“Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqinə bir gün qalıb. Azərbaycan təmsilçisi Elnur və onun komandası bu vacib çıxışa hazırlıq üçün maksimum səylər göstərir.
Təşkilat komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Elnur “Hour of the Wolf” mahnısını ilk dəfə mayın 14-də məşq edəcək. İfa zamanı Elnurla səhnədə iki rəqqas olacaq – qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verəcək.
Zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşdıqdan sonra Elnur fikrini səhnə nömrəsinin məşqləri və vokal ifası üzərində cəmləşdirib. Onun əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.
Elnurun səhnə komandası dünya səviyyəli mütəxəssislər, rəqqaslar, bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılardır.
Xoreoqrafiyanın detallarını, səhnə kostyumlarını Azərbaycan iştirakçısının ilk məşqi zamanı görəcəksiniz. Teleqraf.com qapalı məşqlərdən kadrları təqdim edir.
Pərvin