3 Oktyabr 2023 14:46
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Cığatel İsaqızının qızı Leyla Camal "Elgizlə izlə" verilişində qardaşı oğlu Süleymanın dünyasını dəyişdiyi qəzadan danışıb.

Teleqraf.com xəbər verir ki, Leyla Camal bu sözləri deyib: "Hadisə avqustun 6-da gündüz saat 11-12 radələrində baş verib. Qardaşım Ayaz deyib ki, uşaqları balıq tutmağa Salyan şəhərinə aparsın. Yolu bir qədər gedəndən sonra avtomobilin təkəri boşalıb. Ayaz maşını yoldan kənara çəkib. Təkəri açmağa balşayıb. Süleyman atasına deyib ki, sənin yanında gəlib durmaq istəyirəm. Qardaşım isə ona icazə verməyib. Amma Süleyman “Bəs sən həmişə mənə deyirdin, sən kişisən. Niyə təkəri aşmağa icazə vermirsən?” deyəndən sonra Ayaz oğluna icazə verib.

Hadisə Ayaz ayağa duran zaman olub. Deyir, sürətlə gələn digər avtomobilin səsini eşitdim. Bu anda qardaşım əlini üzünə apararaq, yerə uzanıb. Balaca Cığatel avtomobildə, Süleyman atasının yanındaymış. Amma balaca Cığatelin oradan sağ çıxması möcüzədir. Çünki maşın qəza nəticəsində çox pis hala düşüb.

Qardaşım Ayaz qəzadan sonra bizə danışırdı ki, asfaltın üstünə uzananda mərhum atam gözü önünə gəldi. Sonra Süleymanı apardığını hiss edib. Daha nələrin olduğunu Ayaz xatırlamır".

Leyla Camal qəzanı törədən şəxsin bağışlandığını vurğulayıb: “Qəzanı 60 yaşlı kişi törədib. Qardaşım onu bağışlayıb. Onun da maşınında uşaqlar olub. İnsandır da, istəməzdi ki, belə hadisə baş versin. Biz həmin şəxsdən şikayətçi olmadıq, onu polisə vermədik".

Qeyd edək ki, hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində olub.

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər