5 Noyabr 2015 12:06
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, qanunvericilik fəaliyyəti ilə məşğul olmaq lazımdır. Ancaq hazırda bilmirəm ki, parlamentin hansı komitəsinin tərkibində olacağam. Lakin bütün hallarda çalışacağam ki, qanunvericilik yaradıcılığı prosesində iştirak edim. Mütləq və mütləq qanunların yaranması və onun demokratik, hüquqi prinsiplərə uyğun olması üçün sözümü deyim, təcrübəmi bölüşüm. Yeri gəlmişkən, 1990-cı illərdə deputat olduğum vaxt elə bir qanun layihəsi olmurdu ki, onu nəzərdən keçirməyim, özümün təklif və düzəlişlərimi təklif etməyim. Şübhəsiz ki, eyni qaydada da fəaliyyətimi davam etdirəcəyəm”.

Bunu qəzetimizə müsahibəsində 1 noyabr seçkilərində deputat mandatı qazanan Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Müsahibəni təqdim edirik:

- Tahir bəy, uzun illərdən sonra yenidən parlamentə seçildiniz. Təəssüratlarınız necədir?
- Həqiqətən də, 20 ildən çoxdur ki, mən deputat kimi fəaliyyət göstərməmişəm. Azərbaycan parlamentinin üzvü olmaq şərəfli bir işdir. Mən o təəssüratdayam ki, inşallah seçicilərə verdiyim vədləri yerinə yetirim, seçki platformamda qeyd olunanları həyata keçirim və platformadakı müddəalar vasitəsilə fəaliyyət göstərim. Mən Ağsu-İsmayıllı seçki dairəsində seçicilərin fəallığını, mənə olan hörmətlərini açıq hiss etdim. İnsanlar görüşqabağı deyirdilər ki, seçkilərdə iştirak etmək istəmirik. Lakin görüşlərdən sonra nəinki seçkilərə gələcəklərini, hətta başqalarına bunu təşviq etmələri mənim üçün xoş təəssüratlar yaratdı. Bu mənada seçicilərimə dərin təşəkkür edirəm. İnşallah, onların ümidlərini doğruldacaq, verdikləri səslərə layiq olacağam.

- Siz, əslində, mətbuatdan qaçan siyasətçilərdən deyilsiniz. Bəs, niyə deputat seçiləndən sonra köhnə mobil nömrənizə zəng çatmır. Yeni nömrəyə keçmisiniz?
- Yox. Gördüyünüz kimi mənim digər mobil nömrəm işləyir. Digər nömrəm isə deputat seçiləndən sonra deyil, seçki ərəfəsində sıradan çıxıb. Bu nömrəmi hələlik bərpa etmək imkanım olmayıb. Çünki rayonda olmuşam və hazırda da rayondayam. İkincisi, mənim başqa nömrəm olarsa, bunu dərhal media nümayəndələri biləcək. Yəni bu hal texniki problemdir və heç bir halda mətbuatdan qaçmağım kimi yozulmamalıdır. Mən mətbuata açıq insanam, jurnalistlərdən qaçmıram. Çünki elə bir iş tutmamışam ki, nəticədə mətbuatdan qaçım. Bütün suallara cavab verməyə hazıram.

- Bundan sonra seçicilərlə münasibətlərinizi hansı formatda quracaqsınız?
- Vəd verdiyim kimi seçicilərimlə münasibət saxlayacağam. Mərkəzi Seçki Komissiyası nəticələri bir daha rəsmən təsdiq etsin, Konstitusiya Məhkəməsi onu qəbul etsin. Yəqin ki, bundan sonra rayon seçicilərinə rəsmən təqdim olunacağam. Lakin bütün bunlardan asılı olmayaraq söz verdiyim kimi Ağsu şəhərində, eləcə də İsmayıllının kəndlərində hökmən olacağam. O, insanların ki, dərdləri, problemləri var, çalışıb onların həllinə nail olacağam. İstər fərdi olsun, istərsə də, ümumi olsun, mütləq onlarla görüşmək fikrindəyəm. Tam səmimi söyləyim ki, mən parlamentdə qapalı formada oturmaq niyyətində deyiləm. Çünki o camaatdan utanaram. Çünki onlar seçkiyə gələrək mənə səs verib, görüşlərimə qatılıblar. Yeri gəlmişkən, sosial şəbəkələrdə keçirdiyim görüşlərin videosunu yerləşdiriblər. Maraqlanan adam baxa bilər. Seçki kampaniyası dövründə biz 40-dan çox görüş keçirmişik, 80-nə yaxın kənddə olmuşuq. Sonda da Ağsuda uğurlu bir görüş-mitinq keçirilib. Bu mənada hesab edirəm ki, mən bu insanlarla tez-tez görüşməliyəm və onların ümidlərini doğrultmalıyam. Başqa cür ola bilməz.

- İnsanlarla harada görüş keçirəcəksiniz, onların yazılı şikayətlərini necə qəbul edəcəksiniz?
- Bildiyiniz kimi hər deputatın seçildiyi seçki dairəsinin ərazisində ofisi olur. Eləcə də, deputat köməkçi ilə təmin olunur. Təbii ki, seçildiyim ərazidə bütün bunlar olacaq. Eyni zamanda seçildiyim ərazi mənə yad region deyil. Mənim ata-baba evim də burada yerləşir. Başqa sözlə, mənim üçün bura gəlmək, qalmaq və hətta yaşamaq məsələsində problemim yoxdur. Həm İsmayıllıda, həm də Ağsuda evimiz var. Seçicilərlə ünsiyyət baxımından problemimiz olmayacaq.

- Rayonda yaşamaq istəyirsiniz?
- Xeyr. Sadəcə olaraq deyirəm ki, rayonda qalmaq, seçicilərlə görüşmək, onlarla ünsiyyət qurmaq baxımından problemimiz yoxdur. Buradan deputat seçilsəm də, Bakıda parlamentdə fəaliyyət göstərəcəyəm. Lakin şübhəsiz ki, fürsət tapan kimi bura gələrək seçicilərin yanında olmaq niyyətim var.

- Vaxtilə Ali Məhkəmənin sədri olmusunuz, hüquqşünas kimi zəngin təcrübəniz var. Parlamentdə qanunverici təşəbbüslə çıxış etmək, layihələr hazırlamaq niyyətiniz varmı?
- Hesab edirəm ki, qanunvericilik fəaliyyəti ilə məşğul olmaq lazımdır. Ancaq hazırda bilmirəm ki, parlamentin hansı komitəsinin tərkibində olacağam. Lakin bütün hallarda çalışacağam ki, qanunvericilik yaradıcılığı prosesində iştirak edim. Mütləq və mütləq qanunların yaranması və onun demokratik, hüquqi prinsiplərə uyğun olması üçün sözümü deyim, təcrübəmi bölüşüm. Yeri gəlmişkən, 1990-cı illərdə deputat olduğum vaxt elə bir qanun layihəsi olmurdu ki, onu nəzərdən keçirməyim, özümün təklif və düzəlişlərimi təklif etməyim. Şübhəsiz ki, eyni qaydada da fəaliyyətimi davam etdirəcəyəm.

- Ancaq siz 20-ildən çoxdur ki, bu fəaliyyətdən kənarda qalmısınız. Bundan sonra parlamentdə qanunvericilik yaradıcılığı prosesində iştirakınız çətin olmayacaq?
- Dediklərinizdə həqiqət var. Amma bu müddət ərzində mən siyasi fəaliyyətlə məşğul olmuşam. Hər halda hüquqşünasam. Ümumiyyətlə, son 44 ildə elə bir qanun yaradıcılığı, dövlətin normativ aktı, sərəncam olmayıb ki, onunla tanış olmayam. Qanunlarla sistematik tanış olmuşam, hamısı yaddaşımdadır. Odur ki, bu işlərə bələdəm. Hazırda sizinlə söhbətdən öncə “Azərbaycan” qəzetində Cinayət Prosessual Qanunvericiliyinə edilən əlavə və dəyişiklərlə tanış olurdum. Bu mənada çalışacam ki, qanunların qəbulu zamanı təcrübəmdən istifadə edərək təkliflərimi irəli sürüm.

