Müğənni Samir Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Samir bəy, mətbuatdan uzaq durursunuz. Maraqlıdır, yaradıcılıq planlarınızda nə kimi yeniliklər var?
- Yeni mahnılarım var, klip çəkdirməyi düşünürük. Bir müddət uzaqlaşmışdım. Arada hansısa verilişə çıxırdım. İndi layihələrim olacaq. Konsert proqramı ilə də çıxış etməyi də düşünürəm.
- Bir müddət Röya Ayxan ilə küsülü idiniz, indi barışmısınız.
- Biz elə də çox küsülü olmamışıq, bir-birimizlə dava etməmişik. İnciklik olub, kənara çəkilmişik. Amma dar günümüzdə həmişə bir-birimizin yanındayıq. Hər şey əladır.
- Yaxın günlərdə sosial şəbəkədə ad çəkmədən bəzi insanları ikiüzlülükdə günahlandırdınız. Bu haqda nə deyə bilərsiniz?
- Paylaşımım şou-biznes nümayəndələrinə aid deyil, ümumlikdə fikir idi. Bir mahnı üzəridə işləyirik. Mahnının adı "Boş ver"dir. "Yalançı gülüşləri, saxta görüşləri, Salamı belə düşünüb verənləri boş ver". Əslində, tamaşaçıları o mahnıya hazırlaşdırırdım. Mahnı uzandı, aranjemanı bəyənilmədi. Mahnının daha yaxşı olması üçün gözləyirəm.
- Röya Ayxanla "Deyin ona" duetini ifa etdiniz. Onunla yenidən duet ifa etməyi düşünürsünüzmü?
- Əgər diqqət etsəniz görərsiniz ki, mən çox duet ifa etməmişəm. Təkliflər var, hər kəsin təklifini səmimi qəbul edirəm. Amma mahnılar var ki, mənlik deyil. Görürəm ki, digər duetlər kimi yadda qalmayacaq. Həmişə fikirlərimi açıq deyirəm. Düşünürəm ki, mahnının iki aylıq geniş yayılması lazım deyil, sonra itib batsın. Keyfiyyətli mahnı olsun, yaddaşlarda qalsın.
- Siz çox az müğənnilər sırasında görürük.
- Deyirsiniz ki, heç kimlə dost deyiləm (gülür).
- Bir zamanlar Nura Suri ilə dost kimi çox yaxın münasibətiniz var idi. Hazırda küsülüsünüz.
- Allahın salamıdır, bir-birimizə veririk. Mənim heç kimlə münaqişəm yoxdur. Sağ olsunlar, əsas da musiqiçilər mənə çox böyük hörmət və rəğbətlə yanaşırlar. Sadəcə mən bir gün o restorana gedim, gəzim, elə bir insan deyiləm. Sakitcə qapalı məkanlara gedirəm. O demək deyil ki, özümdən razıyam, insanlardan gizlənirəm. Xeyr! Özüm bu sahədə olsam da sakitliyi sevən insanam.