6 Fevral 2023 18:09
3 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Qran-pri mükafatçısı, Prezident təqaüdçüsü kimi Azərbaycan Dövlət Konservatoriyasını Fərqlənmə diplomu ilə bitirən, hazırda Almaniyada magistratura səviyyəsində təhsil alan Aytən İbrahimova ilə müsahibəni təqdim edir.

- Aytən, bu sənəti seçməyindən danışardınız.

- Hər şey atamın uşaqkən mənə aldığı oyuncaqdan başladı. Valideynlərim musiqiçidir. Onlar evdə məşq edəndə mən ağlayırmışam. Məni susdurmaqçün atam mənə skripka alıb. Səbəbini deyə bilmərəm, amma adətən atam tarda muğam ifa edəndə ağlayırmışam.

Notları tanımadığım vaxtlarda anamın pianosunu dınqıldadır, elə bilirdim ki, nəsə ifa edirəm. Valideynlərim belə qərara gəlirlər ki, skripka ifaçısı olum. Məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoyurlar. Hər şey də buradan başladı. Musiqi məni ovsunladı. Notları öyrənməklə müsabiqələrə qatılmağımın arası çox çəkmədi. İkinci sinifdə Kövkəb Səfərəliyevanın yubileyinə həsr olunmuş Gənc ifaçıların IV festivalında iştirak etdim, “Tərifnamə” aldım. İlk müvəffəqiyyətim məni sənətin incəliklərini öyrənməyə daha da ruhlandırdı. Ardıcıl uğurlarım oldu. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində dərs almağım sənətimi mükəmməl öyrənməyimə stimul oldu.

On bir yaşımda Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar 2008-ci ildə gənc ifaçiların I respublika müsabiqəsində iştirak etdim. Birinci yeri tutdum və laureat adını qazandım. O vaxt mətbuatda haqqımda çoxlu yazılar getdi. Sevinirdim. Öz üzərimdə işləyirdim. 2009-cu ildə Cappelhausda ilk solo konserti ilə çıxış etdim. “İstedadlı uşaqlar nominasiyası” üzrə qalib gələn 10 nəfərdən biri oldum. Prezident tərəfindən qiymətli hədiyyə ilə təltif olundum. Artıq kiçik yaşlardan müsabiqələrdə iştirak etmək vərdiş halına çevrildi.

- Bildiyim qədərilə həm də Qran-pri mükafatına layiq görülmüsən.

- Bəli, 2010-cu ildə Nazim Əliverdibəyov adına V ümumşəhər müsabiqəsində orta yaş qrupunda olanlar arasında ifam yüksək qiymətləndirildi, Qran-pri mükafatına layiq görüldüm. Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri ilə çıxış etdim və Kamil Sen-Sansın “Skripka və orkestr üçün konsert”ini ifa etdim. Dəfələrlə Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera orkestri ilə solo-konsertlər verdim.

- Gəncsən, uğurların maşallah, çoxdur. Ən çox xatırladığın və unutmadığın anlar hansılardır?

- 2012-ci ildə 15 yaşım vardı. Yeniyetmə və gənclər arasında tanınırdım. Bakıda ilk dəfə islam dövlətləri arasında keçirilən I beynəlxalq müsabiqədə iştirak etdim və birinci yeri tutdum. Həmin ildə Moskvada Vladimir Spivakovun təşkilatçılığı ilə “Moskva dostları qarşılayır” beynəlxalq festivalında iştirak etdim. Bir də 2013-cü ildə Belçikada keçirilən “Bravo” VI beynəlxalq müsabiqənin iştirakçısı oldum, birinci yeri tutdum. 15 dövlət arasında Azərbaycan bayrağının qaldırılması şərəfinə nail oldum.

Ümummilli Lider Heydər Əliyevin 90-cı ildönümünə həsr olunmuş gənc ifaçıların II ümumrespublika müsabiqəsində daha bir uğura imza atdım. İkinci dəfə Qran-pri mükafatına layiq görüldüm.

Dünya şöhrətli musiqiçilərdən ustad dərsləri alırdım. Məşhur dirijor Kiril Karabitsin təklifi ilə Pyotr İliç Çaykovskinin “Skripka və orkestr üçün konsert”ini solo ifa etdim. Dirijorlar Orxan Həşimov (Moskva), Azərbaycanın Əməkdar artisti Elşad Bağırovla (Türkiyə) bir səhnəni bölüşdük.

Həmçinin Fransa, Almaniya, Polşa, Hollandiya, Danimarka, Belçika, İspaniya, Qətər, Moskva, Gürcüstan və Ukraynada qastrol səfərlərində Azərbaycan dövlətini təmsil etmişəm.

2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” layihəsi ilə solo ifalardan ibarət konsertim oldu. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Vivaldinin “Dörd fəsil” konsert əsərini ifa etdim. Əsərin bütövlükdə bir arada ifası professionallar və musiqisevərlər tərəfindən yüksək qiymətləndirildi.

Ən böyük uğurum Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, beynəlxalq müsabiqənin laureatı olduğuma görə heç bir test və qabiliyyət imtahanı vermədən Üzeyir Hacibəyli adına BMA-nın tələbəsi olmağım oldu. Daha böyük qələbəm isə Prezidentin Fərmanı ilə adımın Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılması, Prezident təqaüdünə layiq görülməm oldu. Şükür böyük Allaha.

Oyuncaq skripkaya sevgisi ilə başlayan sənət yolunda atdığım uğurlu addımlar, Prezident tərəfindən verilən yüksək qiymət və dəyər məni yeni zirvələr fəth etməyə səslədi...

- Aytən, 2019-cu ildə Almaniyanın Folkvanq İncəsənət Universitetinin magistraturasına daxil oldun. Burada hansı yeniliklərə imza atdın? Bu Avropa ölkəsi həyatında nə kimi izlər qoyur?

- Universitetin Dortmund şəhərində böyük bir kampusu var (Orkestr mərkəzi-Orchesterzentrum). Burada müxtəlif tanınmış musiqiçilər və dirijorlarla eyni səhnəni paylaşaraq konsertlərdə iştirak edirəm. Magistr kimi buradakı dirijorlar tərəfindən müxtəlif layihələrə dəvət alıram, festifallarda iştirak edirəm. Məsələn, İtaliyanın Brixen şəhərində “Brixen Classic-2022” festifalına birinci skripkaçı kimi dəvət almış və iştirak etmişəm.

Hazırda təhsillə yanaşı, Bohum simfonik orkestrində (Bochumer Symphoniker) praktikant kimi birinci skripkaçı olaraq işləyirəm. Avropanın bu tanınmış ölkəsində solo konsertlər verərək Azərbaycan musiqisini təbliğ edirəm. Sevinirəm ki, çıxışlarım böyük tamaşaçı kütləsinin diqqətini cəlb edir, alqışlarla qarşılanır. Bu məni sənətim yolunda inamla addımlamağa daha da ruhlandırır.

İlk müsiqi təhsilim Bülbül adına müsiqi məktəbindən başlayıb. Musiqi Akademiyasının Böyük zalı, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi, Kirxa, Kapellhauz alman kilsəsi sənətimi sevgi ilə nümayiş etdidiyim peşəkar səhnələrdir. Skripkamın səsi bu gün Almaniyadan dünyaya yayılır. Bu ölkənin Kamera musiqisi zalında istər kvartet, istərsə də fortepianonun müşayiəti ilə bir sıra xeyriyyə konsertləri vermişəm. Azərbaycan və Avropa musiqilərini səsləndirmişəm. Məqsədim Azərbaycan musiqisini dünyaya tanıtmaqdır.

- Ümumxalq hüzn günü olan 20 Yanvarda da şəhidlərimizi andığını eşitdim...

- Bəli, hələlik sonuncu çıxışım oldu 19 yanvar 2023-cü ildə. Qərənfillər düzülmüş və böyük bir Azərbaycan bayrağının dalğalandığı Dortmund Orkestr mərkəzinin səhnəsində Almaniyada yaşayan azərbaycanlıların və almanların qarşısında 20 Yanvar şəhidlərinin xatirəsini yad edən xeyriyyə konserti verdim. Xalqıma, millətimə, Vətənimə olan sevgi məni bir an belə tərk etmir.

Gələcək gənclərimizindir. Tariximiz və yaddaşımız onlara əmanətdir. Məhz qanımızla tarixə imza atdığımız günü onlar yaşatmalı, yaddan çıxmamalı, yeni nəsillərə ötürməlidirlər.

- Gələcək planlarınız nədir?

- Planlar çoxdur. Yaxın gələcəkdə həyata keçirəcəyim layihələr var. Hazırda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə üzərində çalışıram.

Söhbətləşdi: Azərbaycan İlahiyyat İnstitutunda çıxan “İlahiyyat” jurnalının redaktor müavini Rəhilə Misirxanlı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər