"ƏRİ YALVARIRDI Kİ, MƏNİ BİABIR ETMƏYİN"
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti İlhamə Quliyevanın mətbuat konfransı keçirilib.
Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, o, konfransda keçmiş köməkçisi Mehriban Bəylərqızı (Hüseynova) tərəfindən həyatına edilən sui-qəsd cəhdi ilə bağlı təfərrüatlara aydınlıq gətirib:
"Mehriban il yarım bundan əvvəl mənim evimə nəzakətli xadimə kimi gəldi. Onu aparıcı Lamiyə Ələkbərli vasitəsilə tanımışam. Zamanla xoşagəlməz işlər edib. Oğlumun dostu ilə yaxınlaşıb. Ondan zəhər istəyib. Deyib ki, "Dərman tap, onun huşu getsin. İlhamə yatanda adam çağıracağam, venasına hava vurub, öldürəcəyəm". O, da buna vitaminlər verib, əvəzində 400-500 manat alıb. Sonra ona zəng vurub ki, "Nə dərman vermisən, halı günü-gündən yaxşılaşır". Soyuducumdan dərmanlar tapdım. Oğlumun dostu dedi ki, evə kamera yerləşdir. Saxta vəsiyyətnamə düzəldib ki, guya hər şeyimi ona bağışlamışam. Evdə məhkəmə qurduq, hər şeyi ortaya çıxardım.
Yayda ağrılarım var idi, Türkiyəyə getdim, müalicə olundum. bunu da özümlə aparmışdım. Mənim xəz geyimimi, ətirlərimi, zinət əşyalarımı oğurlayıb. O yanımda olanda bayquş kimi idim. hər yerdən cadu yığırdım. Çarpayımın altına dua qoymuşdu, ayağa dura bilmirdim. Duanın birində yazılmışdı ki, İlhamə xanım fevral-martda ölməlidir.
Bağ evimə qurban kəsməyə getmişdim. Yolda dedim ki, sürün onun evinə. əri işləmirdi, işə düzəltmişdim. Əri mənə yalvarırdı ki, məni biabır etməyin. Evinin yanında bir "lombard" var. Əminəm ki, oğurladıqlarını ora verib. Ordan keçəndə qarşımızda ağ maşın keçdi, Mehriban da içində idi.
Məni aldadıblar ki Kürdəxanıdadır. Məni görən kimi qaçdılar. Əri dedi ki, mən çıxarmışam. Sizi də məhkəməyə verəcəyəm. Oğluma deyir ki, siz etmisiniz. Sən demə bunun adamı var. Kəmaləyə dedim ki, zəng et Mehribana gəlsin. Gələndə polis onları tutdu. Cənab Prezidentə yazacağam, Ramil Usubovun köməkcisi ilə danışmışam. Mənim təhlükəsizliyimi qorusunlar. Evdəki monitorlarımı xarab ediblər. Evdə divanım var orada nələr yoxdu: ölü qanı, torpağı, qıfıl, yağ...
Mən Allahnan danışan adamam. Quranı açdım, dedim ki, "mənə pislik edənlərə sən özün cəza ver". 3 gün keçdi bu iş oldu. Bütün bunlar bitsin özümə ad günü edəcəyəm, yenidən doğulmuş kimiyəm".
Mehribanın rəfiqəsi Kəmalə də tədbirdə qatılıb. O, hadisə ilə bağlı bunları deyib:
"Məni 9 saat saxladılar, sorğu-sual etdilər. Üstümə düşdülər, amma Mehribana heç nə etmədilər. İstintaqı aparan Vüqar İsmayılov dedi ki, onu Kürdəxanıya aparıblar".