1 Oktyabr 2020 16:47
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər cəbhədən gələn xoş, qələbə xəbərləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır, torpaqlarımızın tamamilə işğaldan azad olacağına inamı artırır. Sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini bir daha nümayiş etdirdi. Dinc əhaliyə qarşı belə qəddarlıq təbii ki, faşist xislətli Ermənistan kimi dövlətə məxsusdur. Güclü, qüdrətli, döyüş ruhlu ordumuzun keçirdiyi uğurlu əks-əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itirərək geri oturduldu. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib, həmin ərazilərimizə üçrəngli bayrağımız sancılıb.

Teleqraf.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mətbuat xidmətinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Xatirə Əliyeva belə deyib.

Fəlsəfə doktoru bildirib ki, müxtəlif dövrlərdə havadarlarının dəstəyi ilə azərbaycanlılara, türklərə qarşı soyqırım siyasəti həyata keçirən ermənilər anlamalıdırlar ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, tarixi abidələri dağıtmaq, bir milyondan çox vətəndaşı yurd-yuvasından didərgin salmaq cinayətdir:

“Azərbaycan tarixi ədaləti bərpa edir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də bu fakt öz əksini tapıb və bəyan edilir ki, erməni işğalçıları ərazilərimizdən qeyd-şərtsiz çıxmalıdır. Son döyüşlərin Ermənistan rəhbərliyi üçün dərs olmadığını bildirən Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, mülki əhalimizin hədəfə alınması erməni faşizminin eybəcər simasını göstərir: Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, mülki insanları hədəf alırlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər".

Xatirə Əliyevə vurğulayıb ki, cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır:

“Ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını bəyan edən möhtərəm Prezidentimiz sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna edilmədiyini hər zaman bildirib. Vətənpərvər xalqımız daim Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hazır olduqlarını deyib. Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında cəbhədə baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarına cavabları qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyanın aciz duruma düşməsi işğalçı dövlətə ciddi dərs olmalıdır. Bugünkü hadisələrdən göründüyü kimi, Azərbaycan ordusunun döyüş ruhu, qələbə əzmi Ermənistan rəhbərliyini narahat edir. Düşmən ordusunda təşviş və xaos yaşanıb. Azərbaycan ordusunun gücü qarşısında qərar tuta bilməyən erməni əsgərləri silah-sursatlarını qoyub qaçırlar. Budur, Azərbaycan Ordusunun gücü, qüdrəti, işğal altında olan torpaqlarını azad etmək imkanları. Xalqımız tam əmindir ki, dövlətimizin düşünülmüş siyasəti, ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün hər an, hər saniyə yaxınlaşır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər