30 Mart 2023 15:19
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda yer alıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlər Kabinetinə beş ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bir ay müddətində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək, bu Fərmanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər