12 Noyabr 2015 10:22
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fidan Hacıyeva Beynəlxalq Mətbuat Mərkəzində konsert proqramı ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, noyabrın 28-də Opera və Balet Teatrında “Arşın mal alan” operettasında Gülçöhrə obrazı ilə çıxış edəcək: “Gülçöhrəni canlandırmaq mənə çox çətin oldu. “Arşın mal alan” operettasında həm danışmaq, həm də ifa etmək lazımdır. Burada ariyalar, duetlər var. Məhz operettada ən çətin obraz Gülçöhrə obrazıdır. Bu tamaşada Opera və Balet Teatrının baş rejissoru Hafiq Quliyev, dirjor Eyyub Yaqubov ilə işləyirəm.

Əsərdə məşhur aktyorlar tərəf müqabilim olacaqlar. Üç-dörd aydır ki, “Arşın mal alan”nın məşqləri başlayıb. Əvvəllər “Arşın mal alan”da Asya obrazını oynamışam. Gülçöhrə obrazını ilk dəfə oynayacam. Bu obraz duyğusal, romantik gənc bir qızın sevgisindən bəhs edir. Obrazımla tamaşaçıların qəlbində qalmağa çalışacam. İnanıram ki, Gülçöhrə obrazı da tamaşaçıların xoşuna gələcək. Gülçöhrə Asyadan çox fərqlidir”.

Xalq artisti yaşlı vaxtda gənc obrazda çıxış edən opera ifaçılarından da danışıb: “Hazırda mənim 55 yaşım yoxdur və 55 yaşım olanda yəqin ki, sənətdə olmayacam. Onu da deyim ki, səs gözəl olan zaman obrazı yaşlı və gənc ifaçının canlandırması önəmli deyil. Dünya şöhrətli müğənnilər var ki, onların formada olmamaqlarının, yaşlanmasının fərqinə varmırsan. Ona görə bu sənət səs, texnika tələb edir. Bu sənətdən vaxtında getməlisən. Təbii ki, 55 yaşında cavan obrazları canlandırmaq çətindir”.

F.Hacıyeva yeni layihəsindən danışıb: “İfaçı Ələsgər Əliyev ilə yeni layihəmiz olacaq. Hazırda layihənin üzərində işləyirik. Ələsgər Moskvada yaşayırdı və bir ildən çoxdur ki, vətəninə qayıdıb. Onunla konsertlərin birində tanış olmuşuq. Mən vətəninə qayıtmağı və burada fəaliyyət göstərməsini tövsiyə etdim. O, mənim tələbəmdir. Çox gözəl məlahətli səsi var. Səhnədə ilk çıxışı 2015-ci ildə aprelin 19-da Heydər Əliyev Sarayında çıxış edib. Orada Salman Qəmbərovun rəhbərliyi ilə estrada simfonik orkestrı ilə Seyid Rüstəmovun “Hardasan” Rauf Hacıyevin “Sevgilim” simfonik əsərini ifa edib. İlk dəfə məhz böyük səhnədə Heydər Əliyev Sarayında çıxış edib. Ondan sonra Ələsgərin karyerası başlayıb”.

Rəqsanə


Müəllif: