Türkiyənin ən yaraşıqlı aktyorlarından Burak Özçivitin cazibədar aktrisa Nəslihan Atagül ilə baş rola çəkildiyi “Kara sevda” serialı bu gündən etibarən yayımlanacaq. Bu münasibətlə, “Hürriyət” hər iki ulduzdan müsahibə alıb.
Həm karyeralarından, həm də şəxsi həyatlarından danışan iki gənc sənətçi olduqca maraqlı açıqlamalar verib.
Publika.az-ın “Şirin söhbət”ində bu dəfə milyonların sevimlisi Burak Özçiviti və ulduzu yeni parlayan Nəslihan Atagülü qonaq edirik.
Nəslihan Atagül:
- Şöhrətə qovuşmaq üçün qismətə boyun əyib gözlədiniz, yoxsa, əlinizdən gələn hər şeyi etdiniz?
- Tək məqsədim anamın qürur mənbəyi olmaq idi. Xəyal qururam və onun reallığa çevrilməsi üçün çalışıram. İşimi yaxşı görəndə, məqsədimə nail olanda, xəyallarım reallaşanda hər kəs kimi mən özümü yaxşı hiss edirəm. Həqiqətən dırnaqlarımla qazıya-qazıya gəlmişəm. Çox əzmli olmuşam.
- 14 yaşında “Yarpaq tökümü” ilə aktrisalığa başladınız. İndi o serialda baş rolda oynayanlara rəqibsiniz. Mükafatlarınız var. Bu qədər məşhurlaşacağınızı gözləyirdiniz?
- Kiçik bir ailədən çıxmışam. Atam sürücü, anam isə ev xanımıdır. Məndən 7 yaş böyük olan bir qardaşım var. Ətrafımda gördüyüm insanların çoxu işlərindən narazı idilər. Heç kim gördüyü işdən məmnun deyildi. Ona görə də, hələ balacalıqdan məni xoşbəxt edəcək iş haqqında fikirləşirdim. Səkkiz yaşım var idi, televizora baxırdıq, üzümü atama çevirdim və dedim ki, “mən aktrisa olacağam”. Mənə baxdı, saçlarımı tumarladı və fikrimi dəstəklədi. 13 yaşım tamam olanda adını eşitdiyim bir agentliyə müraciət etmək qərarına gəldim. Naməlum nömrələr xidmətinə zəng edib agentliyin nömrəsini öyrəndim.
- Niyə naməlum nömrələr xidmətinə zəng etdiniz, evdə internet yox idi?
- Evdə kompüterimiz yox idi. Agentliyə zəng edib qeydiyyatdan keçmək istədiyimi dedim. Anam məni agentliyə apardı və şəkillərimi verdi. Elə bilirdim ki, dərhal zəng edəcəklər. Ancaq aylar keçir, səs-soraq çıxmırdı. Ümidimi itirməyə başlamışdım. Dayanmadan xəyal qururdum. Yaxşı ki, 6 ay sonra zəng etdilər. Amma mən o 6 ayda çox qorxmuşdum.
- Niyə?
-Çünki xəyalları suya düşən çox insan görmüşdüm. Onlardan biri olmaq istəmirdim. 13 yaşımda ilk dəfə filmə çəkildim. “İlk eşq” adlı bu film sayəsində Qızıl Qoza Film Festivalında “Ümid vəd edən gənc aktrisa” mükafatına layiq görüldüm. Özümü inkişaf etdirməli olduğumu bilirdim. 14 yaşımda “Yarpaq tökümü”ndə rol aldım. 18 yaşıma kimi bu işə davam etdim, hətta konservatoriyanın imtahanlarına da çəkiliş meydanında hazırlaşırdım.
- Türkiyənin gözü qarşısında böyümək sizə necə təsir etdi?
- Heç çətinlik çəkmədim. Çünki kim olduğumu unutmadım. Yaxşı insan olmağa çalışmaq lazımdır. Məsələn, cibində 5 lirən olsa belə, onunla xoşbəxt olmağı bacarmalısan. Mən şəxsi həyatımda da beləyəm.
- Bir dəfə müsahibələrinizin birində gənclər arasında populyar olan ketaları heç vaxt geyinməyəcəyinizi və ağıllı telefonlara qarşı olduğunuzu demişdiniz.
- Davamlı olaraq nə isə alırıq. Çox vaxt da ehtiyacımız olmayan şeyləri alırıq. Buna görə də, heç kim həyatdan zövq almır.
- Belə deyirsiniz, amma əlinizdə son model ağıllı telefon var.