- Siz partiya sədrisiniz və daima maliyyə problemləri, çətinliklər haqqında fikirlərinizi ifadə etmisiniz. Bundan sonra partiyanın maliyyə problemini həll edilmiş saymaq olarmı?
- Şükür Allaha ki, bu, partiyamızın maddi texniki bazasının möhkəmlənməsinə səbəb olacaq. Biz artıq parlament partiyasına çevrilirik. Bu hal partiyamızın saxlanmasına xeyli dərəcədə kömək olacaq. Arzu edərdim ki, Siyasi partiyalara ayrılan maliyyə artırılsın, bir qədər çox olsun. Ancaq indiki halda parlament partiyası olmağımız təşkilatımızın maliyyə problemlərinə ciddi köməklik göstərəcək. Yəqin ki, partiyamız uyğun qərargahla da təmin olunacaq.

- İndi reallığa söykənsək, partiyanız ayda 10 min manata qədər maliyyə əldə edəcək. Bu məbləğ ədalətli şəkildə bölünüb xərclənəcək?
- Hökmən. Əgər belə olmasaydı, partiyamız bu illər ərzində dağılıb gedərdi. Ancaq partiya üzvlərimiz arasında səmimi və ədalətli bir münasibət mövcuddur. İkincisi, seçkilərdə seçicilər də gördülər ki, artıq 60 yaşına yaxınlaşmışam. Bu müddətdə övladlarıma, yaxınlarıma, qohumlarıma bir şərait qurmamışamsa, fikrimdə xalq və dövlət olubsa, deməli, bu həm də mənim xarakterimdir. Seçicilər niyə elliklə məni dəstəklədi? Hamı bilir ki, mən şəhid vermişəm, vəzifəmi, var-dövlətimi qurban vermişəm. Bəlkə də, başqaları özləri üçün karyera qurmaq arxasınca gedib, diqqətini bu istiqamətə səfərbər edib, qazanc məsələsində maraqlı olub. Məndə isə əksinə olub, düşünmüşəm ki, nəyə görə, biz daha yaxşı yaşamalıyıq, başqaları isə pis yaşamalıdır. Məhz buna görə mən hakimlik vəzifəmi qurban vermişəm. Bu da, əslində, mənim sosial ədaləti daima gözləməyimdən irəli gəlir. Partiyanın maliyyələşməsi zamanı da sosial ədalət prinsipi pozulmayacaq və Allahın köməyi ilə qorunub saxlanılacaq.

- Köhnə müttəfiqlərinizdən ASDP sədri Araz Əlizadə də parlamentə daxil ola bilib. Əməkdaşlığınız yenidən davam edə bilərmi?
- Bəli, biz köhnə müttəfiqlər olmuşuq, münasibətlərimiz var. Son dövrlər Sosialist İnternasionalının baş katibi Luis Ayala Bakıya gəlmişdi. Həmin vaxt da bir yerdə olduq. Əlaqələrimizi saxlayırıq. İnşallah, yenə də əl-ələ verib parlament fəaliyyətimizi davam etdirərik. Ümumiyyətlə, mən son dövrlər istəyirəm ki, bütün qüvvələrlə yaxşı və səmimi münasibətlər saxlayım, pis cəhətlərə deyil, yaxşı cəhətlərə diqqət edim. Mənim seçki şüarım da “Bu günə inam, sabaha inam” idi. Yəni parlament fəaliyyətimlə xalqımızın dövlətə inamını artırım, güclü dövlət və milli birlik yaransın. Elə fəaliyyət göstərək ki, bütün bunlar təmin olunsun. Xalqın inamı artsın və milli birlik olsun. Bu mənada hər kəslə əl-ələ verib işləməyin lazım olduğunu hesab edirəm.

- Hacı Əbdül dünən sizin ünvanınıza müəyyən fikirlər işlədib. Bundan məlumatınız varmı?
- Xeyr, yoxdur. Mən hazırda rayondayam, bilmirəm Hacı Əbdül barəmdə nə deyib, niyə deyib və hansı məqsədlə deyib.

- Deyib ki, vaxtilə siz onun “Tövbə” Cəmiyyətinə gedərək əməllərinizə görə tövbə etmisiniz və o da sizə şallaqla zərbələr endirib...
- Belə xislətli insanların cavabını verməyi doğru hesab etmirəm. Belə fikirləri yalnız murdar xislətli insanlar deyə bilər. Bu sözlər ona qənim olsun. Onun fikirlərinə zaman ayırmağı da vaxt itkisi hesab edirəm.

Nemət


Müəllif: