15 May 2014 10:44
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Əbdül: “Vəhhabilər İslamın başını bıçaqla, nurçular pambıqla kəsir”

“Mütəllibovla münasibətlərimiz o Moskvada olanda soyudu”

Tövbə Cəmiyyətinin sədri, sabiq deputat, vaxtilə Ayaz Mütəllibovun əsas dəstəkçisi olan Hacı Əbdül Əbdülov “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb. Müsahibimiz, əsasən, vəhhabilərdən və nurçulardan danışıb, bu təriqətlərin ölkə üçün təhlükəli olduğunu bəyan edib. Bundan başqa, Hacı Əbdül müxalifətdən, özünün partiya yaratmaq planları, 2015-ci il seçkilərində namizədliyini irəli sürəcəyindən və digər məsələlər haqqında fikirlərini açıqlayıb.

- Hacı, neçə müddətdir mətbuatda görünmürsünüz, Sizdən xəbər yoxdur. Buna səbəb nədir?
- Başımız bir qədər qarışıqdır, məsciddə təmir işləri aparırıq. Buna görə də bir müddət mətbuatda görünməmişik.

- Bəs, ölkənin ictimai-siyasi vəziyyəti ilə maraqlanırsınızmı?
- Sözsüz ki, maraqlanırıq. Bunsuz yaşamaq mümkün deyil.

- Son zamanlar ictimai-siyasi proseslərdə Sizin diqqətinizi çəkən məsələlər varmı?
- Son zamanlar görünən budur ki, mənim 15-20 il əvvəl dediyim sözləri indi yavaş-yavaş həyata keçirirlər. Əgər xatırlayırsınızsa, 15 il əvvəl deyirdim ki, bu vəhhabilərin qarşısını almaq lazımdır, bunlar ölkəmiz və dövlətimiz üçün təhlükə olacaq, bizə problemlər yaradacaq. O zaman mənim bu sözlərimə fikir vermirdilər. Hətta biz bu haqda kitab yazdıq, amma reaksiya olmadı. Biz də sonradan xalq hərəkatı yaratdıq. Bizim öz içimizdə bəzi qurumlar, məzhəblər var ki, öz daxilimizdə parçalanma yaradırlar, dövlətçiliyimiz üçün açıq təxribatçı hərəkətlər etmək istəyirlər. Onlardan biri də nurçular idi. İndi bunlar dövlətə qarşı təxribat edirdilər. Bir daha vurğulayım ki, mən bu məsələlər haqqında illər öncə danışmışam və diqqəti bu problemlərə çəkmişəm.

- Vəhhabilərlə bağlı nə problem var, onlar nə mənada təhlükə ola bilərlər?
- Hesab edirəm ki, bizdə vəhhabi məsələsi o zaman ciddi oldu ki, dövlət bunun təhlükəli olduğunu hiss etdi, bu istiqamətdən təhlükə gələ biləcəyini gördü. Amma buna qədər vəhhabi təriqəti dinimizə, xalqımıza toxunurdu. Bu məsələyə o zaman Qafqaz Müsəlmanları Ruhani İdarəsi və dövlət maraq göstərmirdi. Bu da vəhhabi təriqətinə imkan verirdi ki, güclənsin, tərəfdarlarını çoxaltsın. Elə ki vəhhabilər dövlətçiliyimiz üçün təhlükə yaratdı, bu zaman məsələ ilə məşğul olmağa başladılar. Yenə də gec deyil, şükür Allaha ki, bu məsələ ilə məşğul olurlar. Bu addımlar dəstəklənməlidir. Əlbəttə, bu halda bizim özümüzün, vətənimizin birliyi, dinimizin təmizliyi saxlanılar. Çox yaxşı ki, bu məsələnin üzərinə gedilir.

- Siz də bir zamanlar vəhhabilərlə bağlı araşdırmalar aparmısınız. Nəyə görə bu təriqətə meyl var, buna səbəb nədir?
- Mən bu haqda çoxdan danışırdım. Təklif edirdim ki, gəlin İslam qəzeti buraxın, ciddi təbliğat aparın. Amma bunu edən olmadı. Əlbəttə ki, İslami təbliğat yox idi. Bu gün də bizim kanallarımız İslamla bağlı təbliğat aparmır. Arada qəzetlər bu haqda yazırlar. Amma qəzeti hamı oxumur. Qəzetlərimizə və televiziya kanallarına baxsanız, görərsiniz ki, bunun gənclərimizin dinlərini öyrənməsi baxımından ciddi rolu yoxdur. Gənclərimiz din məsələsində geridə qalırlar. Eləcə də, xalqımız İslamın əsl üstünlüklərindən, islami maarifdən çox uzaqdır. Bir sözlə, bu gün gənclərimizə lazım olan islami maarifləndirmə aparılmır. Bu, bizə yad təriqət və məzhəblərin inkişafının qarşısını ala bilər. Ancaq biz görürük ki, namazın təbliği ilə bağlı nələrsə hazırlanır, dəstəmazın alınması, namazın qılınması ilə bağlı öyrədici materiallar olur. Qardaşım, islami maarif başqa şeydir.

- Nurçularla bağlı nə düşünürsünüz, bu təriqəti ölkəmizə kimlər gətirib, bunda məqsəd nədir?
- Bunların hamısı Amerika və Qərb ölkələrinin əməlləridir. Yəni vəhhabilər də, nurçular da, elə bizə yad olan bəzi cəmiyyətlər də onların əməlləridir. Məqsədləri isə budur ki, Azərbaycanda İslam zəif olsun, islami birlik olmasın. Buna görə də, onlar özlərinə lazım olan fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Əlbəttə ki, belə şeylərə yer olmamalıdır.

- Sizcə, nurçu təriqəti ölkəmizdə kök sala bilibmi?
- Bilirsinizmi, bunu aidiyyəti orqanlar daha konkret deyə bilər. İntəhası məsələ ondadır ki, vəhhabilər İslamın başını bıçaqla, nurçular isə mədəni formada pambıqla kəsirlər. Əslində isə məqsəd eyni olsa da, buna nail olmağın yolları bir qədər fərqlidir.

- Son zamanlar qadın və kişi cinsiyyət orqanının dəyişdirilməsinin İslamda normal olması haqda fikirlər yer alıb, mətbuat bu məsələni ciddi-ciddi müzakirə edib, din xadimləri fikirlərini açıqlayıb. Sizin bu məsələyə münasibətiniz necədir?
- Əstəğfurullah. Əlbəttə, bu islami baxımdan düz məsələlər deyil. İndi biz qərbə doğru gedir, Avropaya inteqrasiya olunuruq. Orada nə olursa, burada da olmalıdır? Odur ki, bu heç də düzgün məsələ deyil. Bu kimi halların qarşısını almaq lazımdır. Nə qədər gec deyil, dövlətimizin özü bu işlərlə məşğul olmalıdır. Ancaq bir tərəfdən də dövlət belə məsələlərə müdaxilə etməyə ehtiyat edir. Çünki bu zaman iddia edirlər ki, bəs Avropaya gedilən yola mane olursan. Amma buna baxmaq lazım deyil. Bir daha vurğulayıram ki, bu cür məsələlər İslamla ayaqlaşmır və buna ciddi yanaşmaq da lazım deyil. Biz müsəlmanıq və belə şeylər hər zaman bizə yad olub.

- Siz bir neçə ay əvvəl Vətən Naminə Xalq Hərəkatı İctimai Birliyi yaratdığınızı elan etmişdiniz. Bu qurumun taleyi necə oldu?
- Öncə deyim ki, fəaliyyətimizi dayandırmamışıq. Eləcə də, Vətən Naminə Xalq Hərəkatı fəaliyyətdədir. Əslində, məqsədimiz budur ki, hərəkatı partiyaya çevirək. Hazırda bu istiqamətdə işləyirik. Beləcə Vətən Naminə Xalq Hərəkatı Birliyi Partiyasını qurmaq haqda düşünürük. Bu saat işlər gedir.

- Partiyanın sədri Siz olacaqsınız?
- Mən bu haqda bir söz deyə bilmərəm. Sədri qurultay seçməlidir. Yəqin, qurultayda bu məsələ həll olunacaq.

- Sizin qərargahınız var, yoxsa məsciddə fəaliyyətinizi aparırsınız?
- Hərəkat üçün bir qərargah icarəyə götürmüşük və orada fəaliyyətimizi qururuq.

- Partiyanıza meyl edənlər varmı?
- İlkin mərhələ üçün pis deyil, normaldır. Belə baxanda, digərləri ilə müqayisədə narazı deyilik.

- Köhnə şəxslərdən partiya məsələsində sizin yanınızda olanlar varmı?
- Olanlar var.

- Partiya yaratmaqda əsas məqsədiniz nədir?
- Məqsədimiz qarşıdan gələn prezident seçkilərində də layiqli şəxsi seçməkdir.

- 2015-ci il parlament seçkilərində iştirak edəcəksinizmi?
- Bəli, iştirak etmək niyyətim var.

- Namizəd olacağınız dairəni müəyyən etmisinizmi?
- Bizim hər zaman bir dairəmiz olub - Yasamal rayonu. Bizim məscid də bu rayonun ərazisində yerləşir.

- Müxalifətçilərlə münasibətiniz hansı vəziyyətdədir?
- Bəziləri ilə yaxşı münasibətlərimiz var, bəziləri ilə münasibətlər əvvəlki vəziyyətdədir.

- Deyilənə görə, 1990-cı ildən bu yana sizinlə İsgəndər Həmidov düşməndir. Bu, nə dərəcədə doğru xəbərdir?
- Bizim İsgəndər Həmidovla heç vaxt pis münasibətlərimiz olmayıb. Heç əvvəllər də gərgin münasibət yaranmayıb. Sadəcə olaraq arada şeytanlar olub, ara qarışdırmaqla məşğul olublar.

- İndi Siz də partiya yaradırsınız, İsgəndər Həmidov da yenidən partiyanın rəhbərliyinə keçməyi planlaşdırır. Müttəfiqlik edəcəksinizmi?
- Bunu dəqiq deyə bilmərəm.

- Fransa prezidenti Azərbaycana səfər etdi. Ollandın müxalifətlə görüşünü necə qiymətləndirirsiniz?
- Ataların bir məsəli var: nə əldən qoyur, nə yardan doyur. Onlar hər tərəfə meyl edirlər. Burada təəccüblü heç nə yoxdur. Ancaq biz bilirik ki, Fransanın məqsədi Azərbaycan xalqı ilə yaxınlaşmaq deyil. Onlar xalqımızın vəziyyəti, problemləri ilə elə də maraqlanmağı düşünmürlər. Fransanın özünün dövləti marağı var və bura gələrkən də öz maraqları haqqında düşünürlər. Burada qeyri-adi bir şey yoxdur.

- Siz sabiq prezident Mütəllibovu canı-dildən müdafiə edirdiniz. Bir neçə gün əvvəl onun ad günü olub. Mütəllibovu təbrik etmisinizmi?
- Mütəllibovla münasibətlərimiz o, Moskvada olanda soyuq idi. Son günlər isə ad günü ilə əlaqədar onu təbrik etməmişik. Hazırda onunla əlaqələrimiz yoxdur.

- Siz vaxtilə Mütəllibovu müdafiə etsəniz də, heç vaxt deməyiblər ki, Hacı Əbdül Rusiyanın adamıdır. Amma həmişə deyiblər ki, Mütəllibov Rusiyaya bağlı şəxsdir...
- Mənim indiyə qədər Rusiya ilə əməkdaşlıq etməyim ağlıma gəlməyib. İndi də ağlıma gəlmir. Mənim onlarla əməkdaşlığım olmayıb. Ancaq indiki vəziyyətdə Avropadansa Rusiyaya meyl etmək daha yaxşıdır.

- Niyə?
- Söhbət xristianlıqdan getmir. Onsuz da ikisi də xristian ölkəsidir. Söhbət ondan gedir ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, gələcəkdə başqa dövlətin təhlükəsindən yayınmaq üçün rus dövləti ilə əməkdaşlıq qurmaq digər dövlətlərlə əməkdaşlıq qurmaqdan yaxşıdır. Onu da deyim ki, Ukraynada baş verənlər başqa söhbətdir. İndi Ukraynada baş verənlər 20 il əvvəl bizim başımıza gəlib. Biz bunu görmüşük, Dağlıq Qarabağ da o formada getdi. Sözüm odur ki, Azərbaycanı daha pis vəziyyətdə olmaması, torpaqlarımızı geri qaytarmaq, müstəqilliyimizin davamlı olması üçün Rusiya ilə yaxın münasibət qurmalıyıq.

- Bəs Türkiyə?
- Türkiyə bizim qardaşımızdır. Biz Türkiyədən heç vaxt pis münasibət görməmişik.

Nemət Hüseynli


Müəllif: