6 Oktyabr 2020 09:14
2 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparılan hər bir müharibənin bizdən asılı olmayaraq sonu olmalıdır. Biz inanırıq ki, Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti fonunda tədricən sona doğru gedir. Bəs müharibə başa çatdıqdan sonra nələr olmalıdır? Ən vacib məsələlərdən biri də müharibənin yekunu və nəticələrinə dair məqamdır.

Teleqraf.com-un “Müharibədən sonra hüquqi baxımdan hansı tədbirlər həyata keçirilməlidir” sualını beynəlxalq hüquq üzrə ekspert Rüstəm Məmmədov şərh edib.

Professor hesab edir ki, indi Azərbaycan Xarici İşlər Nazirliyi xüsusi sənədlər hazırlamalı və müzakirə üçün Ali Baş Komandana təqdim etməlidir.

Onun sözlərinə görə, müasir beynəlxalq hüquqda bununla bağlı yanaşmalar var: “Birincisi, müharibənin başa çatması, bir tərəfin qalib, digər tərəfin məğlub olmasını özündə əks etdirən xüsusi sənəd tərtib edilməlidir. Təbii ki, Ermənistan müharibəni uduzan tərəf kimi bu sazişə imza atmalıdır. Buna təmannasız uduzmaq müqaviləsi də demək olar. Ermənistan bu sənədi imzalamalıdır ki, müharibədən xilas olsun.

İkincisi, bu sənəddə müharibədə qalib gələn tərəf qeyd olunmalı, bilinməlidir ki, udan tərəf kimdir. Həmçinin sənəddə məğlubiyyətin şərtləri də açıq göstərilməlidir. Sözsüz ki, bizim XİN bu şərtləri indidən hazırlayıb üzərində işləməlidir. Cənab prezident tədricən bu şərtləri açıqlayır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və bu, əsas şərtdir. İkinci şərt budur ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımalıdır. Həmçinin Ermənistan Azərbaycanın qalib gəlməsini qəbul etməlidir. Bunlar ən vacib şərtlərdir. Beynəlxalq hüquqda buna Sülh Aktı deyilir”.

Azərbaycanın qısa müddətdə Ermənistan üzərində qələbə çalacağına ürəkdən inandığını xatırladan hüquq mütəxəssisi bildirib ki, bununla da Azərbaycan ərazi bütövlüyünü təmin edəcək və müstəqilliyini bir daha dünyaya bəyan edəcək:

“Həmçinin Ermənistan Respublikasının bu müharibəni yaratdığına görə beynəlxalq hüquqi məsuliyyəti yaranmalıdır. Bu məsuliyyətlər içərisində hansı məsuliyyətlər ortaya çıxacaq? Birincisi, Azərbaycana və onun dinc əhalisinə, eləcə də əmlakına vurulan ziyana görə təzminatdır. İndi Respublika Prokurorluğu bu işin üzərində işləyir. Biz belə sənədi formalaşdırmalıyıq ki, sənəd imzalananda onu ortaya qoyaq. Ermənistan təzminat ödəməlidir. Azərbaycan, onun əhalisinə, mülklərinə, ayrı-ayrı vətəndaşlarının öldürülməsi və fiziki cəhətdən insanlarımızda qüsurlar yaranmasına səbəb olduğuna görə təzminat ödəməlidir.

Bundan başqa, Azərbaycan Respublikası Ermənistan qarşısında beynəlxalq hüquqi öhdəliklər qoymalıdır. Ermənistan bir daha Azərbaycan ərazisinə hücum etməyəcəyinə dair öhdəlik götürməlidir. Həmçinin Azərbaycan əhalisinə qarşı silah işlətməyəcəyinə dair öhdəliyə imza atmalıdır. Nəhayət Azərbaycana qarşı cinayət törədən hərbi caniləri beynəlxalq ədalət məhkəməsinə təqdim etməlidir”.

Beynəlxalq hüquq mütəxəssisi qeyd edib ki, müharibə bitdikdən sonra Qarabağ tribunalı yaranmalıdır: “Balkanlarda Yuqoslaviya işinə görə belə tribunal yarandı, Miloşeviç beynəlxalq məhkəməyə verildi. Eləcə də Afrika tribunalı yaranmışdı və bunun nəticəsində hərbi canilər ortalığa çıxarıldı. Mən bilmirəm, qondarma rejimin saxta prezidenti olan Araik Artunyun yaralanıb, yoxsa ölüb. Amma bu adam da hərbi cani kimi Qarabağ tribunalında mühakimə olunmalıdır. Qarabağ tribunalına Ermənistanın Baş naziri Nikol Paşinyan da verilməlidir”.

Azərbaycanın daha hansı addımlar atmasının vacib olacağına diqqət çəkən Rüstəm Məmmədov hesab edir ki, Azərbaycan işğal olunan tarixi ərazilərin təhlükəsizliyini təmin etmək üçün bu regionu rahat buraxmamalıdır: “Bizim şanlı ordumuz buna qadirdir. Sözsüz ki, Ali baş komandan, cənab prezident növbəti çıxışları zamanı növbəti şərtlərini də açıqlayacaq. Hesab edirəm ki, Azərbaycan XİN bu sənədin hazırlanmasına məsul olan qurumdur. Onlar beynəlxalq ekspertləri dəvət etməli, onlarla məsləhətləşməlidir. İndidən müharibənin sonunu gözləməməli, bu sənədlər hazırlanmalıdır. Mən Azərbaycan ordusunun zəfərinə tam inanıram”.

Sonda Rüstəm Məmmədov xatırladıb ki, 1993-cü il aprelin 15-də BMT-nin Cenevrə iqamətgahına Azərbaycan nümayəndəsi kimi səfər edib: “O zaman Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə bağlı çıxış etdim. BMT-nin bir sıra üzvlərinin, eləcə də sədrlik edən yəmənli diplomatın biganəliyinin şahidi olmuşam. O zamandan BMT-nin öz profilinə uyğun addımlar atmamasını gördüm. Dəyirmi masada öz fikirlərimi sona qədər dedim. Ermənilərin işğalından, insan hüquqlarının pozulmasından, erməni təcavüzündən danışdım. Təsəvvür edin ki, BMT dəhlizlərində gəzən erməni QHT nümayəndələrinin hücumuna məruz qaldım. Yaxşı ki, türk qardaşlarımız var idi və məni himayə etdilər. O zaman fikirlərimi ermənilərin “cəsədinə” dedim. İndi mən arzu edirəm ki, Kəlbəcər işğaldan azad edilsin və mən də təəssüratlarımı bölüşüm”.


Müəllif: Nemət

Oxşar xəbərlər