15 Fevral 2021 21:12
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar Misirin qədim Abidos şəhərində 5 min il əvvəl kütləvi pivə istehsal edilən məkanı aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, məlumatı bu ölkənin Turizm və Qədim Abidələr Nazirliyi yayıb.

Misirin Sohaq vilayətinin ərazisində tapılan bu məkanın eramızdan əvvəl 3100-cü ildə hökmranlıq etmiş firon Narmerin dövrünə aid olduğu bildirilir. Ərazidə qazıntılar aparan Amerika-Misir birgə arxeoloji ekspedisiyasının rəhbəri, professor Metyu Edams jurnalistlərə müsahibəsində deyib ki, Qədim Misirin erkən fironlar dövründə pivə firon ailəsi üzvlərinin dəfn mərasimində içilirdi. İyirmi iki min litr pivə istehsal edilən bu məkanda arpa dənələrini əzmək və qarışdırmaq üçün alətlər, habelə su kəməri olub.

Bu qiymətli tapıntını postpandemiya dövründə ölkəyə gələcək əcnəbi turistlərin ziyarət məkanına çevirəcəyini bəyan edən Turizm və Qədim Abidələr Nazirliyi qeyd edib ki, tapılmış məkan haqqında hazırlanan videoçarx da geniş yayılacaq.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Misirə gələn əcnəbi turistlərin sayı 2019-cu ildəki 13 milyon nəfərdən 3 milyonadək azalıb.


Müəllif: Teleqraf.com