Müğənni İzzət Bağırov Beynəlxalq Mətbuat Mərkəzində sentyabrın 18-da baş tutacaq konserti ilə bağlı mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, müğənni konserti haqqında məlumat verib: “Sentyabrın 18-də Yaşıl Teatrda konsert verəcəm. Konsertdə yeni mahnılarla yanaşı, köhnə mahnılarımı da səsləndirəcəm. Eləcə də iki yeni klip təqdim edəcəm. Həmin gün dahi sənətkar Üzeyir Hacıbəylinin doğum günü olduğu üçün onun əsərlərinə də müraciət edəcəm. Eyni zamanda bəstəkar Nazim Məmmədovun, Tunarın və anamın yazdığı yeni mahnıları səsləndirəcəm. Anam şeir yazır. Konsertdə həmkarlarımdan biri ilə duet oxuyacam. Gecədə bir kostyum dəyişəcəm. Konsertin dekorasiyası çox maraqlı və qeyri-adi olacaq”.
İzzət Bağırov həmkarlarına bilet göndərməsindən və bir neçə gün əvvəl yoxa çıxan afışasından da danışıb: “Konsertin afişasını vurdurduqdan bir neçə gün sonra yoxa çıxmışdı. Yenidən bərpa etdik. Afişaya görə 2500 manat pul ödəmişəm. Həmkarlarımı dəvət etməyimə gəlincə, məndən bilet istəyən həmkarıma dəvətnamə göndərmişəm. Heç kimə şəxsən zəng edib, dəvətnamə göndərməmişəm”.
Qeyd edək ki, konsertə biletlərin qiyməti 10-50 manat arasında dəyişir.
Rəqsanə Həsənova