9 Oktyabr 2020 19:15
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tarixi günlər yaşayırıq. 30 ilə yaxındır ermənilərin səbrimizi tükəndirən hərəkətlərinə son qoyulur. Biz öz torpaqlarımız uğrunda döyüşürük. Ordumuz yüz minlərlə qaçqın və məcburi köçkünün tapdanan hüququnu bərpa edir. Arxa cəbhədə olan hər bir mülki vətəndaş isə üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Daha vicdanla, daha peşəkarlıqla və daha həvəslə... Xalqımızı bir yumruq tək birləşdiyini görmək qürurvericidir".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Aybəniz İsmayılova deyib:

“Artıq hamımız geriyə, evimizə qayıdacağımıza şübhə etmirik. 20-dən çox kənd işğaldan azad edilib, 100 mindən çox insan məcburi köçkün deyil. Mənim nənəm Sarabəyim də həmin anı gözləyir, evinin açarlarını bərk-bərk əlində sıxıb. Son 27 il idi ki, şəhidlər, dağıntılar, dinc əhalinin həlak olması... Bütün bunların bir daha baş verməyəcəyinə, iki millət arasında razılıq, barışıq, sülh olacağına ümid edirdik.

Bu gün Qarabağdan didərgin düşmüş dördüncü nəsil böyüyür. Bir neçə onillikdir ki, Qarabağ köçkünləri tarixi ədalətin bərpa olunacağını gözləyir.

Uzun illər idi ki, Azərbaycan xalqı bu sülhə hazırlaşırdı. Keçirilən müxtəlif sorğularda, televiziya verilişlərində, mətbuatda Qarabağ köçkünlərinə verilən “ermənilərlə birlikdə yaşamağa razı olardınızmı” tipli suallar, adətən, müsbət cavab alırdı. Çünki biz Qarabağ azərbaycanlıları, bütün həmvətənlərimiz kimi, dinc, qonşucanlı, dostcanlı insanlarıq. Biz qisas hissi ilə deyil, ancaq və ancaq torpaqlarımıza geri qayıtmaq arzusu ilə yaşamışıq”.

Aybəniz İsmayılova deyir ki, azərbaycanlıların sülh istəyi Ermənistan rəhbərliyi tərəfindən laqeydliklə qarşılandı: “Bizim xüsusi mənəvi bağlılığımız olan Şuşanı qondarma ölkənin paytaxtı elan etdilər. Şuşada inauqurasiya mərasimi keçirib, ziyafət təşkil elədilər. Minlərlə insanın iztirabları, köçkün həyatı, məhv edilmiş taleləri üzərində məclis qurdular.

Cəmi iki il əvvəl hakimiyyətə sülh ritorikası ilə gələn, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün Azərbaycanla sülh şəraitində yaşamaq istədiyini hər müsahibəsində, çıxışında təkrarlayan Ermənistan Baş naziri Nikol Paşinyan qısa müddətdə ölkədə öz populyarlğını itirdi. Özünə xal yığmaq, reytinqini qaldırmaq məqsədilə müharibə ritorikasına keçdi, həyat yoldaşı Anna Akopyan belə, əlinə silah alıb, savaş dili ilə danışmağa başladı.

Özündən əvvəlki Ermənistan rəhbərlərinin heç birinin cürət etmədiyini elədi, Qarabağda paytaxtı Şuşaya köçürüb, orda şadyanalıq düzəltdi. Onilliklərdir ki, yurdundan uzaq düşmüş, vətənini qoyub gəlmiş insanların faciəsi üzərində toy-bayram mərasimi düzəltməklə bütün mənəvi sərhədləri adlayan vəhşilik deyilmi?”

Aybəniz İsmayılova bildirib ki, Qarabağ bizim tariximiz, milli kimliyimiz, vətənimiz, məqsədimiz – hər şeyimizdir: “Biz torpaqlarımıza qayıtmaq istəyirik. O torpaqlardan heç vaxt vaz keçmədik, keçmək fikrimiz də yoxdur. Son 27 ildə ancaq sülh, barışıq, birlikdə yaşamaq naminə gözləryirdik, amma Ermənistan tərəfi açıq şəkildə göstərdi ki, nə sülh istəyirlər, nə barışıq, nə də birlikdə yaşamaq...

Biz Qarabağa qayıdacağıq. Vətəndən uzaqda doğulub böyüyən, özünü qarabağlı kimi tanıyan və bu kimliklə böyüyən uşaqlarımız, nəvələrimiz də Qarabağa qayıdacaqlar. Bizim mədəniyyətimiz, ənənələrimiz, vərdişlərimiz, hamıdan yaxşı bacardığımız qonşuluq və dostluq bacarıqlarımız da o torpaqlara qayıdacaq. Biz qayıdacağıq, o torpaqlara sülh, barışıq, əmin-amanlıq gələcək...”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər