5 May 2015 11:09
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Avropa Oyunları çox möhtəşəm keçəcək”

Müğənni Samira Allahverdiyeva “Bakı 2015” Avropa Oyunlarına həsr etdiyi “Çağırış” mahnısına çəkdirdiyi klipi media mənsublarına təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnı Cessi C-nin məşhur “Thuder” mahnısının Azərbaycan versiyasıdır. Mahnının Azərbaycan dilində sözlərinin müəllifi Sevinc Şirindir. Mahnıya ekran həyatını isə rejissor Ülviyyə Könül verib.

Təqdimat mərasimində mahnı və klipin yaradıcıları iştirak ediblər. Giriş sözü ilə çıxış edən Samira bildirib ki, “Çağırış”la “Bakı 2015” Avropa Oyunlarına öz töhfəsini verib: “Məni tanıyanlar bilir ki, Samira tez-tez təqdimat edən müğənnilərdən deyil. Yəqin bu da mənim xarakterimdən irəli gəlir. Əslində bunu etmək lazımdır, amma biz indi elə bir dövrdə yaşayırıq ki, bununla kimisə təəccübləndirə bilmərik. Amma bu dəfə isə hər şey fərqli oldu. Özüm təqdimat edib, mahnını və klipi sizlərə təqdim etmək istədim. Çünki “Çağırış” bütünlüklə “Bakı 2015” Avropa Oyunlarına həsr edilib. İyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək Avropa Oyunlarının ilk dəfə burada təşkil olunması çox mühüm işdir. İnanıram ki, bu oyunlar çox möhtəşəm keçəcək. Bu yarışlarda Azərbaycanı təmsil edən idmançılarıma uğurlar arzu edirəm və bu “Çağırış” məhz onlar üçündür. Onlar bu mahnıya qulaq assınlar, daha da şücaətlə, əzmlə mübarizə aparıb, medallar qazansınlar. Bundan başqa mən sənətimlə yanaşı idmanla məşğul olmağı çox sevirəm. Oyunlar ərəfəsində olduğumuz üçün qərara gəldim ki, növbəti hədiyyəmi məhz idmançılara həsr edim. Ümumiyyətlə isə mən hər zaman idmançılarımızı diqqətdə saxlayıram. Əgər xatırlayırsınızsa bir neçə il bundan öncə Ülviyyə Könüllə birgə idmançılara həsr olunan “Qələbə” klipimizi ərsəyə gətirmişdik”.

“Xarici estradaya müraciət etdim, çünki...”

Mahnının yaranma tarixçəsindən danışan müğənni xeyli əziyyət çəkdiyini də bildirib: “Mən oxuyan zaman mahnıdan enerji almalıyam. Bu mahnı vətənpərvərlik ruhunda, idmançıları qələbəyə, zəfərə səsləməli olduğuna görə yüksək dinamikaya sahib olmalı idi. Təəssüflər olsun ki, bir neçə nəfərə musiqi ilə bağlı müraciət etməyimə baxmayaraq içində enerji, dinamika olan belə bir mahnı tapmadım, ona görə xarici estradaya müraciət etdim. Həmin ərəfələrdə Cessi C-nin mahnısını eşitdim və çox xoşuma gəldi”.

“İdmançılarımınız səsi yüksəklərdən gəlsin”

Son illər çox az hallarda klip çəkən Ülviyyə Könül Samira ilə işləməkdən həzz aldığını bildirib: “Artıq dost olduğum müğənnilərə klip çəkirəm, o baxımdan Samira ilə dostluğumuzun tarixçəsi çox dərindir. Samira ilk dəfə mahnını dinləmək üçün mənə verəndə musiqidə güclü dinamika hiss etdim. Üstəlik sözlər mahnıya o qədər gözəl oturmuşdu ki, qulağa çox xoş gəlirdi. Musiqi və sözlər gözəldir, amma bütün bunun nəticədə gözəl alınmasının səbəbkarı Samiradır. Samira sehirli səsə sahib ifaçıdır, onun vokal imkanları çox genişdir. Özünə və sənətinə çox hörmət etdiyim biridir və buna görə onunla işləmək çox rahatdır. İnanın ki, bu klip ürəklə işlədiyim kliplərdəndir. Bunu öncə Samira, ikinci də idmançılarımıza, gələn ay ölkəmizdə keçirilən Avropa Oyunlarına görə etmişəm. Düşünürəm ki, bu kliplə birinci Avropa Oyunlarına öz töhfəmi, dəstəyimi vermiş oldum. Arzu edirəm ki, bu Oyunlar çox gözəl keçsin və idmançılarımınız səsi yüksəklərdən gəlsin. Çünki bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunu bütün dünya dövlətləri arasında daha da qaldıracaq. Bura dünyanın bir çox ölkələrindən idmançılar, turistlər, qonaqlar gələcək və burda olan şəraiti, mədəniyyəti, qonaqpərvərliyi, müasirliyi öz gözləri ilə görəcəklər”.

Şairə Sevinc Şirin ilk dəfə vətənpərvərlik ruhunda şeir yazdığını deyib: “Ən uzun müddətə yazdığım şeir idi. Çünki mahnının kantasını başa düşə bilmirdim. İlk dəfə idi ki, vətənpərvər ruhda bir şeir yazırdım. Klip mənə öz sözlərimi daha da sevdirdi. Samiraya təşəkkür edirəm ki, məni məcbur edə-edə belə mükəmməl yaradıcı prosesin bir parçası etdi”.

Nərmin

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər