8 Mart 2016 02:12
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində “Zaman adlı qatar” filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmin rejissoru Kənan Musayevdir. Onun açıqlamasına görə, bu ekran əsəri real hadisələr əsasında çəkilib: "Filmdə Azərbaycan qadınının öz balasına görə etdiyi fədakarlığı ön plana çəkmişik".

Filmdə rol alan Ayaz Salayev bildirib ki, ekran əsəri tamaşaçıların xoşuna gələcək: “55 yaşım var, ömrümdə birinci dəfədir ki, filmin nümayişini aktyor kimi seyr edəcəm. Filmə çəkilmək çox xoşuma gəlir, çünki rejissor kimi həyəcan, məsuliyyət hissi yaşamırsan. İnanıram ki, bu əsər uğurlu olacaq. Hazırda bütün dünyada ailələr dağılır, ailə anlayışı itir. Bizim işimiz bu faciəvi məsələyə yaxşı mənada təsir göstərəcək".

Oksana Rəsulova bu filmlə akytorluq sənətinə addım atdığını deyib: "Bu film aktyorluq sənətinə ilk addımım oldu. Çox şadam ki, belə gözəl aktyorlarla çəkildim. Həmidə Ömərova ekran əsərində mənə çox dəstək oldu".

Suğra Bağırzadə isə tərəf müqabili İlham Əsgərovu xatırlayıb: "Heyif olsun ki, həyat yoldaşımı canlandıran İlham Əsgərov aramızda yoxdur. Onun ruhu şad olsun, kiçik də olsa bizə ata obrazı yadigar qaldı".

Filmdə ana obrazını canlandıran Həmidə Ömərova ekran əsərinin məhəbbət mövzusunda olduğunu vurğulayıb: "Burada məhəbbət ön plana çəkilir. Amma bu məhəbbətin əsas qayəsi övladdır. Bütün analar övladlarının yolunda canını verməyə hazırdır. Filmi izləyərkən bunun şahidi olacaqsınız".

“Zaman adlı qatar” filmində obrazları xalq artisti Həmidə Ömərova, rəqqasə Oksana Rəsulova, aktyorlar Vüsal Murtuzəliyev, Ayan Babayeva, Ayaz Salayev, Murad Məmmədov, Könül Nağıyeva, əməkdar artist Suğra Bağırzadə və xalq artisti İlham Əsgərov canlandırıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər