Türk yazıçısı Əlif Şəfəq Tvitter hesabında Şuşada Kazançetsots kilsəsində çəkilmiş erməni ifaçısının videosunu paylaşıb. O, videoya görə HDP-nin erməni deputatı Qoro Paylana təşəkkür edib. Yazıçı Ermənistan və Azərbaycanı sülhə səsləyib. Əlif Şəfəqin bu hərəkəti Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Teleqraf.com Azərbaycan ədiblərinin fikirlərini öyrənib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Əlif Şəfəqin paylaşımının onu kədərləndirdiyini deyib.
Rəşad Məcid hesab edir ki, Əlif Şəfəq baş verənlərdən məlumatsız olduğu üçün belə paylaşım edib: “Əlif Şəfəq sevimli yazıçımdır. Bir qadın türk yazarının populyarlığı və əsərləri hər zaman məni valeh edib. Amma o paylaşımını görəndə çox kədərləndim. Ola bilsin, münaqişə haqda, baş verənlər barədə dolğun məlumatı yoxdur. Əgər hadisələrdən məlumatsızdırsa, buna görə özümüz də təəssüf etməliyik. Görünür, onun olduğu dairələr türkçü, millətçi yox, başqa qruplardır.
Hesab edirəm ki, yazıçının bu davranışına o dərəcədə aqressiv yanaşmaq lazım deyil. Sadəcə müharibənin əleyhinə çıxıb, sənətin gücü barədə danışıb. Mən inanıram ki, Azərbaycan jurnalistləri Əlif Şəfəqlə əlaqəyə girərək onu məlumatlandırsalar, tamam başqa mövqedən çıxış edər.
Bir az soyuqqanlı olub, hadisənin mahiyyətini bilsəydi, elə yazmazdı”.
Ölkəmizdə Əlif Şəfəqə qarşı boykot təbliğatını doğru hesab etməyən Rəşad Məcidin fikrincə, yazıçının Azərbaycanda elə çox oxucusu yoxdur ki, kitab satışına qadağa qoymaqla ona və ya naşirlərə böyük zərbə dəysin: “Ölkəmizdə Əlif Şəfəqin məhdud sayda, 100-200 oxucusu ola bilər. Onlar da oxumaq istəmirsə, oxumasın. Onun əhatə dairəsinin paylaşıma təsiri daha çoxdur.
Çalışmalıyıq ki, Azərbaycandan da Əlif Şəfəqə həqiqi informasiya çatdırılsın. Türk yazıçısıdır və ona qarşı əsaslandırılmamış fikirlərlə belə aqressiya lazım deyil. Necə ki, digər xaricilərə hadisənin mahiyyəti barədə məlumat verilirsə, Şəfəqə də hadisələr barədə məlumat vermək lazımdır. İnanıram ki, o, bu müqaviməti görüb, həqiqi proseslərlə maraqlansa, fikrini dəyişəcək”.
Yazıçı Şərif Ağayarın fikrincə, heç kimi sülh çağırışına görə qınamaq olmaz, hər kəsin fikir və düşüncə azadlığı var: “Lakin bizim də demək haqqımız var ki, Əlif Şəfəq hadisələrə birtərəfli yanaşıb. Daha çox ərazi itirən, daha çox dağıntılara məruz qalan, daha çox mülki vətəndaşı qətlə yetirilən, daha çox qaçqın-məcburi köçkün həyatı yaşayan biz olduğumuz halda sülh və ədalət çağırışını erməni konteksti üzərində qurmamalıydı.
Belə olan halda bu, ədalətli yazıçı yanaşması yox, tərəf tutmaqdır. Zatən onları ədalətsizcə müdafiə edənlər çoxdur. Əlif xanım heç olmasa, hər iki tərəfin dağıntılarından foto paylaşıb çağırış etməli idi. İllah da Gəncədə günahsız insanların erməni raket zərbələrindən öldüyü və balaca uşaqların yaralandığı bir vaxtda...
Məncə, bəzi həmvətənlərimiz məsələnin üstünə bu qədər qəzəblə getməməlidir. Kitab qadağası-filan da lazım deyil. Bizim davamız yazıçının yanlış davranışı ilə olmalıdır, kitabla yox.
Məncə, Əlif Şəfəq ikinci tvitində məsələni bir balaca anlamış kimidir. Onu məlumatlandırmaq lazımdır. Bundan sonra da fikrini dəyişməzsə, özü bilər. Nə edə bilərik ki? Sadəcə hərəmiz öz imkanlarımıza uyğun cavab verə bilərik. Bilirsiniz, məsələ təkcə Əlif Şəfəqdə deyil, həqiqətlərimizin dünyaya lazımınca çatdırılmamasında və Qərbin ikili standartlarındadır. Gəncədə baş verənləri Qərb mətbuatı yazmadı. Bu fakt Əlif Şəfəqin davranışından daha dəhşətlidir”.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu türkiyəli yazıçının bu addımını mənəvi dünyamıza təhqir hesab edir: “Mən Əlif Şəfəqin paylaşımını görən kimi pislədim. Çünki Xankəndində dağılmış kilsədə erməni musiqiçisinin oturması və musiqi ifa etməsi özü bu konflikti daha da dərinləşdirən və Azərbaycan tərəfini provokasiyaya cəlb edən elementdir.
Bu mənada mən ona dərhal etiraz etdim, təəssüf etdim ki, Əlif Şəfəq belə ağılsız, məntiqsiz hərəkət etdi. Etirazın bir yolu var, sözə sözlə cavab vermək lazımdır. Qoy Əlif Şəfəq Gəncədə raket hücumundan ölmüş insanların da şəklini paylaşsın. Əgər bu qədər humanist insandırsa, humanist ideyalar təbliğatçısıdırsa, bizim tərəfin də mövqeyini əks etdirən postlar yaysın. Hesab edirəm ki, ən doğru və düzgün addım budur”.
Şahbaz Xuduoğlu hesab edir ki, Əlif Şəfəqi boykot etmək doğru deyil: “Boykot və kitab söhbətlərini bir-birindən ayırmaq lazımdır. Sözə sözlə cavab vermək lazımdır. Deyək ki, kimsə bir post paylaşır və bu bizim maraqlarımıza uyğun deyil, o zaman biz ona müvafiq cavab verməliyik. Amma kitabları boykot etmək düzgün yol deyil. Əlif Şəfəq Türkiyədə 200-300 minlərlə oxunur.
Nəşriyyatçı kimi deyə bilərəm ki, Əlif Şəfəq Azərbaycanda o qədər də yaxşı oxunmur. Yeganə yayılan kitabı "Eşq" romanıdır. Mən inanmıram ki, Əlif Şəfəqin gün ərzində bir kitabı satılsın...”
Tanınmış şair, yazıçı Aqşin Yenisey isə bu haqda fikir bildirməkdən imtina edib: “O xanımdan cəmi bir paraqraf oxumuşam, məşğul olduğu işdən bixəbər bir adamdır. Müzakirə etməyə belə dəyməz. Qoy nə bilir eləsin. Boykot etməyə ehtiyac yoxdur, məncə, həqiqətin sükutu daha öldürücüdür”.