27 Sentyabr 2021 11:53
2 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində aparıcı Fulya Öztürk ilə ölkəmizə gələn və Azərbaycan həqiqətlərini dünyaya çatdıran CNN kanalının operatoru Halil Kahraman Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bu gün 44 günlük Vətən müharibəsinin ildönümüdür. Xəlil bəy, "CNN Türk" operatoru kimi müharibənin ən qaynar nöqtələrində çəkilişlər edərək Azərbaycanın haqlı savaşının dünyaya nümayiş etdirən media təmsilçilərindən idiniz. O günləri necə xatırlayırsınız?

- Mənim və orada iştirak edən həmkarlarım üçün İkinci Qarabağ müharibəsi həm kədərin, həm də sevincin yaşandığı bir dönəm idi. Çünki bir tərəfdən hərbçilər şəhid olur, digər tərəfdən də mülki şəxslərə amansız hücumlar edilirdi. Bütün türk xalqı üçün kədərli bir mənzərə yaşanırdı. Amma bu savaşın sonunda 30 illik həsrətə son qoyuldu və Azərbaycan illər əvvəl itirdiyi torpaqlarına qovuşdu. Biz orada həm kədərə, həm də xoşbəxtliyə şahid olduq. Qardaş Azərbaycan üçün Qarabağda idik. Zəfər əldə olunandan sonra işğaldan azad edilən torpaqlara - Şuşaya, Füzuliyə, Cəbrayıla getdik. Bu, bizim üçün də çox qürurverici bir hadisədir. Bu müharibədə doğma torpağı uğrunda can verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşallah bir daha belə bir hal yaşanmaz.

- Əməliyyatların ilk gününü xatırlayaq, "CNN Türk" Qarabağa göndəriləcək media təmsilçiləri seçimini necə etdi, öz istəyiniz idi?

- Azərbaycana könüllü gəldik. Mən müharibənin başladığı ilk andan etibarən Azərbaycana gəlmək və oradakı hadisələri bütün dünyaya çatdırmaq üçün könüllü oldum. Bunu çox istəyirdim. Müharibənin başladığı ilk günlər Fulya Öztürklə birlikdə Şırnaqda xəbər hazırlayırdıq. Ona görə müharibənin ilk günlərində Qarabağa gələ bilmədik, amma işimiz bitib, Türkiyəyə qayıtdıqdan dərhal sonra Azərbaycana gəlmək üçün könüllü olduq. Rəhbərliklə görüşdən sonra Fulya Öztürklə Azərbaycana getməyimiz qərara alındı və Azərbaycana gəldik. Yaxşı ki, gəldik... Zəfəri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız üçün çox xoşbəxtik.

- Azərbaycan həqiqətləri sizin obyektivinizlə dünyaya çatdırıldı. Gəncəyə ermənilər tərəfindən raket hücumu olanda həmkarınız Fulya Öztürklə dərhal hadisə yerinə gəldiniz. Həmin gecəni necə xatırlayırsınız?

- İkinci Qarabağ savaşı fəaliyyətimin ən çətin zamanlarından biri idi. Ermənistan ordusu cəbhə bölgəsində məğlub olduqca, mülki şəxslərə hücum etməyə başlayırdı. Gəncə, Bərdə, Tərtərə raket atəşindən hücum etdilər. Gəncəyə raket atəşindən hücum edilərkən oteldə idik. Bizim texniki avadanlıqlarımız hazır vəziyyətdə olurdu. Bir neçə dəfə atəş səsi gəldi, mən yatdığım üçün eşitməmişdim. Fulya Öztürk mənim qapımı döyüb qışqıraraq məni çağırdı. Dərhal əynimizi geyinib, səs gələn, duman, yanğın, tozun olduğu yerə getdik. Otelə çox yaxın idi, hadisə yerinə tez getdik. Oradakı mənzərə çox dəhşətli idi. Evlər dağılmış, uşaqlar, qadınlar, kişilər dağıntıların altında qalmışdılar.

