Bir neçə gün əvvəl keçmiş sevgilisi, iş adamı Ziya Hüseynzadə tərəfindən işgəncəyə məruz qaldığını deyən "Miss Azerbaijan- 2017" müsabiqəsinin qalibi, aparıcı Razi Əliyevaya daha bir açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, model sosial şəbəkədə haqqındakı iddialara cavab verib:
"Mən münasibətə subay və ilk baxışdan normal oğlan ilə başlamışam. O, məni döyməyə, təhqir etməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra həmişə ayrılmağa çalışmışam, lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə-qorxu ilə bitirdi. O mənə bıçaq ilə işgəncə verirdi. 13-cü mərtəbənin pəncərəsindən atmağa cəhdlər edirdi, huşumu itirəcək qədər boğurdu və ölümcül döyürdü. Yaydığı videoda mənə işgəncə verirdi ki, görüntüləri şantaj üçün özündə saxlasın. Mənim yaşadığımı yaşasaydınız bundan betər sözləri deməyə razı olardınız. Məni tanıyan hər kəs heç vaxt narkotik vasitələrdən istifadə etmədiyimi təsdiq edə bilər. Lazım olan bütün analizləri də verməyə hazıram. Mən evli biri ilə görüşmürdüm. Dekabr ayında evlilik təklifi və yanvarda boşanma ərizəsi verdiyini gizlədirdi. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən anamın yanına qaçmışam. Bundan sonra şantaj, hədə-qorxular yenidən başlandı. O, mənə hər zaman deyirdi ki, ayrılsam, həyatımı cəhənnəmə çevirəcək və məni elə biabır edəcək ki, heç kim mən tərəfə baxmasın. Bunun bir məqsədi var idi, məni hamının yanında hörmətdən salsın. Bəli, mən abort etmişəm, amma 12 dəfə yox. Heç də peşman deyiləm. Çünki onun kimisini dünyaya heç vaxt gətirmərəm. Belə pisəmsə, niyə uşağı saxlamağa yalvarırdı. Niyə evlənmək təklif edirdi? Niyə valideynləri ilə tanış edirdi? Məni əşya bilib yanında saxlamağa çalışırdı. Sonuncu dəfə evimdən qaçanda nələrin baş verəcəyini gözə alıb qaçmışdım. Çünki başa düşürdüm ki, iki çıxış yolum var. Ya biabır olmaq, ya da ölmək. Mən birincini seçdim. Yaşadıqlarım o qədər dəhşətlidir ki, hər kəs inanmaya bilər. Siz belə şeyləri yalnız qorxulu filmlərdə görmüsüz. Yalnız mən real həyatda yaşamışam. Bütün sübutları dövlət orqanlarına təqdim etmişəm".