Rusiya hökumətinin keçmiş sədri Yevgeni Primakov uzun illər öncə Ermənistan rəhbərliyini xəbərdar etmişdi ki, Azərbaycanla razılığa gələ bilməsələr, onlar gec-tez Dağlıq Qarabağı tamamilə itirəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın bir sıra saytları (Qlavnoe.net. Tsargrad.tv, Yujnı Federalnı) məlumat yayıb.
Portallarda dərc olunan yazıda qeyd edilir ki, erməni ordusu qalibiyyət yürüşü ilə Azərbaycanın rayonlarını bir-bir öz nəzarətinə keçirdiyi bir vaxtda Y.Primakov Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyana Dağlıq Qarabağın sırf ermənilərin yaşadığı hissəsini özündə saxlamağı, işğal olunmuş digər bütün əraziləri isə Bakıya qaytarmağı məsləhət görüb: “Bu söhbət 1990-cı illərin əvvəllərində olub. Yevgeni Maksimoviç Ter-Petrosyanı Avropa və ABŞ-la əldə olunan müvafiq razılaşma barədə məlumatlandırıb. O, həmin vaxt Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru (Y.Primakov bu vəzifəni 1991-1996-cı illərdə tutub-müəllif) idi".
Qeyd olunur ki, Ermənistan Prezidenti öz növbəsində bu təklifi Qarabağdakı səhra komandirləri ilə müzakirə edib. Onlar isə təklifi qətiyyətlə rədd edib və “küçələrin uçurdulacağını” (güclü etiraz aksiyalarının olacağını) bildiriblər.
“Beləliklə, Ter-Petrosyan respublika əhalisinin bu ideyanı anlamayacağı motivi ilə Primakovun təklifini yerə vurub. Bundan sonra Rusiyanın mühüm siyasi fiquru həmsöhbətinə Azərbaycanın böyük potensiala sahib olduğunu və bir neçə on il ərzində gözləməyi bacaracağını söyləyib. Deyib ki, Azərbaycan gücünü toparlayaraq İrəvandan hər şeyi alacaq. Son bir neçə ay ərzində baş verənlər də elə budur”, – deyə yazılarda qeyd olunub.
Yazılarda Y.Primakovda sitat bu şəkildə verilib: "Azərbaycan işləməyi və gözləməyi bilir. Onların resursları var. 10, 20, 30 il keçəcək – onlar güc toplayacaq və hər şeyi sizdən alacaqlar".
Qeyd edək ki, Yevgeni Primakov (1929-2015) 1996-98-ci illərdə Rusiyanın xarici işlər naziri, 1998-99-cu illərdə isə baş naziri olub.