"Təəssüflər olsun ki, Azərbaycanda bəzi müğənnilər hüquqi və fiziki şəxs kimi vergi ödəyiciləri olduğunu belə bilmirlər. İllərdir bu sənətdəyəm, bundan öncə də özümün şəxsi biznesim var idi. Hesab edirəm ki, ən azından bu işdə olan hər bir insanın fiziki şəxs kimi VÖEN-i olmalıdır".
Bu sözləri Teleqraf.com-a açıqlamasında "Kristal" qrupunun rəhbəri, prodüser Mədinə Məlik deyib. Onun sözlərinə görə, müğənni işlədiyi, qazanc əldə etdiyi müddətdə onun müəyyən hissəsini vergiyə, müəyyən hissəsini Sosial Müdafiə Fonduna ödəməlidir: "Hökumətlə hökumətlik heç kim eləyə bilməz. Bu, qanundur. Hətta cərimə belə normaldır. Biz bir dəfə cərimələnmişik. Düşünürəm ki, vergi ilə bağlı problemimin olmaması "Kristal" qrupunun nadir hallarda toy aparması ilə bağlıdır. Çünki daha çox sənətə fikir veririk. Pulu çox qazananlar ayda 15-20 gün toyda olan insanlardır. İşlədiyimiz restoranların əksəriyyəti iş müqaviləsi bağlayırlar. Yəni, artıq bu proseslər hüquqi çərçivədə tənzimlənməyə doğru gedir.
Bəzi müğənnilərin qonorarı hədsiz çoxdur və mən bilirəm ki, onların bir qismi yaxşı da vergi ödəyirlər. Məsələn, dostum Faiq Ağayev hər dəfə vergisini ödəyir. Bilirsiniz, indi ödəməyənlər bir qırağa VEÖN-i olmayanlar hədsiz dərəcədə çoxdur. Bu gün Azərbaycanda çox saylı qruplar fəaliyyət göstərir ki, onları yoxlamağa başlasalar, araşdırsalar əminliklə deyirəm 99 faizinin VÖEN-i yoxdur. Bəzi müğənnilərin arxasında bir -iki sponsoru var, onlar niyə də vergi verməsinlər? Müəyyən qurumlarda çalışan insanlar bunu çox yaxşı bilirlər: kim necə, harada qazanır və nə qədər ödəməlidir? - bunun hamısını bilirlər".
Nərmin