İstər atəşkəs rejimində, istərsə də müharibə vəziyyətində Ermənistanın yürütdüyü faşist siyasət göz qabağındadır. Paşinyanın siyasi görüşləri beynəlxalq ictimaiyyətdə yalnız terror əməlləri ilə tanınmalıdır. Ermənistan terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut etdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, humanitar atəşkəsin pozulması o deməkdir ki, Ermənistan daim etdiyi kimi - verdiyi sözün arxasında durmadı və özünü daha pis vəziyyətə saldı:
"Düşmən məğlubiyyətə uğrayır. Ona görə də dinc əhalini hədəfə alırlar. Gəncəni vurmaq şəxsən Paşinyanın gösətərişidir. Bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, bütün ermənilər, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq. Lakin müasir internet dövrü düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Heç nəyi gizlətmək olmur".
Eldəniz Səlimov bildirib ki, beynəlxalq hüquq, ədalət baxımından haqq yolundayıq:
“Azərbaycan mülki əhali ilə müharibə aparmır. Gəncəni hədəf alan düşmənin cavabı döyüş meydanında verilib. Azərbaycan hümanitar atəşkəs rejiminə sadiqdir. Lakin qarşı tərəf buna riayət etmədikdə özümüzü müdafiə etməliyik. Cənab Prezident İlham Əliyevin daim vurğuladığı kimi: Biz öz torpaqlarımızda vuruşuruq. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Azərbaycan öz torpaqlarını geri alır, alacaq da. Qarabağ Azərbaycandır!”.