- Nə qədər qarşı gəlsək də, biz də bu sistemin içərisindəyik. Amma hələ də fikrim dəyişməyib. Niyə hamı populyar olan bir şeyi almaq istəyir? Artıq insanların özlərinə məxsus tərzləri yoxdur. Çünki buna cəsarətləri çatmır.
-“Qara sevda” bu gün başlayır. Orada canlandırdığınız Nihan obrazını treylerdə görə bildik. Nihan necə bir qadındır?
- Universitet tələbəsidir. Rəssamlıq üzrə təhsil alır. Ailəsi imkanlıdır. Ancaq yenə də həyatdan məmnun deyil, nəyinsə əskik olduğunu hiss edir. Qarşısına həmin boşluğu dolduran bir adam çıxır. Bu işin mənim üçün xüsusi bir yeri var. Çünki illər öncə işə “Ay yapım” şirkəti ilə başlamışdım, indi yenə onlarla birlikdəyəm, amma bu dəfə baş roldayam.
- Heç qara sevdaya düşmüsünüz?
- Qaradır, yoxsa ağdır bilmirəm, amma sevdaya düşmüşəm. Onu hazırda yaşayıram.
- Serialda zəngin qız-kasıb oğlan eşqindən söhbət gedir. Həqiqətənmi eşqə gedən yolda bu amil əsas maneə ola bilər?
- Biz dünyaya gələndə belə şeylərin fərqində olmuruq. Sonradan bu fikirlər beynimizə yeridilir. Mən heç vaxt yuxarı, aşağı təbəqə fərqi güdməmişəm. Əlaqələrimdə həmişə mənəviyyata üstünlük vermişəm.
- Sevgiliniz Qədir Doğulu aktyordur. Evdə mütəmadi olaraq ssenari oxuyan, filmlərdən bəhs edən darıxdırıcı bir cütlüksünüz?
- Yox,qətiyyən. Birlikdə çox əylənirik. Xüsusilə də, tətillərimiz çox əyləncəli keçir. Təbii ki, ikimiz də bəzi axşamlar ssenari oxuyuruq. Bir-birimizlə fikir mübadiləsi edirik.
- Bəs ssenaridə öpüşmə səhnəsi olanda problem yaranmır?
-Yox. Sevgilim işimə müdaxilə etmir, səhnələrimə qarışmır.
- Yəni bu qədər anlayışlısınız?
- Biz bir-birimizə hörmət edirik və güvənirik. Mən onun həyatında olmayanda o, aktyorluqla məşğul idi. Eyni şey mənim üçün də keçərlidir.
- Amma deyilənə görə, serialın treyleri yayımlandıqdan sonra Qədir Doğulu sizi qısqanıb, hətta Burak Özçivitlə mübahisə edib.
- Dedim axı, biz bir-birimizə güvənirik. Necə istəyirlər, elə başa düşsünlər. Bizim vecimizə deyil.
- Siyasətlə maraqlanırsınız?
- Çox maraqlanmıram. Amma ölkənin gündəmindən xəbərsiz olmaq vicdansızlıq olardı. Bəzən xəbərləri oxuya bilmirəm, televizoru söndürürəm. Uşaqlar ölür. Bunları bilərək həyata davam etmək çox çətindir.
- Ümidlisiniz?
- Ümidimi itirməməyə çalışıram. Ölkəmiz daha əvvəl də belə çətin dövrlərdən keçib.
- Bəs senzuralar haqqında nə düşünürsünüz?
-Təəssüf ki, Türkiyədə ifadə azadlığı yoxdur.
- Bir serialdakı öpüşmə səhnəsinin, ya da filmdəki abort səhnəsinin sizin aktrisalığınızdan çox müzakirə edilməsi sizi narahat edir?
- Əvvəllər təəccüblənirdim. “Araf” filmində tualetdəki abort səhnəsi çox tənqid olunmuşdu. Halbuki, real həyatda hər gün belə hadisələr yaşanır. Deməli, biz real hadisələri tamaşaçıların gözünə soxanda narahat olurlar. Amma kinonun məqsədi elə budur.
Burak Özçivit
-Yaraşıqlı, bacarıqlı gəncsiniz. Belə görünür ki, həyatınız çox gözəldir.
- Əslində elə deyil. Sizin sadaladıqlarınız insana anlıq xoşbəxtlik verir. Amma mən başqa bir şey istəyirəm. Hazırda axtarışdayam.
- Nə axtarırsınız?
- Xoşbəxtliyi...
- Özünüzü bədbəxt hiss edirsiniz?
- Allaha şükür, çox xoşbəxt və dincəm. Mənim demək istədiyim daha dərin, əbədi xoşbəxtlikdir. Artıq başqa sahələrdə də işləyirəm. Həyatın mənasını anlamağa çalışıram, böyüyürəm.
