“İçəri girənlər, kənarda qoyun bütün ümidləri”.
Dante “İlahi komediya”sında bu sözlərin cəhənnəmin qapısında yazıldığını deyir.
Dante 14 233 misradan ibarət “İlahi komediya”nı 1320-ci ildə yazıb. Bu əsəri o gündən bəri dünyada bir çox rəssam, şair, yazıçı və heykəltəraşın ilham mənbəyi olub. Bottiçelli, Bleyk, Delakrua və Dali bu təsvirləri öz rəsmlərinə, Rodin heykəllərinə köçürüb.
Dante əsərində “yeddi ağır günah”a uyğun olaraq, cəhənnəmi yeddi qatlı təsvir edir. Əsər müəllifin cəhənnəmə səyahəti ilə başlayır. Bundan sonra qədim Roma şairi Vergilinin bələdçiliyi ilə Ərafa, daha sonra isə aşiq olduğu, amma erkən yaşlarında vəfat edən Beatrislə cənnətə gedir.
Şeytanın ağzındakılar
Əsərdə Cəhənnəm, Əraf və Cənnəti təsvir edən Dante xristianlıqla yanaşı, antik yunan və roma miflərindən də təsirlənib. Real dünya tarixi teologiya ilə iç-içədir. Şeytanın üç ağzı var; birində İsaya xəyanət edən Yəhuda, digərlərində isə Sezara xəyanət edən Brut və Kassi var. Əslində, tarix, mif və müqəddəs kitablara bu göndərmələri ilə Dante dövrünün siyasi olaylarına şərhlər verir və başına gələnlərin qisasını alır. Məsələn, o, papaya hərbi yardım edərək Roma İmperiyasını sarsıtmağa çalışan və onu Florensiyadan sürgün edən Fransa kralını hədəfə alır.
Onun pizalılar üçün diləyi “Orada yaşayanlar sularda boğul”dur, genuyalılara isə belə səslənir: “Ey genualılar, şər və azğın insanlar, Hələ nə edirsiniz yer üzündə?”.
Dante günahkarlara verdiyi cəzalarda da çox yaradıcıdır. Rüşvətxor siyasətçiləri “yapışqan qatran qaynayan çuxurlara” doldurur. Piza qrafı Uqolino onu həbs edən və uşaqlarını ac qoymuş arxiyepiskop Rudcierinin boynunu əbədiyyətə qədər gəmirir.
Kəsişmə nöqtəsi
Dante İncildəki boşluqları özünəməxsus şəkildə doldurur, bununla da İntibah və klassik fəlsəfəyə dönüşü təmin edir. Dantenin cəhənnəmə baxışı Aristotelin həyatda ən vacib şeyin ağıl olması fikrindən irəli gəlir və bu fikir sonradan protestantlığa uyğunlaşdırılaraq fərdin şüurunun qurtuluş yolu olduğu fikrinə ilham verib.
Cəhənnəmin hər qatı və bunlara uyğun gələn “yeddi ağır günah” əslində şüura şüurlu hücumun nəticəsində ortaya çıxır.
Dante Roma katolik kilsəsinin pul müqabilində insanların günahlarının bağışlandığını göstərən sənədləri satmasını tənqid edir və öz əsərində bunu edən yepiskopları cəhənnəmə göndərir.
“İlahi komediya” Avropa tarixinin sütunlarından biridir. Bu əsər ədəbi-dini ifadələri, paqanizm və xristianlığı, keçmişlə gələcək müasir dünyanın DNT-sını bir araya gətirir. Müəllifinin həyatı da əsəri qədər maraqlıdır.
Algieri Dante
Qərb ədəbiyyatının ustadları arasında yer alan Algieri Dante təkcə ədəbiyyat nəzəriyyəçisi deyildi, həm də əxlaq fəlsəfəsi və siyasi mütəfəkkir kimi tarixin yaddaşında qalıb.
Dantenin “İlahi komediya”sı dünya klassik ədəbiyyatının şah əsərlərindən biridir. Müəllif bu əsərində ölümündən sonra axirətə səyahətini təsvir edir. Hər birinə “Cəhənnəm”, “Əraf” və “Cənnət” adını verdiyi üç fəsildən ibarətdir. Dünya klassik ədəbiyyatının ən mühüm əsərlərindən biri olan “İlahi komediya” müasir italyan dilinin kökünü təşkil edir.
Nifrət edilən ata
Algieri Dante 1265-ci il iyunun 1-də İtaliyanın Florensiya şəhərində anadan olub. Əsl adı Durantedir. Dante soyadını ulu babasının arvadından götürüb. O, köklü və aristokrat ailədəndir. Amma zaman keçdikcə maddi problemlər yaranmağa başlayır və onlar yoxsullaşırlar. Buna görə də, aristokratik kimliyini itirir. Atası II Aligiori haqda çox məlumat yoxdur. İşi və peşəsi dəqiq bilinməsə də, onun notariatçı, sələmçi və ya hakim ola biləcəyi ilə bağlı iddia var. Atası haqda məlum olan yeganə real məlumat onun dövrün Qvelfo partiyasının üzvü olmasıdır.
O zaman şəhərin idarəsi Gibellinoların əlindəydi. Gibellinolar Qvelfoları sürgün edərək şəhərdən qovmuşdu. Həmin vaxt Dantenin atası Aligiori Qvelfoların tərəfindəydi və Dante doğulanda Florensiyada yaşayırdı, baxmayaraq ki, Florensiya şəhəri Gibellinolarda idi. Buna görə o, “İlahi Komediya”da ayrılıqların əsas səbəbkarının feodal quruluşu və onun əyanları olduğunu yazır. Öldüyü günə qədər bu şəhərə bağlı qaldı.
Dante atasına qarşı olduqca soyuq və uzaq idi. Atasının pis adam kimi tanınması və xarakterinin qaranlıq olması səbəbindən onu çox da sevməyib. Anası Bellanı isə çox gənc yaşlarında itirib. O, heç vaxt əsərlərində atasına yer verməyib. Daha çox cəngavər olan babası Kaççaquidadan bəhs edib. Ailəsinin zadəgan və nəslinin Romadan olması ilə daim öyünüb.
Dante on səkkiz yaşına çatanda atası ölür. Bundan sonra o, ögey anası Mona Lapa və iki ögey qardaşı və böyük bacısı ilə yaşamalı olur.
İlk sətirlər
Algieri Dantenin təhsili ilə bağlı çox məlumat yoxdur. Bu səbəbdən də müəllifin özünü yetişdirdiyi güman edilir. Dantenin ibtidai təhsilini Santa-Kroup seminariyasında aldığı məlumdur. Dövrün şərtləri və ya özünün istəyi ilə məktəbə davam etməsə də, könüllü olaraq oxuyub, yazıb, araşdırıb və düşünüb. Öyrənməyə böyük həvəsi vardı, yorulmadan yeni bilgilər axtarışında idi.
O, nəinki dünya klassikasında özünə yer etmiş latın və yunan əsərlərini oxudu, həm də dövrün italyan şairlərinin əsərlərini də əldən keçirmişdi. Mütaliəsini günbəgün artırdıqca, zaman keçdikcə yazmağa ehtiyac duymağa başladı. Yaradıcılıqla yanaşı, rəssamlıq, astronomiya və fəlsəfə kimi sahələrdə özünü sınadı. Dante dövrünün mühüm simalarının qatıldığı görüşləri əsla qaçırmırdı. Bunun sayəsində önəmli şəxslərlə dostluq əlaqələri qurmuşdu. Bu yolla tanış olduğu yaxın dostu Florensiyalı Qvido Kavalkanti də onlardan biri idi.
Başqa bir misal Brunetto Latinidir. Şəhər rəhbərliyini yaxşı tanıyan, ən əsası italyan dilində fəlsəfi mətnlər və şeirlər yazan Latini Dante üçün müsbət örnək olub. Ədəbiyyat və incəsənətin müəllifi “ölməz”ə çevirdiyini ondan öyrənib. Gənc yaşlarında qrammatika araşdırmaları ilə latın müəllif və şairlərini tanıma fürsəti tapan Dante müxtəlif ədəbi cərəyanlar dövründə Florensiyanın mədəni mühitinin təsiri ilə ilk şeirlərini yazmağa başlayıb.
Beatris – ölümsüz qadın
“Dante” deyəndə onunla yanaşı, ağla gələn ilk ad dərin məhəbbətlə bağlı olduğu Beatrisdir. Dantenin keçmiş həyatı, uşaqlığı və gəncliyi haqda məlumatlar məhdud olsa da, onun özündən bir yaş kiçik Beatrisə doqquz yaşında ikən aşiq olduğu məlumdur. Onlar ilk dəfə qonşularının evində keçirilən böyük əyləncə gecəsində tanış olublar. Beatrisin atası florensiyalı cəngavər Folko di Rikoverodur.
Beatrisi ilk görəndə ona dərin bir bağ və sevgi ilə aşiq olur. İllər sonra ikinci dəfə aşiq olduğu Beatrislə qarşılaşır. Onda Dante on səkkiz yaşındaydı. İkinci qarşılaşmadan sonra Dantenin aşiq olduğu qadına olan bağlılığı daha da artdı. Beatrisə olan sədaqəti və sevgisi onun həyatına böyük təsir göstərib. Dantenin yaradıcılıq və poeziyaya baxışı bu sevgi ilə tamam başqa bir mərtəbəyə yüksəlib. Dünya tarixində iz qoymuş və günümüzə çatan “İlahi komediya”nın mükəmməlliyinin arxasında Beatrisin dayandığı danılmaz faktdır.
Dante öz məhəbbətini öz içində yaşamış, bu barədə Beatrisə heç vaxt danışmamışdı. Beatris isə florensiyalı cəngavərlə evləndi. Evləndikdən cəmi iki il sonra, iyirmi dörd yaşında vəfat etdi. Sevdiyi qadının ölüm xəbərini alan Dante yaradıcılığa daha da sıx bağlanır. Az qala özünü tamamilə ədəbiyyata həsr edir. Sevdiyi qadının gözlənilməz və erkən ölümü Dante üçün ağrılı illərin başlanğıcı olur. Beatrisin ölümü ilə Dante onu “ölümsüz”ə çevirir. Əsərlərində Beatrisə insani keyfiyyətlərdən çox ruhani görünüşlə həyat verir.
Donatilərin qızı
Dante cəmi on iki yaşı olanda ailə ağsaqqalları onunla Gemma di Manetto Donatini nişanlamışdılar. Ailəsinin təzyiqi ilə 1295-ci ildə - Beatrisin ölümündən üç il əvvəl Florensiyanın tanınmış ailəsi Donatilərin qızı Gemma ilə evlənir. Dantenin Gemma ilə evliliyindən Pietro, Yakapo və Covanni adlı üç oğlan və Antonia və Beatris adlı iki qız övladı dünyaya gəlir. Onun Gemma ilə xoşbəxt və sakit evliliyi olmayıb. Amma Dante evliliyin müqəddəs olduğuna inanırdı. Əsərlərində Gemma ilə münasibətindən heç vaxt bəhs etməyib. Sürgün başlayandan sonra onu heç vaxt görməyib.
Ağlar və qaralar
Dövrün Florensiyada iki nüfuzlu partiya vardı: Gibellinolar və Qvelfolar. Gibellinolar dövrün İmperatoru tərəfindən şəxsən dəstəklənirdi. İmperator aristokratiyanı müdafiə edirdi. Qvelfolar isə papa tərəfindən dəstəklənirdi. Zaman keçdikcə Qvelfolar “qaralar” və “ağlar” olmaqla iki yerə ayrıldı. Bu, Qvelfoların ikiyə bölünməsinə səbəb oldu. “Ağlar”ın başında Cerci ailəsi dayanırdı. Onu Popolo Qraso kimi tanınan varlı və burjua təbəqəsi dəstəkləyirdi. Onlar yenilikçi olmaqla yanaşı, papadan və papalıq düzənindən uzaq durmağa üstünlük verirdilər.
“Qaralar”ın başında Donati ailəsi dayanırdı. Bəzi aristokrat ailələr və sənətkarlıqla məşğul olan və fəhlə sinfi kimi aşağı gəlirli zümrələr tərəfindən dəstəklənirdi. “Qaralar” “ağlar”la müqayisədə daha fanatik idilər.
Siyasət və müharibə
Dante iyirmi dörd yaşında - 1289-cu ildə Qvelfo cəngavərləri ilə birlikdə Kampaldino savaşında Arezzoya qarşı döyüşmüşdü. Həyat yoldaşı Gemma Donati “qaralar”ın başında dayanan ailədən olsa da, özü “ağlar”ın sırasında yer almışdı. Dövlət işləri və idarəçilikdə yer almaq istəyən Dante həkimlər və əczaçılar palatasına adını yazdırmışdı. Bunun səbəbi o idi ki, dövrün qanunlarına görə, zadəganlar dövlət işlərinə girmək üçün əvvəlcə peşə palatasında qeydiyyatdan keçməli idilər. Beləliklə, Dantenin siyasi fəaliyyəti başladı.
Papa bu dövrdə Florensiyanın daxili işlərinə qarışmağa və “ağlar”a qarşı “qaralar”a dəstək verməyə başladı. Papanın bu addımı Florensiyanın nüfuzlu ailələrini, xüsusən də hər fürsətdə etiraz etdiyi “ağlar”ı narahat edirdi. Dante 1300-cü ildə iki aylıq Florensiya hökumətinin başında dayandığı altı nəfərdən ibarət şuraya seçildi.
Papa “ağlar”ın Florensiya üzərindəki üstünlüyünə son qoymaq üçün hərəkətə keçdi. Bu məqsədlə Fransa kralının qardaşı Şarl de Valuanı Florensiyaya gəlməyə razı salmağa müvəffəq oldu. Florensiya rəhbərliyi bundan xəbər tutanda papanın qərarından döndərmək üçün Dantenin də daxil olduğu şuranı Romaya – papanın yanında göndərdi. Şarl de Valua Romaya gələn nümayəndə heyətinin başını qataraq 1301-ci ildə özü ilə gətirdiyi süvarilərlə Florensiyaya girdi. Onda şəhər hakimiyyəti “ağlar”ın əlindəydi. “Qaralar”ın böyük əksəriyyəti sürgün edilmişdi. Şarl de Valua “qaralar”ı öz tərəfinə çəkdi və “ağlar”ı şəhərdən qovdu. “Ağlar”ın əmlakları müsadirə olundu, bəziləri isə ölümə məhkum edildi. Qalanları da sürgünə göndərildi.
Dante heç vaxt papanı sevməmişdi. Dante “ağlar”a qarşı üsyanda öz payını aldı - 1302-ci ildə iki illik Florensiyadan sürgün edildi. Bu qərarla həm də Dantenin bir daha dövlət işlərinə qarışmayacağına da qərar verildi. Qərara alındı ki, şəhərdə Florensiya əsgərləri tərəfindən tutulsa, dərhal edam edilsin.
Sürgün – yolun sonu
Dante məhkəmənin qərarından xəbər tutanda Florensiyada deyildi. Bu qərara görə Florensiyaya qayıda bilmədi. “Ağlar” yenidən Florensiyada hakimiyyəti ələ keçirmək üçün bir sıra cəhdlər etdilər. Amma bu cəhdlərin hamısı məyusluqla nəticələndi. Dante baş verənlərdən sonra ətrafındakı insanlara güvənməməyə başladı. Dərin kədər içində olduğu bu dövrdə “İlahi komediya”nı yazdı. Əvvəlcə Veroneyə, daha sonra Padovaya getdi. Bəzi rəvayətlərə görə, Parisdə də olub. Parisdə fəlsəfə və ilahiyyat üzrə təhsil alıb. Az ehtimala görə, Parisdən sonra Oksforda gedib. Bu ehtimal kifayət qədər aşağı olduğundan, bugünkü tarixçilər bunu təkzib edirlər.
Dante 1311-ci ildə o vaxt Kasentinoda olan və İtaliyanı işğal etməyə başlayan kral Henriyə məktub yazaraq, onu Florensiyaya müharibə elan etməməsi barədə xəbərdarlıq etmişdi. Kral Henrinin İtaliyanı işğal etməsi bir çox şəhərlərdə böyük qəzəblə qarşılandı. Florensiyadakı bir çox şəhər birləşərək, birlikdə müqavimət göstərmək üçün aralarındakı problemləri bir müddətlik kənara qoydular. Belə bir dövrdə Florensiya sürgünda olan “ağlar”ı yenidən xatırladı. Amma Dante bu amnistiyadan faydalananlar arasında olmadı. Səbəbinin böyük ehtimalla Kral Henriyə yazdığı məktubla bağlı olduğu təxmin edilir.
Kral 1315-ci il avqustun 24-də öldü. Beləliklə, Dante Florensiyaya qayıtmaq ümidini tamamilə itirdi. Bir müddət Lukada qalan Dante daha sonra Veronaya qayıtdı. Ravenna şahzadəsi Qvido Novellodanın dəvəti ilə Veronadan başqa bir şəhərə - Ravennaya getdi. Qısa səfərləri bir yana, ömrünün çox hissəsini burada keçirib. 1321-ci ildə əlli altı yaşında burada vəfat edib. Dantenin ölümünün dəqiq səbəbi bilinməsə də, bəzi mənbələrə görə, bu səbəb malyariyadır.
Dahi şair San-Per Macor kilsəsində dəfn olunub.