məşğul olaram. Əgər mən televiziyaya təzə gəlmişəm və özümü göstərməliyəmsə, bütün qapıları döyərəm. Bəlkə televiziya mənim iradəmi, işimə olan sevgimi yoxlayır... Sonra deyəcək ki, sponsor lazım deyil, gəl işlə. İndisə qapı döyən yaşda deyiləm. Mənim elə bir adamım da yoxdur ki, deyim, layihə edirəm, sponsor ol, Allahdan başqa.
- Bir çox məşhurlar kimi məmur dostlarınız yoxdur?
- Xeyr, məmur dostum yoxdur. Hansısa məmurla salamım olub, amma loru dillə desək, mən o "kruq"da olmamışam. Onları sadəcə dövlət məmuru kimi tanıyıram, şəxsi münasibət saxlamıram. Ümumiyyətlə, mən çağrılan yerə gedirəm, çağrılmayan yerə yox.
- Bu illərə ərzində nə qazanmısınız?
- Bu illər ərzində iki ailə qazanmışam, iki oğlum var. İkincisi, heç kim deyə bilməz ki, Azər mənim haqqıma girib.
Valideynlərim, övladlarım məndən razıdır, şükürlər olsun. Həmişə başlarının üstündə olmuşam. Amma maddi qazancı nəzərdə tutursunuzsa, on ildir adi bina evində yaşayıram, 46 kvadrat metrlik sahəsi olan adi evdə... Adi avtomobil sürürəm, sadə insanların içindəyəm.
Bəlkə də bu mənim qazancımdır, hələ mənə çatmır?.. Bəlkə də əsl qazancım budur. "Milyonçu" verilişini aparanda fikirləşdim ki, bu mənim həyatımı hansısa baxımdan dəyişəcək, diqqət, maraq, münasibət... Amma olmadı.
- Bəlkə bu özünüzün kənara çəkilməyinizlə bağlı oldu...
- Xeyr, kənara çəkilmədim.
- Azər müəllim, hansısa bir xanım aparıcı bu gün efirə çıxır, səhər bahalı avtomobildə gəzir.
- Artıq "xanım" dediniz.
- Aparıcılardan Zaur Kamalın, Zaur Baxşəliyevin də maddi imkanları pis deyil.
- Mən heç kimin qazancı haqda danışa bilmərəm. Hər ikisi ilə münasibətim yaxşıdır. Bəlkə onlar Allaha məndən daha yaxındılar. Mən 23 ildir ən reytinqli televiziyalarda işləmişəm və ən öndə olan verilişləri aparmışam. Sadəcə maaşımı almışam. Maaşdan savayı nə kimsə mənim cibimə pul qoyub, nə də mən kimdənsə pul qoparmışam. Buna Allah şahiddir.
"Milyonçu" verilişini aparanda mənə 5-10 min təklif edənlər olub ki, sualların cavabını qabaqcadan deyim. Şirkətdə işləyir və istəyir ki, orada hörməti artsın. Sualların cavabını mən bilirdim. Amma deyirdim ki, yox, bunu edə bilmərəm. Və etmədim də...
- Nə zamansa televiziya rəhbəri olsanız, bu sahədə nələri dəyişərsiniz?
- Xeyr, televiziya rəhbəri olmaq fikrim yoxdur. Mən yaradıcı insanam, hansısa yaradıcı sahənin rəhbəri ola bilmərəm. Bunun üçün təcrübə lazımdır, idarə etməni, qaydaları bilməlisən. Amma məndən kiçik və yaxud yaşça böyük olan televiziya rəhbərinə kömək etməyə hazıram. Hansı verilişə baxırsan ya ağlamaq, ya sızlamaq, ya da ucuz zarafatlardır.
- Yaxın günlərdə Rövşanə Bektaşi ARB-dən ayrıldı və qeyd etdi ki, peşəkar jurnalistəm, heç vaxt verilişdə mərsiyə deyib, belimə şal bağlayıb çıxmaram. Bu məsələyə münasibətiniz necədir?
- Mən bilmirəm, nə üçün elə deyib. Kanaldan ayrılmasından da xəbərim yoxdur. Bunu sizdən eşidirəm.
- Nə zamansa televiziyadan uzaqlaşmaq istəmisiniz?
- Bəli, televiziyadan getmək istəmişəm. "Milyonçu" verilişini aparandan sonra düşündüm ki, ondan daha güclü layihələr edərəm. Amma əfsuslar ki, elə olmadı. Məcbur qalıb, "Milyonçu"dan əvvəl apardığım verilişlərə qayıtdım.
Xaricdə yaşasaydım, "Milyonçu" verilişindən yüksək maaş alardım və ondan aşağı səviyyəli verilişlərə getməzdim. Mənim ona ehtiyacım olmazdı. Titulumu saxlamaq üçün geriyə qayıtmazdım...
- İnsanlar sizin ikinci dəfə ailə qurmağınıza aqressiyalıdırlar. Buna səbəb nədir?
- Kim istəyər ki, həyat yoldaşından ayrılsın, amma iki insan yola getməyəndə ayrılır... Ətrafa göstərək ki, evliyik, amma evdə bir-birimizi didək - belə olarmı? Həyatdır, olur, heç kimdə də günah axtarmaq lazım deyil. Sən günahkarıdın, yoxsa o?.. İkimiz də günahkar idik, bu addımımızla ya səhv, ya da doğru etdik. Bunun ətrafa nə aidiyyəti var?
- Böyük oğlunuzla münasibətiniz necədir?
- Oğlumla münasibətim çox yaxşıdır. Xaricdə yaşayır, tez-tez danışırıq. Artıq onun 23 yaşı tamam olacaq. İşləyir və münasibətimiz əladır. Onunla böyük insanlar kimi bir-birimizi başa düşürük. Hətta ata-oğul kimi yox, dost kimi fikirlərimizi də bölüşürük...
Foto: Pərviz Həşimi