-Bunda yaşınızın da təsiri varmı?
-Ola bilər. Şöhrət qazanmaq daha asandır, nəinki, daxili xoşbəxtliyi tapmaq. Onu axtarıb tapmaq lazımdır. Son iki ildə məndə böyük dəyişikliklər oldu. Əvvəllər hər şeyi idarə etməyə çalışırdım. İndi öz axarına buraxıram. Kürəyimdəki yükü azaltmışam.
- Eşitdiyimə görə, 6 ildir ki, tətil etmirsiniz. Dayanmadan işləyirsiniz. Hətta seriala çəkilərkən digər tərəfdən də iki film çəkdiniz. Sizi bu qədər işləməyə nə vadar edir, daha çox pul qazanmaq?
- Pul hamıya lazımdır. Amma işi məhz pul qazanmaq üçün görəndə insan uğur qazana bilmir. Sən işini yaxşı gör, pul özü gələcək.
- Deyəsən, işgüzarsınız.
-Of,of, yarış atı kimiyəm.
- Dəbdən düşməkdən qorxmursunuz?
-Yox. Düzgün layihələr seçmək çox önəmlidir. Bir də yaxşı insan olmalısan. Onda bütün işlərin yolunda gedir.
- Yaxşı insan olmağınızda eşqin rolu varmı?
- Təbii ki, eşqin də rolu var. Həyatımdakı qadın, ailəm, getdiyim yol – hər şeyin təsiri olur.
- “Kiçik sirlər”də Çet, “Möhtəşəm yüz il”də Malkoçoğlu, “Çalıquşu”nda Kamran obrazını canlandırmışdınız. Bu dəfəki obraz necədir?
- Obrazın adı Kamaldır. Əslində, tipik türk gəncidir. Gənclərin çoxunun üzləşdiyi çətinliklər onun da həyatına təsir göstərir.
- Yeni obraz üçün bığlarınızı kəstirdiniz.
- 6 ildir ki, bığ saxlayırdım. İstər-istəməz öyrəşmişdim. İlk-üç gün çox çətinlik çəkdim
- Siz heç qara sevdaya düşdünüzmü?
- Serialda intiqam mövzusunu işləyirik. Qara sevda normal eşq deyil, daha çətin, daha sərtdir.
- 11 ildir ki, bu sektordasınız. Hər işiniz reytinq birincisi oldu. Filmləriniz yaxşı gəlir gətirdi. Uğurunuzun sirri nədir?
- Məncə, izləyici kimin bu işi hansı məqsədlə gördüyünü başa düşür. Mən həmişə yaxşı niyyətli olmuşam. İllərdir ki, tamaşaçının inamını qazanmağa çalışmışam. Onlar da bilirlər ki, bəyənmədiyim layihədə olmaram.
- Yaraşıqlı olduğunuz üçün önmühakimələrlə qarşılaşmısınız?
- Məncə, ekranda göründüyümüz üçün istər-istəməz yaraşıqlı və ya gözəl kimi təqdim edilirik. Ancaq bu işdə qalıcı olmaq asan deyil. Küçədə minlərlə yaraşıqlı, gözəl insanlar var. Sadəcə yaraşıqlı olduğun üçün deyək ki, bir dəfə uğur qazana bilərsən, amma uğurun daimi olması üçün başqa bacarıqların da olmalıdır.
- Serialın treyleri yayımlanandan sonra Fahriyə xanımın çəkiliş meydanına basqın etdiyi yazıldı.
- Çəkiliş meydanına gəlir. Bundan təbii nə ola bilər? Bu haqda başqa heç nə deməyəcəm.
- Həmişə aşiq rolunda çəkilirsiniz. Eşq sizin üçün nə deməkdir?
- Xoşbəxtlik və dinclik...
- Sevgiliniz Fahriyə Evcən aktrisadır. İki sənətçi evdə mütamadi olaraq sənətdən danışırsınız?
-İşimiz bu olduğu üçün, əlbəttə ki, danışırıq. Amma vaxtımın çoxu çəkiliş meydanında keçir. Ona görə də, dincəlmək istəyirəm.
- Yeri gəlmişkən, öz şirkətinizi qurub prodüser oldunuz. Bu fikir haradan çıxdı?
- Ssenarisini bəyəndiyim filmlər çəkməyi qarşıma məqsəd qoymuşam. Təbii ki, çətindir. Timur Savcı mənə çox dəstək oldu. Prodüsserliyini etdiyim son işim Murat Bozla baş rolunu paylaşdığımız “Qardaşım mənim” filmi yanvar ayında təqdim ediləcək.
Ləman Sultan