8 Dekabr 2018 09:10
2 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalq ulduzu” yarışmasının yaddaqalan iştirakçılarından olan müğənni Kamil Cəfərov Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- İlk öncə yaradıcılığından danışardın...

- Yeni mahnılar üzərində işləyirəm. Artıq 2 mahnı hazırdır. İndi başqa bir janra müraciət eləmişəm. Görüm buna insanların münasibəti necə olacaq?

- Hansı janra müraciət eləmisən?

- Məsələn, reqqi janrında bir mahnı oxuyacam. Mənə elə gəlir ki, maraqlı fikirlər alacam.

- Əksər hallarda efirə klassik geyimdə çıxırsan. Gələcəkdə estrada müğənnisi tipinə yaxın geyimlərə müraciət eləmək fikrin varmı?

- Mən toya, efirə klassik geyinirəm. Amma normalda tamam idman stilinə müraciət edirəm. Çalışıram ki, efirdə elə geyinməyəm.

- Niyə? Kompleksin var ?

- Sadəcə, geyimim janrıma uyğundur. Oxuduğum muğam, bəstəkar mahnılarıdır. İdman stilində çıxıb o mahnıları oxumaq düzgün deyil. Bu da məndə kompleks yaradır ki, geyimlə ifa bir-birini tamamlamaz. Gələcəkdə ola bilər ki, bu kompleksi üzərimdən atım.

- Elə bir ifaçı varmı ki, onun yanında mahnı oxumaq istəməzsən?

- Mən rəqabəti sevən insanam. Tək oxuyanda stabil oxuyanam. Sənət baxımından ustadlarımızın yanında danışmağa sözümüz azdır. Təbii, onların yanında çəkinərik. Allaha çox şükür ki, yaşıdlarımın və məndən böyük bəzi ifaçıların yanında oxumaqdan çəkinmirəm. Çəkinmək fikrim də yoxdur.

- Söylədin ki, rəqabətdən xoşun gəlir. Hazırda kimlərlə rəqabətdəsən?

- Sənətdə, irəlidə, gündəmdə kim varsa, hamısı ilə rəqabətdəyəm. Yaxşı ifaçılar mənim rəqibimdir. Amma mən xoşlayıram ki, sağlam rəqabət olsun.

- Ad açıqlamadın. Kimlərlə rəqabətdəsən?

- Kim varsa, hamısı ilə.

- Bəs kimlər sənə rəqib ola bilməz?

- O qədər adam var... Onların adlarını deməyim. Çünki desəm, mübahisələr yaranacaq. Ad çəkməyə çəkinmirəm. Sadəcə, kiminləsə üz-üzə gəlmək istəmirəm. Bizim sənət elədir ki, tez-tez qarşılaşırıq. Özləri çox gözəl bilir ki, sənətləri, insanlıqları nə yerdədir.

- Bu yaxınlarda məşhur “Səni deyirlər” mahnısını oxudun. “You Tube”da da xeyli baxış sayı yığıb. Nədən bu mahnını oxumaq qərarına gəldin?

- Bu mahnı başı bəlalı oldu. Mahnı çıxandan sonra bütün məşhurlar bu mahnıya oynadılar. Haranı açırdımsa, bu mahnını görürdüm. Dostum Elvin Mehmanlı dedi ki, Kamil, bəlkə oxuyasan. Əvvəlcə “yox” dedim. Oxumaq üçün tərəddüd elədim. Amma sonra düşündüm, gördüm ki, pis mahnı deyil. Bir günün içində aranjiman etdik, oxudum. Mahnını “You Tube”a yüklədik və həmin gün mən toyda idim. Bir də gördüm ki, telefonuma xeyli zənglər gəldi. Təsəvvür edin ki, mahnı çıxandan 4 saat sonra “You Tube”da Azərbaycan üzrə trend oldu. İndi baxış sayı 1 milyonu keçib. Bütün yaxşı məclislərdə kimsə “Səni deyillər”i səsləndirmək istəyirsə, mənim ifamı qoşurlar. Onu da deyim ki, bu mahnını ilk dəfə Azərbaycanda mən aranjiman etdirmişəm. Ona görə də bir neçə məşhur mənə söz atdı. Mən də onların sözlərinə fikir vermədim. Onlara cavab verməyi özümə rəva bilmədim. Amma məni tənqid edən insanlar sonradan mənim həmin ifama oynadılar.

- Həmin mahnını sənin aranjimanında ifa edənlər də oldu?

- Bizim Elnar Xəlilov adında sənət dostumuz var. Onunla elə də güclü münasibətimiz yoxdur. Sadəcə, salam-sağolumuz var. Deməli, bu adam mənim aranjiman etdirdiyim mahnını oxuyub. Bu mahnını hər kəs oxuya bilər, amma mənim etdirdiyim aranjimanla yox. Tamaşaçılar məni səhv başa düşməsin. Sadəcə olaraq, o mahnıya mən xərc çəkmişəm, vaxtım, pulum gedib. Deməli, Elnarə Xəlilov bu mahnını məndən icazəsiz götürüb və texnika vasitəsi ilə səsimi aşağı salıb, ə mənim səsimin üstündən oxuyub. Bu da bir yana, o mahnını “You Tube”a da yükləyib. Mahnını da hər yerdə oxuyur və elə də təqdim edir ki, guya özü aranjiman etdirib.

Dostum İlkin Elnara zəng etdi, məsələni ona danışdı, o da deyib ki, problem yoxdur, həll edərəm. Bu söhbətin üstündən 10 gün keçəndən sonra mənə zəng eləmədi, əvəzində mahnını hər yerdə oxudu. Mən də məsələni aydınlaşdırmaq üçün ona zəng elədim, amma zəng çatmadı. İnstaqramda mesaj yazdım, hörmətsizlik etdi, mesajımı açmadı. Oxumusan, əcəb eləmisən. Amma oxumadan öncə icazə almaq, halallıq almaq lazım idi. Amma o, çox vaxt çıxışlarında halallıqdan, düzlükdən danışır.

Şou-biznesdə çox adam bir-birinin üzünə söz deyə bilmir. Ancaq sosial şəbəkə vasitəsi ilə bir-birlərinə söz deyirlər. Eybi yoxdur, mən də bu variantdan istifadə edərəm. Mən də səninlə əlaqə yaratmaq istədim, amma olmadı. Amma sən mənimlə əlaqə saxlamalı idin. Çünki əməyimdən istifadə eləmisən. Amma Elnar, indi sayt vasitəsi ilə sənə demək istəyirəm ki, o mahnını “You Tube”dan sil. Mənim aranjimanımda olan bu mahnını ifa etməyi sənə qadağa edirəm. İcazə və halallıq vermirəm.

- Bəs mahnını silməsə, nə olacaq?

- Silməsə, onunla danışacam. Ondan pul, nə də başqa nəsə istəmədim. Sadəcə, hörmət lazım idi.

- Mahnını silməsə, məhkəməyə müraciət edəcəksən?

- Yox, məhkəmə mənlik deyil.

- Yəni söhbətə çağıracaqsız?

- Lazım olsa, niyə çağırmayım? Burda söhbət hörmətsizlikdən gedir.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər