8 May 18:32
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında yoxlama aparılıb, bəzi məhsulların satışına məhdudiyyət qoyulub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bazarda süd məhsullarının saxlanılması üçün kifayət qədər soyuducularla təmin edilmədiyi, satışı həyata keçirilən ət və ət məhsullarının, süd və turşu məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərin yoxluğu, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimsiz fəaliyyət göstərdiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazar daxilində açıq şəkildə satışı həyata keçirilən süd və turşu məhsulları, o cümlədən ət və ət məhsullarının satışı sahələrində fəaliyyətin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.

Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli və xüsusi geyimlə təmin edilməlidir.

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən sərt tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com