21 Oktyabr 2020 13:00
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, Azərbaycan Ordusunun Qarabağdakı əks-həmlə əməliyyatlarını, eləcə də cəmiyyətdə olan hazırkı əhval-ruhiyyəni necə şərh edərsiz?

- Bu gün Azərbaycan cəmiyyəti sevinc içindədir. Torpaqlarımızın azadlığı xalqımızda böyük ruh yüksəkiyi yaradıb. Eyni zamanda erməni təxribatı nəticəsində dinc sakinlərimiz - uşaqlar, qadınlar, körpələr həlak olur. Bu da, sözsüz, sevinc və qürür hissi ilə yanaşı, üzüntü və təəssüf də yaradır. Gəncədə, digər şəhər və rayonlarımızda erməni barbarlığının acı nəticələri bizi üzsə də, ruh düşkünlüyümüzə səbəb olmur. Çünki hazırda Azərbaycan tarixinin ən şərəfli və şanlı bir tarixi dövrü yaşanır. Tarixin müxtəlif dövrlərində topaqlarımızı itirmişik. Bu günsə Azərbaycan itirdiyi torpaqları qəhrəmanlıq göstərərək geri qaytarmağa nail olur.

Düşmənlərimiz düşünürdülər ki, İrəvanı, Zəngəzuru müxtəlif yollarla, vasitələrlə necə almışdılarsa, Qarabağda da həmin ssenarilə ilə çirkin niyyətlərinə çatacaqlar. Zaman göstərdi ki, Azərbaycan xalqının ürəyi o torpaqlardan heç vaxt qopmayıb. Xalqımızda hər zaman sarsılmaz inam vardı ki, mütləq o torpaqlar geri qaytarılacaq.

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın arzusunu yerinə yetirir. Bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda dalğalanır.

Xalqımızın qəti inamı ondan ibarətdir ki, işğalda qalan digər ərazilərimizdə də şanlı bayrağımız dalğalanacaq. Xankəndində, Şuşada Azərbaycan bayrağının sancılacağına inamımız günü-gündən güclənir.

- Sizin bir cəbrayıllı kimi o dövrlə bağlı xatirlərinizi bölüşmənizi istərdik...

- Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşam. Şükürbəyli Cəbrayıl rayonun mərkəzindən 13 kilometr məsafədə yerləşir. Bu kənd elə bir ərazidədi ki, Laçına, Zəngilana, Qubadlıya, ümumiyyətlə Naxçıvana gedən yol oradan keçirdi. Strateji bir nöqtədədi.

Kəndimiz Şükür bəyin adı ilə bağlıdır, qədim türk yurdudu. Bütün uşaqlıq xatirələrim bu kəndlə bağlıdı. Aran zonasında olsa da özünün xüsusi təbiəti ilə, bağları ilə seçilirdi. O bağlar bəylər dövründən qalmışdı.

Orta məktəbi 5-ci sinifə kimi Şükürbəylidə oxumuşam. Kəndimiz daim qonaqlı-qaralı yer idi. Bakıdan da çoxlu qonaqlarımız gələrdi. Xoş günlər yaşayırdıq. Heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa rayonumuz işğal edilə bilər. Atam uzum müddət partiya işində çalışmışdı. Onun işi ilə əlaqədar rayon mərkəzinə köçmüşdük. Ona görə də, həm rayonla, həm də kəndimizlə sıx gediş-gəlişimiz vardı.

15 yaşımdan sonra təhsil almaq üçün rayonumuzu tərk etdim. Sonradan geri qayıdanda rayon mərkəzi işğal edilmişdi. Kənddə isə artıq atəş səsləri eşidilirdi.

Ordumuz Cəbrayılı və onun kəndlərini azad ediləndən sonra aparılan çəkilişlərdən də gördük ki, bütün evlərimizi, yaşayış məntəqlərini yerlə-yeksən ediblər. Bu da erməni vəhşilyinin bariz göstəricisidir.

- 27 ildən sonra Cəbrayıla, Şükürbəyliyə qaydacaqsınız. Bu hissləri necə izah edərdiniz?

- Cəbrayılın və Şükürbəylinin işğaldan azad edilməsi ilə bağlı xəbəri göz yaşları içində qarşıladım. Bu, çox sevincli bir xəbər idi. Ümumiyyətlə Azərbaycan xalqı uzun illər narahatlıq içərisində idi. İşğal altında olan torpaqlarımızı qaytarmaq heç birimizə asan görünmürdü.

Bu gün yurd-yuvasından didərgin düşmüş hər bir kəs səbirsizliklə gözləyir ki, yenidən geri qayıtsın. İnsan doğulduğu yerə həmişə bağlı olur. Bizim əcdadlarımızın ruhu o yerlərdə dolaşır. 2016-cı ilə Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Qısa zaman içində həmin kənd yenidən quruldu. Bu gün də ölkəmizin potensialı var ki, bütövlükdə həmin bölgələr yenidən qurulsun. Düşünürəm ki, tez bir zamanda həmin ərazilərdə təmir-bərpa işləri həyata keçirələcək. Cəbrayıla qayıtmaqla əcdadlarımızın yurduna dönəcəyik.

Biz o torpaqlara ruhumuzla, qəlbimizlə bağlı olmuşuq. Mən yuxularımda daim kəndimizdə, rayonumuzda gəzirdim. Yuxularımın çin çıxdığına sevinirəm.

- Kəndinizi, evinizi internet üzərindən axtarmısınızmı?

- Bəli, dəfələrlə... Cəbrayılın Şükürbəyli kəndindən İran ərazisi tam aydın görünür. Bəzən bizim yaxınlarımız, tanıdığımız insanlar İran tərəfə keçib Araz çayının qırağından öz kəndimizi seyr edirdi.

Cocuq Mərcanlı azad olunandan sonra ora gedəndə artıq Cəbrayılın nəfəsini, qoxusuni hiss edirdim. İnşallah, tezliklə gedib kəndimizə baş çəkməyi planlaşdırmışıq. İnternetdə də baxanda görünür ki, Şükürbəyli kəndinin dairəsi hər tərəfdə yaşıllıqdı.

- İşğaldan azad ediləndən sonra yayımlanan şəkillərdə evinizi gördünüzmü?

- Görə bilmədim. Bizim evdən təxminən 500 metr aralıda yerləşən bir ərazi düşmüşdü kadrlarda. Düşünürəm ki, tezliklə gedib evimizə, doğma yurdumuza baş çəkəcəyik.

- Kəndinizdə ilk əvvəl haranı ziyarət etməyi düşünürsünüz?

- İlk olaraq evimizə gedəcəm, sonra ən çox arzuladığımı həyata keçirəcəm - babamın qəbrini ziyarət edəcəm. Biz rayondan çıxmamışdan bir neçə il öncə babam rəhmətə getmişdi. Orada ailə qəbristanlığında dəfn edilib. Daha sonra ilk oxuduğum məktəbə baş çəkəcəm.

Füzuli azad edildikdən sonra yayılan görüntülərdən görünürdü ki, erməni vandalları qəbirləri də dağıdıb, talan ediblər. Ermənilər o qədər yaramaz məxluqlardır ki, insanların dini inancına və qəbir abidələrinə belə barbarcasına hücum edir.

- Azad olunmuş rayonlarımızın yenidən bərpası və məcburi köçkünlərin geri qayıdışıyla bağlı proseslər, sizcə, necə tənzimlənməlidir?

- İşğal olunmuş digər rayonlarımız kimi, Cəbrayılın da əhalisi ölkənin müxtəlif bölgələrində məskunlaşıb. İnsanlar başqa-başqa ərazilərdə özlərinə iş qurub, müxtəlif fəaliyyətlə məşğuldurlar. Amma hamı öz yurduna, elinə, obasına qayıtmağa hazırdır.

Bizim rayondan olan iş adamları var ki, geri dönüb müəyyən bir iş fəaliyyəti qurmağı duşunurlər. Digər peşə sahibləri də orada özləri üçün müəyyən iş sahələrində çalışmağı planlaşdırır. Ümumilikdə hər kəsdə istək və arzu var ki, öz yurduna qayıtsın. Sözsüz ki, bu, uzun prosesdir. Ərazilər minadan təmizləndikdən sonra insanların geriyə qayıdışı və tikinti-bərpa işində aktiv iştirakı planlaşdırılır.

Ortada Cocuq Mərcanlı təcrübəsi mövcuddur. Bu təcrübədən görünür ki, işğladan azad olunan rayonlarımızda insanların yaşayışı üçün bütün zəruri infrastruktur yaradılacaq.

- Cəbrayıldan köçkün düşən əhali hansı bölgələrimizdə məskunlaşıb?

- Cəbrayıldan didərgin salınan sakinlər respublikanın 54 rayonunda məskunlaşıb. Rayon işğal olunandan sonra cəbrayıllılar demək olar ki, ölkənin şimalından qərbinədək müxtəlif bölgələrə səpələniblər. Sözsüz ki, bu məskunlaşma pərakəndə olduğundan idarəçilik baxımından da çətinliklər yaradırdı.

Onu da xatırladım ki, Cəbrayıl rayonu 92 kənd, 4 qəsəbə, 1 rayon mərkəzindən ibarətdir. Bu günə qədər Cəbrayılın 38 kəndi və rayon mərkəzi işğaldan azad edilib. Digər kəndlərimiz də azad edilir. İlk öncə Cəbrayılın Arazqırağı kəndləri azad edildi, sonra şimala doğru istiqamət götürüldü.

- Cəbrayılı Qarabağa giriş qapısı hesab etmək olarmı?

- Son proselərdə göstərdi ki, Cəbrayıl Qarabağın azadlığı üçün çox mühüm strateji əhəmiyyətə malikdir. Ona görə də, Cəbrayılı hazırda Qarabağa giriş qapısı hesab etmək olar. İnşallah, Cəbrayıldan sonra Qubadlı və digər rayonlarımızın da işağldan azad edilməsi təmin ediləcək.

- Cəbrayıla qayıdış eyni zamanda dini-mənəvi dəyərlərimizə qayıdış kimi də dəyərləndirilir. Dini abidlərimizin bərpası istiqamətində hansısa bir plan varmı?

- Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri inşa edildi. Cənab Prezident həmin məscidin açılışındakı çıxışında vurğuladı ki, azad edilən rayonlarımızda məscidlərimizi yenidən inşa edəcəyik. İşğaldan azad olunan bütün rayonlarımızda, kəndlərmizdə məscidlər, dini abidlər təmir ediləcək və insanlarımızın xidmətinə təqdim olunacaq. Məscidlərimizdə, minarələrimizdə, inşallah, tezliklə azan səsi eşidiləcək. Parlament üzvü kimi özüm də təşəbbüslə çıxış etməyi düşünürəm.

Cəbrayıl işğal edilənə qədər orada 5 məscid fəaliyyət göstərirdi. Rayon mərkəzində məscid olmasa da, kəndlərimizdə məscid vardı. Daşkəsən kəndindən yayılan görtüntülərindən aydın oldu ki, erməni vandalları həmin kənddə məscidi dağıdıblar. Eyni zamanda Papı kəndindəki məscidimizi də ermənilər xaraba gününə qoyublar. İşğal edilən bütün bölgələrimizdə tarixi abidələrimiz böyük vandalizmə məruz qalıb.

- Ceyhun müəllim, siz ixtisasca ilahiyyatçısız. Yeri gəlmişkən soruşaq, ərəbdilli oxuculara Azərbaycanla bağlı həqiqətlərin çatdırılması istiqamətində hansı addımlar atılıb?

- Bu ərəfədə davamlı olaraq ərəbdilli kanallarla əlaqədə olmuşam. Türkiyənin TRT kanalının ərəb versiyasında mütəmadi çıxışlar etmişəm. Misir Ərəb Respublikasının bir neçə telekanalı ilə müsahibələrimizdə ölkəmizlə bağlı hazırkı durum tam geniş izah edilib. Həmçinin Əlcəzairin dövlət radiosunda hazırkı durumla bağlı geniş məlumatlar çatdırmışıq.

Mənfur erməni diasporu davamlı olaraq çalışır ki, yalan informasiyaları dövriyyəyə buraxsın. Misir televeziyasına müsahibədə bir erməni ilə debat oldu. Onun yalan və uydurma informasiyalarına tutarlı cavab verildi. Real tarixi faktlarla gerçəkliyi əsaslandırmış olduq.

- Müsəlman dünyasının hazırkı proseslərə münasibətini necə dəyərləndirirsiniz?

- Ermənistan tərəfi bu müharibəni bir sıra Avropa ölkələrində xristian-müsəlman savaşı kimi təqdim etməyə çalışır. Avropadakı bəzi təşkilatlar da bununla bağlı zaman-zaman yanlış materiallar təqdim edirlər. İddialar ondan ibarətdir ki, guya müsəlman Azərbaycan xristian ermənilərə qarşı soyqırımı törədir. Bu faktordan əvvəllər də, indi də davamlı olaraq istifadə etməyə çalışırlar.

Eyni zamanda müəyyən ərəb ölkələrində erməni diasporu fəaliyyət göstərir. Hansı Avropa ölkəsində ərəb diasporası güclüdür, orada da ermənilər onları öz tərəflərinə çəkməyə çalışırlar. Paralel olaraq hansı ölkələrin ki, qardaş Türkiyəyə münasibətlərində soyuqluq var, ermənilər məhz bu faktordan yararlanmağa cəhd göstərirlər.

Bütün bunlara baxmayaraq, bir sıra ərəb və müsəlman ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Hazırda ermənilər daha çox Livanda öz çirkin kampaniyalarını aparmağa çalşırlar. Bununla belə, Azərbaycanın qurmuş olduğu diplomatik strategiya düşmənin bütün hədəflər üzrə planlarını alt-üst edir.

- İşğaldakı məscidlərimizə, tarixi abidələrimizə qarşı vandalizm həyata keçirən ermənilər hərbi əməliyyatların gedişində Azərbaycanı kilsəni vurmaqda da ittiham etdi...

- Təcavüzkar Ermənistan öz məqsədlərinə nail olmaq üçün bir neçə tezisdən çıxış etməyə çalışır. İlk növbədə istəyirlər ki, bu məsələni türk-erməni münaqişəsi müstəvisinə çıxarsınlar. Digər yandan dini faktoru önə çəkməyə çalışırlar ki, xristianların diqqətini cəlb eləsinlər. Hər kəs bilir ki, Azərbaycan yalnız legitim hərbi obyektləri hədəfə alır. İşğalçı Ermənistan isə öz hərbi obyektlərini yaşayış məntəqələrinin yaxınlığında yerləşdirib. Bu da onların məhz çirkin planlarına hesablanmış bir addımdır. Ona görə də, erməni kilsəsinin Azərbaycan tərəfindən vurulması məhz düşmənin növbəti şousu idi. Bunu ayrı-ayrı ekspertlər də təsdiqləyib.

Kilsə ilə bağlı görüntülərə baxanda aydın oldu ki, bu, onların özləri tərəfindən qurulmuş çirkin bir oyundur. Bütün dünyaya çatdırmaq istəyirdilər ki, Azərbaycan mülki obyektləri, ibadət yerlərini hədəfə alır. Reallıqda isə belə bir fakt yoxdur. Hamıya məlumdur ki, ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindəki məscidlərdə heyvan saxlayırlar. Şuşada, Ağdamda məscidləri dağıdan Ermənistana reaksiya verən yoxdur.

Hazırda Bakıda 3 pravoslav,1 katolik kilsəsi fəaliyyət göstərir. Eyni zamanda şəhərin mərkəzində erməni kilsəsi mövcuddur. Bakıdakı erməni kiləsində erməni dilində 5 mindən artıq dini ədəbiyyat saxlanılır.

Azərbaycan dini ibadət yerlərinə hörmət etməyən ölkə olsaydı, Bakının mərkəzində erməni kiləsəsi bu günə qədər qalmazdı. Hətta Ermənistanın dini lideri bir neçə il öncə Bakıda erməni kilsəsinə baş çəkərkən təəəcübünü gizlədə bilməmişdi. İnana bilmirdi ki, Azərbaycanda erməni kilsəsi olduğu kimi saxlanıla bilər...


Müəllif: Tapdıq Qurbanlı