Nazirlər Kabinetinin İş planında müşavirələrin keçirilməsi planlaşdırılmayacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə məlumat Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin (o cümlədən normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı fəaliyyətinin) həyata keçirilməsini, eləcə də iclasların, müşavirələrin və digər tədbirlərin keçirilməsini planlaşdıra bilərdi. Bu siyahıdan müşavirələr çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edəcəklər. İndiyə qədər Nazirlər Kabineti üzvlərinin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunub. Bundan sonra artıq Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak etməsi Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunmasında nəzərə alınacaq.
Buna qədər Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdənkənar) məsələlərə də baxıla bilərdi. Dəyişikliyə əsasən, bundan sonra Baş Nazirin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdənkənar) məsələlərə də baxıla biləcək.
Hazırda Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası üzrə Baş nazir və ya onun müavinləri tərəfindən müəyyən edilən əsas icraçı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi müddətin (“təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilən tapşırıqlar istisna olmaqla) bitməsinə ən geci 5 iş günü qalmış Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq hesabatın layihəsini Baş nazirə və ya onun müavinlərinə təqdim edir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası ilə bağlı Baş Nazir və ya onun müavinləri tərəfindən müəyyən edilən əsas icraçı hazırladığı təklifləri həmin tapşırığın icrası məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi aktlarda, habelə Baş Nazir və ya onun müavinlərinin müəyyən etdiyi icra müddətində Baş Nazirə və ya onun müavinlərinə təqdim edəcək.
İndiyə qədər Nazirlər Kabinetinin üzvləri tərəfindən vətəndaşların qəbulu Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik üzrə həftənin müəyyən günlərində aparılıb. Dəyişikliyə əsasən, həftənin müəyyən günlərində deyil, sadəcə, Nazirlər Kabinetinin üzvləri tərəfindən vətəndaşların qəbulu Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik üzrə aparılacaq.