Xalq artisti Niyaməddin Musayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Niyaməddin müəllim, günlərdir ki, "Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən “Dərviş band” qrupunun sözləri Məmməd Araza aid, sizin də oxuduğunuz “Dünya sənin, dünya mənim” mahnısı müzakirə olunur. Qrupun ifası yutubda qısa vaxtda milyon baxış sayını keçdi. Bu haqda nə deyə bilərsiniz?
- Mahnını "Dərviş band" qrupunun ifasında dinləmişəm və qrup üzvləri ilə də tanışam. Hətta məni studiyalarında tortla çaya da qonaq etdilər. Qrup üzvləri ilə tanış oldum. Gəncdirlər və mahnını özünəməxsus ifa ediblər. Azərbaycan milli estrada sənətinin təməlini qoyan bir adam kimi əsas odur ki, mahnı xoş təsir bağışlayır.
Azərbaycanla yanaşı dünyanın başqa ölkələrində də bütün nəğmələrimi oxuyurlar. Nəinki "Dünya sənin, dünya mənim" mahnısını, bütün mahnılarıma müraciət edirlər. Mən də onlara təşəkkür edirəm.
- Qrupun ifasında mahnını peşəkarlıq baxımından necə dəyərləndirirsiniz?
- Gəncdirlər və mahnını düzgün ifa ediblər. Aranjiman və yanaşma tərzi dəyişməyib. Onlar birbaşa ritmə keçiblər, əsas odur ki, melodiyanı pozmayıblar. Söz, musiqi və ifa yerindədir. Gözəl də ifa ediblər. Hər müğənninin öz səs tembri var.
- Mahnının "Dərviş band"ın davamlı ifa etməsinə icazə verəcəksinizmi?
- "Dərviş band" qrupu ilə "Dünya sənin, dünya mənim" mahnısını duet şəklində ifa etdik. Yaxın günlərdə təqdim ediləcək. Duetimiz yaxşı alınıb. Ümumiyyətlə, bu mahnımı çox müğənni oxuyur. Mənim mahnılarımı bütün gənclər sevirlər. Həm milli ruhdadır, həm də müasirdir.
Elə mahnılar var ki, bir həftədən sonra dəbdən düşür. Gərək mahnı yaşasın. Mənim nəğmələrim həmişə aktualdır və sevilir. Yalnız "Dünya sənin, dünya mənim" mahnısı yox, hamısı. Bütün ifalarımın öz yeri var. Bu mahnı 1986-cı ildə yazılıb.
- İnsanların reaksiyası necədir? "Dərviş band"ın, yoxsa sizin ifanızı bəyənirlər?
- Hamımız gənclərə dəstək olmalıyıq. Musiqini duymaq və dərk etmək lazımdır. Hamıda musiqini duymaq və dərk etmək yoxdur. Mənə də mənfi yox, müsbət fikir bildirirlər. Hərə bir cür ifa edir. Onlar mənim kimi, mən də onlar kimi ifa edə bilmərəm. Hərənin ayrı ifa tərzi var.
Nəğmələrim bəsit deyil. Ona görə də dünyanın bütün ölkələrində ifa edilir, İsraildə, Türkiyədə və sair.
- "Mahnılarımı məndən başqa kimsə oxuya bilməz" iddianız varmı?
- Xeyr, bu, artıq eqoistlikdir. Düzgün yanaşma tərzi deyil. Mahnı yalnız bir ifaçı üçün yazılmır. Əsər xalq üçün yazılır. Mahnı yaxşıdırsa, sevilirsə oxuyacaqlar. Sevilmirsə nə qədər hay-küy sal, meyil göstəməyəcəklər.
Mahnı gərək xalq tərəfindən sevilsin və qəbul edilsin.