Orada canlı yayım etdik və hücumu bütün dünyaya nümayiş etdirməyə başladıq. Hadisə yerində vəziyyət çox faciəli idi. Çoxlu sayda yaralılar var idi. İnsanların hər biri məsum idi və evlərində yatarkən xain hücumuna məruz qalmışdılar. Gəncəyə edilən hücumu uzun illər unutmayacağam. Təbii ki, təcili yardım gələnə qədər xalq yardım etməyə başladı. Yaralıları, ölüləri dağıntıların altından çıxarmağa çalışdılar. Hətta mən də bir tərəfdən çəkiliş edir, digər tərəfdən qaranlıq idi, kameramın işığını insanlara doğru çevirirdim ki, dağıntıların altından insanları tapıb çıxarsınlar. Həmin gecə həyatımın ən çətin gecələrindən biri idi, amma oradakı erməni zülmünü dünyaya çatdıra bildik. Çox şükür ki, müharibənin sonunda Azərbaycan zəfər qazandı. Allah bütün şəhidlərə rəhmət etsin.

- Cəbhə bölgəsində çəkilişlər zamanı Fulya xanımla hansı çətinliklərlə qarşılaşdınız?

- Bizim qarşılaşdığımız situasiyalara problem deyə bilmərik. Çünki əsl çətinliyi qəhrəman Azərbaycan əsgərləri yaşadı. Onlar ön cəbhədə gecə-gündüz torpaqları geri qaytarmaq üçün savaşdılar. Biz də bu müharibəni bütün dünyaya göstərmək üçün orada idik. Əlbəttə ki, biz də çətinlik yaşadıq. Yuxusuz qaldıq, bəzən yemək tapa bilmədik, çox yorulurduq. Bəzən səhərə qədər heç yatmadıq, amma təbii ki, bunları sevə-sevə etdik. Çünki Azərbaycan bizim qardaş ölkəmizdir. Qardaşlarımız üçün bunu sevə-sevə etdik. Hər dəfə də dedik ki, yaxşı ki, Azərbayacan gəlmişik, buradayıq. Çox çətinlik yaşadıq. Biz də azərbaycanlılar nə yaşadılarsa, onu yaşadıq. Bir daha qeyd etmək istəyirəm ki, əsl çətinliyi hərbçilər yaşadı.

- Bir çox savaş bölgəsində çalışmısınız, müharibə zonasında çəkiliş etməyin təhlükə və mürəkkəbliyi nələrdir?

- Müharibə bölgəsində operator olmaq çox çətindir. Kameraya baxıb, görüntüləri çəkirsiniz. Hər zaman bir gözünüz də çöldə olmalıdır, ətrafda nə baş verir və s. Bizim texniki avadanlıqlarımız da ağırdır və çoxdur. Bir tərəfdən ətrafa bombalar düşür, digər tərəfdən də üzərinizdəki texniki avadanlıqlara rəğmən çəkilişləri etməlisiniz. Bu kimi çətinliklər yaşadıq. Amma dediyim kimi bu çətinliklər bizim üçün problem olmadı, biz sevə-sevə işlədik və yaxşı ki, Azərbaycanda olmuşuq.

- "Fulya" adlı filmdə siz də rol almısınız. Filmin təqdimatına hazırlaşırsınızmı?

- Bəli, müharibədən sonra mən və Fulya Öztürk haqqında film çəkildi. Hər ikimiz də cəbhə bölgəsində qarşılaşdığımız çətinliklər və əsgərlərin, xalqın yaşadıqlarını təqdim etdik. Əlbəttə ki, bu, bizim üçün qürurvericidir. Amma kaş ki, bu qədər insan, əsgər şəhid olmasaydı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Filmin təqdimatını səbrsizliklə gözləyirik. Yenidən azərbaycanlı qardaşlarımızla olmaq bizim üçün qürurverici və xoşbəxt anlar yaşadacaq. İki dövlət, bir millətik. Hər zaman da elə qalacağıq.


Müəllif: Nərgiz Cavadzadə, Rəqsanə Həsənova

Oxşar xəbərlər