7 Fevral 2022 09:59
3 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeå simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.

Sizi bilmirəm, mənə görə simfonik orkestri olması bir şəhərin yüksək mədəni səviyyəsinin göstəricisidir. Muzeylər, teatrlar, universitetlər, sərgi salonları, əyləncə parkları, başqa kültür yerlər hər şəhərdə ola bilər. Simfonik orkestr isə orada çoxlu musiqiçilərin, klassik musiqiyə dəyər verən şəhər elitasının, böyük dinləyici ordusunun varlığına dəlalət edir. Şəhər haqda yüksək fikrə düşürsən.

Məsələn, bir misal deyim. ABŞ-ın Çikaqo şəhəri həmişə qansqterlərin oylağı, ölkənin ən kriminal yeri kimi tanınıb. Çikaqo simfonik orkestrinin mövcudluğu mənim o şəhər haqda fikrimi dəyişib. Elə təkcə orkestrin ifasında Bethovenin 9-cu simfoniyasına qulaq assanız mənimlə razılaşarsınız. Dünyanın ən peşəkar orkestrlərindən biridir.

Umeå isə yaşadığım cənub şəhərindən 1188 km yuxarıda yerləşir – İsveçin şimalda ən iri şəhəridir.

Axşam evə gələndə komputerdə axtarış verdim, maraqlandım. Öyrəndim ki, bizimlə eyni sayda əhalisi (10 milyon) olan İsveçdə 45 simfonik orkestr var! Siyahıda bir vaxt oğlumun da skripka çaldığı Karlskrona şəhər orkestrinin olmaması onu deyirdi ki, say hələ daha çoxdur.

Bizdə isə Bakıdan savayı, bir də Gəncədə filarmoniyanın simfonik orkestrini xatırlayıram. Başqa şəhərlərimizdə belə orkestlərin olduğunu eşitməmişəm.

Bu balaca yazıda qəsdim 200 ildir konstitusiyası olan, müharibə görməyən, dünyanın ən azad ölkələrindən biri kimi ad çıxaran İsveçlə Azərbaycanı müqayisə eləmək deyil. İsveçin musiqi ənənəsindən danışmıram da: heç 1782-ci ildə yaranan İsveç Kral Operasından da, İsveç klassik musiqisinin banisi sayılan Yohan Romanın 1731-ci ildə ilk publik konsertlər təşkil etməsindən də söz açmıram. Sadəcə, nümunə göstərmək istəyirəm ki, bizimlə müqayisədə orta musiqi məktəblərinin səviyyəsi (həftədə 20 dəqiqə dərs?) ölçüyəgəlməz dərəcədə aşağı olan bu ölkənin, demək olar, hər şəhərində simfonik orkestri var.

Azərbaycanda yüzlərlə orta musiqi məktəbi, texnikumlar, konservatoriya fəaliyyət göstərir. Hər il minlərlə məzun bu məktəblərdən musiqiçi diplomu alır. Bacarıqlı idarəçilər, təşkilatçılar, ən əsası hakimiyyətin milli kültür strategiyası lazımdır ki, bu qədər musiqiçidən orkestrlər yarada, ölkənin mədəniyyət mühitində dönüş edə.

…Dünən Qara Qarayevin 104 yaşı tamam oldu. O, dünya klassik musiqi mozaikasında Azərbaycan naxışıdır. Adına layiq işimiz olsun! Sonda demək istədiyim elə bu idi…


Müəllif: Vahid Qazi

Oxşar xəbərlər