29 Dekabr 2021 11:45
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev etirafları ilə diqqət çəkib: “Kiminsə varlığı mənə darlıq etsəydı, o insan barədə fikirləşərdim. Amma mənə sual ünvanlananda ki, kiminləsə danışmıram?
Düşünməyə çalışıram ki, axı, kiminlə danışmıram?! Onlar həyatımda gündəlik xoşagəlməz təsir deyillər. Danışmamağa qalsa, bəzən qonşularımızla, Allah uzaq etsin, valideynlərimizlə də danışmırıq.

İnsan başqası üçün heç vaxt "Nikolay onluğu" olmayacaq ki, öpüb, cibinə qoyasan, hərarətini alsın. Axı, düşmənçilikdə də mərd olmaq lazımdır. Qəlbən qırılanda bağışlayıram, amma daxilimdə barışmıram. İt də itlə dalaşanda bir əlini arxada gizlədir ki, birdən sabah əlini uzatmalı olar. Əgər arada bir-birini məhv etmək istəyi varsa, bu bilirsiniz həyatı necə çirkablaşdırır?

Mən kin-nifrətlə yaşaya bilmərəm, ölərəm. Küsülü olduğum həmkarlarımla da aramda sevgi olub, sadəcə onu təntənəli şəkildə dəfn elədik. Və qəbrə toxunmuruq. O məhəbbət artıq qəbrin içindədir, qara torpağa gömülüb. Hərdənbir onu anarlar, yada salarlar. Amma onu qurdalamazlar, qəbrə toxunmaq olmaz!”

Xalq artisti atasının ölümündən danışarkən bu sözləri deyib: “Atamı on ildir ki, itirmişəm. Ata kimi mənə nəyi öyrətməli idisə, artıqlaması ilə etdi. Bir gün gəlib atama dedim ki, papa, sən məni bağışla, amma anamı səndən çox sevirəm. Dönüb mənə dedi ki, düz edirsən, biz səninlə eyni insanı sevirik.

Atam mənim “xalq artisti” fəxri adına layiq görülməyimi də gördü. Tamaşaçı sevgisini də gördü. Hərdən dəhşətə gəlirəm ki, 10 il keçib. O dünyada görəndə maraqlanacam ki, siqaret çəkib, yoxsa atıb? Ona siqaret çəkmək olmazdı. Bir də deyəcəm ki, sənin üçün darıxmışam. Onun ən böyük əmanəti bizim üçün anamdır. Anamı çox sevirdi. Dedi ki, həyat yoldaşım sizin üçün qulluqçu deyil ki, mən dünyadan köçəndən sonra nə kimsə yaşasın, nə də onun yanına köçsün. Görmək istəyirsinizsə, gəlin görün və axşam saat 11-də evinizə gedin. Ona yük olmayın”.

Faiq Ağayev şou-biznes barədə fikrini də bildirib: “Şou-biznes deyəndə Faiq Ağayev, Aygün Kazımova.... Burda siyahı bitdi. Niyə? Çünki 1988-ci ildə səhnəyə gəldik. 1995-ci ildə artıq Aygünü də, Faiqi də bütün Azərbaycan sevirdi. Üç və dördüncüsü yox idi. Bizimlə bir yerdə gələnlər daha sonralar parladılar. Düzdür, gözəl, güclü parladılar, amma qurucusu bu iki nəfər idi".

Müğənni yaşadığı çətinlikləri də dilə gətirib: “Həyatımda üç dəfə komaya düşmüşəm, ölmüşəm! Mən həyatı çox sevirəm və ölməkdən qorxmuram. Mən yaşayışı çox sevirəm, həyatı çox sevirəm. Gözəl insanları, insanlarda gözəl hərəkətləri görməyi sevirəm. Həyatdır, olub. Kiminsə burnu qanayır, kiminsə dırnağı sınır, kimsə Allah göstərməmiş, avtomobil qəzasına düşür, kimsə hansısa bir düşmənçiliyin tuşuna gəlir. Bu da həyatın eybəcər tərəfləridir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər