Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək həyat yoldaşı, əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib.
Cavanşir Məmmədov Teleqraf.com-a açıqlamasında İbili Mustafa Kəmal oğlunun ittihamlarını yalanlayıb: "Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq işi gedir. Məhkəmə bitəndə biləcəksiniz. O, Xırdalanda yerləşən restoranlardan birini icarəyə götürüb və pul atıb".
Əməkdar artist "İbili Mustafa Kəmal oğlu sizin qızınızın həyat yoldaşıdırmı?" sualına isə belə cavab verib: "O, mənim qızımın həyat yoldaşı deyil. Rəsmi nikah sənədini çıxarsın. Eləcə də pasportuna baxaq ki, möhürü varmı?! Hansı aylarda pasportuna möhür vurulub? Ağzına gələni danışır. Törətdiyi cinayətə görə onu beş-on ilə qədər həbs gözləyir. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirildi".
Qeyd edək ki, bu haqda ilk məlumatı "Yenisabah" saytı yayıb.
Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.
Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.