"Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşdə deyib.
"Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüşlər olub və sizin xarici işlər naziri Azərbaycana səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tamdəyərli olması və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik", - dövlət başçısı bildirib.