16 Noyabr 2020 23:24
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər barədə növbəti məqalə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, məqalədə rəsmi Bakının Ermənistanın xahişi əsasında Kəlbəcərin Azərbaycana təhvil verilməsinin noyabrın 25-dək uzadılmasına razılıq verdiyi bildirilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla vurğulanıb ki, Azərbaycan çətin hava şəraitini nəzərə alaraq, Kəlbəcərin təhvil verilməsi üçün əlavə 10 gün möhlət verib.

“Azərbaycan tərəfi ermənilərin Kəlbəcəri tərk edərkən evləri və sosial obyektləri yandırmasını pisləyib, onların ətraf mühitə ziyan vurduğunu bəyan edib”, - deyə CGTN-dəki məqalədə bildirilib.

Qeyd olunub ki, 1994-cü ildə başa çatmış müharibədən əvvəl Kəlbəcərdə yalnız azərbaycanlı əhali yaşayıb. Amma Ermənistanın nəzarətinə keçdikdən sonra ermənilər orada qanunsuz olaraq məskunlaşmağa başlayıb.

Məqalədə Azərbaycana qaytarılacaq ərazilərdəki abidələrlə bağlı məsələyə də toxunulub. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı bütün dini abidələrin mühafizə olunacağını, Azərbaycanda yaşayan xristianların bu məbədlərdən istifadə edə biləcəyini deyib.

CGTN ermənilərin işğalı altında olan ərazilərdə İslam dininə aid abidələrin təhqir edilməsinə, o cümlədən məscidlərdə ev heyvanları saxlanılması məsələsinə toxunub.

Münaqişənin tarixi haqqında məlumat verilən məqalədə yazılır ki, Dağlıq Qarabağ bölgəsi sovet dövründə Azərbaycanın tərkibində olub. SSRİ-nin son illərində bölgədə başlayan müharibə 1994-cü ildə atəşkəs razılaşması isə dayanıb. Bu il sentyabrın 27-də yenidən başlayan müharibədə Azərbaycan əhəmiyyətli üstünlüklər qazanıb, strateji əhəmiyyətli Şuşa şəhərinə nəzarəti ələ keçirib. Bundan 2 gün sonra isə atəşkəs haqqında bəyanat imzalanıb. Ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan bu bəyanat Ermənistanda ciddi etirazlara səbəb olub. Hökumət bəzi müxalifət liderlərini həbs edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər