Teleqraf.com yazıçı Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edir.
– Elçin müəllim, “Qarabağnamələr” yazırdınız. Necə oldu?
– Roman üzərində işlər davam edir. Tarixi əsəri yazmaq çətindir.
– Çətinliyi nədədir?
– Çünki bilmədiyin və öyrənmək istədiyin pərdənin arxasını axtarırsan. Amma çalışıram. "Tarix qurtaranda fantaziya işə düşür" fikri ilə tam razıyam.
– İndi harda işləyirsiniz? Dolanışıq necədi?
– Yazıçılar Birliyində işləyirəm. Dolanışıq həminkidir. Heç zaman zığıldamıram. Layihələrə min bərəkət...
– Yay aylarını necə keçirirsiniz?
– Mən evdə oturan adam deyiləm. İş günləri yazıb-pozuram, istirahət günləri gəzirəm...
– Kitablarınız satılır?
– Öyünə bilmərəm. Çünki kitab satışı, öncələr də dediyim kimi, sıfır həddinə yaxınlaşır.
– “Ədəbiyyat qəzeti”də baş redaktorluqdan istefa verənə kimi AYB-nin əsas generallarından sayılırdınız. Bəs indi necədi? Yenə özünüzü Anar müəllimin əsgəri hesab edirsiniz?
– General olmaq istəməyən əsgərdən nəsə gözləməyə dəyməz. Xarakter baxımından generalam. Rafiq Tağı demiş, mağmın adamlardan xoşum gəlmir.
– “Ədəbiyyat qəzeti”ni oxuyursunuz? Azər Turan qəzeti necə çıxarır?
– Həmişəki kimi hərdən baxıram. Bəzi məqamlarda mənim yolumu davam etdirir.
– Əvvəl “Ulduz” jurnalının baş redaktoru olubsunuz. İndi redaktor Qulu Ağsəsidir. Bəs keçmiş müavininizin çıxardığı dərgi necə, xoşunuza gəlir? Qulu müəllim sizdən nəyi yaxşı öyrənib, nəyi öyrənə bilməyib?
– Redaktorluğu yaxşı mənimsəyib.
– Son günlər yazıçılarımız tənqidçiləri tənqid edilər. Cavanşir Yusiflini, Əsəd Cahangiri... Zaman-zaman bu tənqidçilər sizi də sərt şəkildə tənqid ediblər. Xüsusən, Cavanşir və Əsəd. Bəs siz tənqidçilərimizi hansı məqamlarda haqlı, hansıda ədalətsiz hesab edirsiniz?
– Tənqidçilər əziyyət çəkirlər.
– Sizin bir yazıçı kimi özünüz haqqında yüksək fikirdə olduğunuzu deyirlər. Bu fikirdə olanlara siz nə deyərdiniz?
– Özünüz haqqında yüksək fikirdə olun.
– Az yaşınız yoxdu. Keçdiyiniz ömür yoluna baxanda ən çox nə ilə qürur duyursunuz?
– Ailəm və dostlarımla.
– Uzun müddət “Ulduz” juranlında baş redaktor olmusunuz, bir müddət də “Ədəbiyyat qəzeti”ndə. Dövlət sizə ev də verib. Çoxlu mükafatlar da alıbsınız. Bəs bundan sonra nə istəyirsiniz?
– Yenə də ev və mükafat...
– Elçin müəllim, necə düşünürsünüz, yazdığınız əsərlər öz qiymətini alıb, yoxsa zamanı gözləyirsiniz?
– Zamanı gələndə deyəcəm.
Kəramət Böyükçöl