Cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan Ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, erməni hərbçilərinin artilleriya atəşənin hədəfi bu dəfə Tərtərin Seydimli kəndi olub. Bu gün atəşə məruz qalan kənddə evlərə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.
Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən sentyabrın 30-da saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.
Qeyd edək ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək mülki əhalidən ümumilikdə 12 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Fotoqraf Roman İsmayılovun Tərtərin Seydimli kəndindən çəkdiyi fotoları təqdim edirik: