5 Yanvar 2021 13:26
3 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hamınız, hər şeydən xəbərdar olan bu sistem – nəyin doğru, nəyin yalnış olduğuna siz qərar verirsiniz. Eynən nəyin gülməli, nəyin gülməli olmadığına qərar verdiyiniz kimi. Bu günlərdə hər kəs pisdir. Bir insanın dəli olmağına kifayət edəcək qədər həm də...”.

“Joker” uğursuz bir komediya aktyoru olan Artur Flekin dramatik həyatına diqqət çəkir. Cəmiyyət tərəfindən təcrid edilən Artur həyatda kimsəsi olmayan zavallı bir insandır. Buna baxmayaraq, insanlarla davamlı əlaqə qurmağa çalışan Artur həyatına üzünə taxdığı “iki maska” ilə davam edir.

Artur gündüzlər dolanışıq üçün kloun maskası taxır, gecə isə üzünə heç vaxt silə bilməyəcəyi bir “maska” çəkir. Atasız böyüyən Arturu ən yaxşı dostu olan anası “Happy” (“Xoşbəxt”) adlandırır. Bu ləqəb Artura daxili ağrılarını gizlətməyə kömək edir. Ancaq məruz qaldığı zülm getdikcə aqressiv və cəmiyyətin ziddinə gedən bir insana çevrilməsinə səbəb olur. Psixoloji cəhətdən tamam sarsılmış Artur tezliklə Qotham şəhərində özünü cinayət və xaosun içində tapır. Artur zamanla öz kimliyindən uzaqlaşır və Joker xarakterini alır.

Teleqraf.com amerikalı aktyor Xoakin Feniks və baş rolunu oynadığı “Joker” filmi haqda məlumatları təqdim edir.

Yəqin ki, üzünün ən bənzərsiz xüsusiyyətlərindən olan dodağındakı çapıq izini izləyənlər görüb. Bu, iddiaların əksinə olaraq qəza, əməliyyat və ya xəstəlikdən qaynaqlanmır, əslində Xoakin anadan olanda çapıq orada idi.

Xoakin Feniks 1974-cü il oktyabrın 28-də Puerto Rikoda doğulub. Xoakin o dövrdə tez-tez Mərkəzi və Cənubi Amerika ölkələrinə səyahət edən və üç il San Xuanda yaşayan bir sənətkar ailəsinin beş uşağının üçüncüsü idi.

Amerikalı aktyor karyerası boyunca 30-dan çox filmdə rol alıb. Aktyorluq karyerasına 1986-cı ildə - 12 yaşında başlayıb. O gündən bəri “Kosmik düşərgə” (“Space Camp”), “Qladiator”, “O” (“Her”), “Xətti keçmək” (“Walk the Line”) və digər məşhur filmlərdə rol alıb.

Xoakin ailəsi də veqan idi, buna görə də bu həyat tərzini erkən yaşlarında qəbul edib. Hazırda heyvan haqlarını qoruyan təşkilatlarla işləyir və heyvanlardan sui-istifadə halları barədə məlumatlılığı artırmaq üçün maarifləndirici roliklərdə rol alır.

“Joker”in gülüşü

Filmdə canlandırdığı Joker xarakterinin gülüşünü yaratmaq səyləri 4 ay çəkib. Qəhrəmanın təbəssümü epilepsiyadan qaynaqlandığı üçün qorxu və iztirabla doludur.

Feniks bu bənzərsiz təbəssümü mükəmməlləşdirmək üçün bu xəstəliyi olan insanları aylarla araşdırıb.

Karyerasını bitirmək istədi, amma...

2008-ci ildə təqaüdə çıxacağını açıqladı. “İki sevgili” filmində (“Two Lovers”) rol aldıqdan və üç dəfə “Akademiya” mükafatına namizəd göstərildikdən sonra hip-hop musiqiçisi kimi sənətinin yeni bir tərəfini inkişaf etdirmək üçün karyerasını bitirəcəyini söylədi.

Amma bu, sonra təkzib olundu və bir sənədli sənədli film (“I'm Still Here”) üzərində çalışdığı bildirildi.

“Yarpaq”

Altı yaşında ikən özünə “Leaf” (“Yarpaq”) adını verdi. Xoakinin bütün qardaş və bacılarının adları təbiətlə əlaqəlidir: River (Çay), Liberty (Azadlıq), Rain (Yağış) və Summer (Yay).

Buna görə də altı yaşına gələndə adını “Leaf” olaraq dəyişdirmək istəmişdi. Bu istəyi 16 yaşına qədər davam etdi, lakin sonra yenidən öz adına qayıtmaq qərarına gəldi.

Yanğınsöndürən

Bir rola hazırlaşmaq üçün bir ay yanğınsöndürən kimi çalışdı. “Komanda 49: Yanğın nərdivanı” (“Ladder 49”) filmində ailəsini xilas etmək üçün nəhəng alovla qarşılaşmalı olan bir xilasedici obrazına həyata verdi.

Bu xarakteri canlandırmaq üçün apardığı araşdırmalar çərçivəsində bir ay əsl yanğınsöndürən kimi işlədi.

Yüksək dozada narkotik

Ailə üzvləri arasında aktyorluğa ilk başlayan və gənc yaşlarında yüksək dozada narkotik qəbul edərək həyatını itirən River Feniks idi. O, “Stand by Me” filmindər rol almışdı, “Running on Empty” filmi üçün isə namizəd göstərilmişdi.

Xoakin Feniks isə Riz Uizerspunla rol aldığı “Walk the Line” filmində Coni Keş obrazını canlandırdı. Film üçün hazırlanmış albom da “Ən yaxşı film musiqisi” kateqoriyasında “Qremmi” mükafatını aldı.

Üç dəfə namizəd göstərildiyi mükafat

Üç dəfə “Akademiya” makafatlarına namizəd göstərilib. 2000-ci ildə “Qladiator” filmi üçün “Ən yaxşı dublyor”, 2005-ci ildə “Walk the Line” filmi üçün “Ən yaxşı aktyor” və 2012-ci ildə eyni kateqoriyada “Usta” (“The Master”) filmində İkinci Dünya Müharibəsi qazisi rolu üçün namizədliyi var.

İlk filmi

Xoakin Feniksin 12 yaşında çəkildiyi ilk film “Space Camp”dır. Filmdə 10 yaşında bir uşaq olan Maksın dostları ilə birlikdə astronavt olmaq üçün təlim verilən bir yay düşərgəsinə daxil olmasından bəhs edir.

Tərəvəzlərin üstünlüyü

2017-ci ildə çəkilən “Sağlamlıq nədir?” adlı (“What The Health”) sənədli filminin quruluşçu-rejissorudur.

Sənədli film bitki mənşəli pəhrizin təşviq edilməsini və tərəvəzlərin ətdən üstünlüyünü göstərməyi hədəfləyir.

Foto yox, söhbət

Pərəstişkarları ilə şəkil çəkməkdənsə söhbət etməyə üstünlük verir. O, müsahibələrindən birində pərəstişkarları ilə şəkil çəkdirməyi sevmədiyini açıqladı.

Daha doğrusu, sadəcə şəkil çəkdirməkdənsə, onlarla söhbət etməyi və onlarla vaxt keçirməyi üstün tutur.

“Joker”

İndiyə qədər “Joker” filminin bir çox fərqli versiyasını izləmişik. Cizgi fimlərindən tutmuş, böyük ekranlara qədər bir çox məşhur sima Joker obrazına həyat verib. Bunların ən yaddaqalanları, şübhəsiz ki, Cek Nikolson və Hit Ledcerin canlandırdığı jokerlər idi.

Bununla birlikdə, Xoakin Feniks bu xarakteri son “Joker” filmində çox fərqli bir nöqtəyə aparır. 2019-cu ildə ekranlara çıxan film qısa müddətdə böyük uğura imza atdı. Filmi bütün dünyada milyonlarla insan izlədi, hələ də izləyir.

“Joker” filmi cinayət və cinayətkara (Artur Flek) haqq qazandırdığı iddiası ilə tənqidlərə məruz qalmışdı. Amma film ilk həftəsində 234 milyon dollar gəlir əldə etmişdi.

Ölüm pəhrizi

Joker obrazının fiziki cəhətdən cılız və xəstə xarakterinə uyğunlaşmalı olan Xoakin Feniks film üçün ciddi bir pəhrizə girdi.

“The Master” filmində də arıqlamağa kömək edən dietoloqlarla işləyən aktyor Joker obrazına həyat vermək üçün 23 kilo arıqlamağı bacardı. Məşhur aktyor çəkilişlərdən sonra itirdiyi çəkinin bir hissəsini bərpa etdi.

Jokerin yeni ruhu

Feniksə görə, yaratdığı Joker obrazı tamamilə öz yaradıcılığının məhsuludur və bu rol keçmiş jokerlərdən oğurlanmayıb.

Feniks Venesiya Film Festivalında da bu barədə açıqlama vermişdi: “Bu, bizim yaradıcılığımız kimi hiss olunan bir şey idi və mənim üçün həqiqətən vacib idi”.

Yaxşı oxunmuş dərs

O, Jokeri daha yaxşı canlandırmaq üçün səssiz kino aktyorlarını izləyib və onlardan ilham alıb.

Tənqidçilərə görə, Xoakin Feniksin Jokeri heç kim tərəfindən tənqid olunmur. Bunun səbəbi dərsini yaxşı oxumasıdır.

Jokerlə bütövləşən və səhv etməyə dözməyən Feniks Jokeri mükəmməl şəkildə yaratmaq üçün Baster Kiton və Rey Boldcer kimi ustaların səssiz filmlərini izləyib və onların hərəkətləri üzərində çalışıb.

Öldürən zarafat

“Joker” filmi əslində uğursuz bir komediyaçıdan bəhs edən “Batman: Öldürən zarafat” komiksinə əsaslanır. “Joker” filminin əsasını təşkil edən əsər Alan Mur tərəfindən yazılıb və ilk dəfə 1988-ci ildə nəşr edilib. Əsərin xarakterlərinin təsvirləri isə Barayan Bolland tərəfindən ərsəyə gətirilib.

“Joker”ə ilham olan başqa bir səssiz film: “Gülən adam”

“Gülən adam” (“The Man Who Laughs”) adlanan və “Joker” filminin əsasını təşkil edən bu ekran əsəri 1928-ci ildən bəri Amerikanın səssiz romantik dram filmi kimi tanınır.

“DC Comics”də (ABŞ-ın ən məşhur komiks nəşriyyatı) Batman və Jokerin ilk görünüşü ilə əlaqəli eyniadlı başqa bir komiks də var, bu, Batman və Jokerin ortaya çıxmasından bəhs edir.

Sadə, amma ürküdücü

Jokerin kloun makiyajı qəsdən dəyişdirilməyib. Joker bir az ürküdücü olsa da, rahat və sadə bir kloun makiyajına malikdir.

Filmin qrim ustasına görə, Jokerin makiyajını nə qədər sadə və xam saxlasanız, xarakter o qədər gərgin və dərin olacaq.

Səhnədə peşəkarlıq

“Joker” filminin ssenarisi çəkilişdən əvvəlki günlərdə dəfələrlə dəyişdirilib, buna görə səhnələrin çoxu çəkiliş vaxtı improvizə edilib. Beləliklə, obrazları yaratmaq və onlarla dialoqa girmək işi aktyorların öz peşəkarlıqlarına qalmışdı.

Ağrılı gülüş

Tez-tez sual olunurdu ki, niyə Joker gülməli olmayan şeylərə bu qədər ağrılı gülürdü?

“Joker”in rejissoru Todd Fillips filmi çəkməkdən əvvəl Xoakin Feniksə Jokerin gülüşünü ağrılı bir şey kimi gördüyünü söyləmişdi. Nəticədə, Feniks bir çox fərqli təbəssüm üzərində çalışdı, əldə etdiyi bütün nəticələrə rejissora təqdim etdi.

De Niro ilə danışmamaq

Əslində Robert De Niro Joker xarakterini canlandıran Feniksin ən sevdiyi aktyorlardan biridir. Buna baxmayaraq, çəkiliş vaxtı bir-birilə çox az dialoq qurmuşdular. Bunun səbəblərindən biri də hər ikisinin fərqli üslublara və iş anlayışlarına sahib olmasıdır.

“Joker”in çəkilişləri boyunca artan gərginlik anları da var idi. De Nironun iş anlayışı bu gərginliyin əsas səbəbidir.

De Niroya görə, aktyorlar səhnəyə çıxmadan əvvəl öz rollarını oxumalı və əzbərləməlidir. Feniks isə bunun əksini düşünür və oxumaq istəmirdi. Xoşbəxtlikdən hər ikisi peşəkardır və danışmadan da dil tapa bilirdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər