Artıq Dağlıq Qarabağın 700-dən çox sakini Rusiya Müdafiə Nazirliyinin səhra xəstəxanasında yardım alıb, son sutka ərzində rus hərbi həkimlər 95 yerli sakinə yardım edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin tərkibində olan xüsusi təyinatlı tibb dəstəsi həm Xankəndi şəhərində, həm də Dağlıq Qarabağın digər yaşayış məntəqələrində yerli əhaliyə yardım göstərməyə davam edir. Dağlıq Qarabağın ümumilikdə 700-dən çox sakini, o cümlədən 79 uşaq Müdafiə Nazirliyinin səhra xəstəxanasında kvalifikasiya üzrə tibbi yardım alıb”, – deyə məlumatda bildirilib.
Son sutka ərzində Rusiya Federasiyasının hərbi həkimləri tərəfindən Çartar yaşayış məntəqəsinin 95 sakininə tibbi yardım göstərildiyi qeyd olunur.
“Müraciət edən bütün şəxslər yaradılmış mobil hospitalda ixtisaslı terapevtlər, cərrahlar və digər peşəkar mütəxəssislər tərəfindən ilkin baxışdan sonra məsləhətlər və lazımi təyinatlar alırlar”, – deyə Rusiya MN-n məlumatında vurğulanır.
Yerli sakinlərin adətən müxtəlif kəskin xroniki xəstəliklər, ürək-damar və endokrin sistemi xəstəlikləri, həmçinin stomatoloji yardım üçün müraciət etdikləri qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi təyinatlı tibb dəstəsinin bölməsi 60-dan çox hərbi cərrah, anestezioloq-reanimatoloq, terapevt və epidemioloqdan ibarətdir.