Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorurorluğunda Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılmışdır.
Araşdırmalarla xarici ölkə vətəndaşları Artur Oqanisyan və Vaaqn Çaxalyanın Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin
nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və anti-terror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn
təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin, araşdırmalarla qeyd olunan şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müyyən edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.