22 Avqust 2022 13:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cennifer Lopez və Ben Afflek toylarını aktyorun mülkündə qeyd ediblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Ben Afflekin 35 hektarlıq malikanəsi Corciya ştatının Risboro şəhərində yerləşir.

Məşhur cütlük təxminən yarım milyon dollar dəyərində üç gün üç gecə toy məclisi keçirib. Avqustun 20-21-dəki toy məclisi möhtəşəm görüntülərlə yadda qalıb. Bu gün həmin məclislərin sonuncusu reallaşır.

Cütlüyün qonaqları, o cümlədən aktyor Mett Deymon, rejissor Kevin Smit və aktyor Ceyson Meyes məclisin dekoruna və pastel rəngli çiçək kompozisiyalarına uyğun olaraq toya ağ geyimdə qatılıblar.

Afflekin malikanəsinin 557 kvadrat metrlik interyeri hündür tavanlara və şam ağacından döşəmələrə malikdir. Otaqlar ağ mebellə təchiz olunub və çıl-çıraqlarla bəzədilib.

Ərazidə həmçinin altı yataq otağı olan 930 kvadrat metrlik mülk də var.

Əyləncə və geyim tərzi ilə yanaşı, yeni evlənənlər tədbirin təhlükəsizliyinə də xüsusi diqqət yetiriblər. Yerli polis Afflekin malikanəsinin ətrafını “qadağan zona" elan edib. Ərazinin ətrafındakı su sahəsi bir neçə özəl mühafizə gəmisi tərəfindən qorunur.

Evin girişində isə hər gələn qonağın şəxsiyyət vəsiqələrini yoxlayan gözətçi var.

Qeyd edək ki, Afflek və Lopezin evlənəcəyinə dair ilk xəbər iyulun 17-də yayıldı.

Cennifer və Ben 20 il əvvəl görüşməyə başlayıb, daha sonra yollarını ayırıblar. Lopez müğənni Mark Entoni ilə, Ben aktrisa Cennifer Qarnerlə evlənib. Evli Benin iki qızı və bir oğlu, Cenniferin bir oğlu və bir qızı var idi. Hər iki evlilik boşanma ilə nəticələndi və bu, Afflek və Lopezin yenidən bir araya gəlməsinə yol açdı.

Bu dəfə onlar bir-birilərindən ayrı yaşamaq istəmədiklərini bildirib, münasibətlərini evliliklə taclandırmağa qərar verdilər.


Müəllif: Pərvin Cəfərova