Tarixi Azərbaycan şəhəri, Qafqazın incisi, mədəniyyət beşiyi hesab olunan Şuşa şəhərinin 1992-ci ildə işğalı ilə nəticələnmiş əməliyyatın adının “Dağlarda toy” olduğu Azərbaycanda çox adama məlumdur. Ancaq heç də hamı əməliyyatın adının haradan götürüldüyü barədə məlumatlı deyil.
Teleqraf.com bildirir ki, məsələ sonuncu dəfə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 14-də Şuşaya səfəri zamanı gündəmə gəlib. Belə ki, dövlət başçımız Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilər qarşısında çıxışı zamanı deyib:
“Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.
Teleqraf.com Şuşanın işğalı ilə nəticələnmiş əməliyyatın adını nə üçün məhz “Dağlarda toy” adlandırılmasına dair hazırladığı arayışı təqdim edir. Ancaq əvvəlcə əməliyyatın özü barədə.
Şuşa şəhərini işğal etmək üçün döyüş əməliyyatları dörd istiqamətdə aparılıb, yəni şəhərə eyni vaxtda dörd istiqamətdən hücum edilib. Mayın 8-i, gecə saat 02:30 radələrində Kirsdəki mövqeləri (Laçın rayonunun Kirs kəndi və eyniadlı dağda yerləşən mövqelər nəzərdə tutulur. Kirs hazırda Köhnəkənd adlanır-S.Həmid) ələ keçirən, bununla da Laçın-Şuşa yolu üzərində nəzarəti götürən erməni ordusunun bölmələri Şuşaya daxil olur. Şəfəq sökülərkən işğalçıların qələbə rəmzi – erməni “trikolor”u artıq əzəmətli qala şəhərindəki dağılmış “Qazançı” (ermənilər “Surb Kazançetsots” deyirlər) məbədinin günbəzi üzərində dalğalanırdı. Bu, Azərbaycan tarixinin ən qara səhifələrindən biri idi...
Ümumiyyətlə isə əməliyyat tam olaraq mayın 9-u səhər saatlarında yekunlaşıb. Şuşanın işğalı Birinci Qarabağ müharibəsində ermənilərin sonrakı qələbələrinin, azərbaycanlıların isə ardıcıl məğlubiyyətlərinin başlanğıcını qoyan dönüş nöqtəsi olub. Şuşa işğal altına düşən ilk və 44 günlük Vətən müharibəsində işğaldan azad edilən sonuncu Azərbaycan şəhəri olub. Bu fikri Prezident İlham Əliyev də xalqa müraciətində bir neçə dəfə səsləndirib.
Burada bir haşiyə çıxaq. Azərbaycanın mədəni həyatında oynadığı rola, Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlərin, əvəzolunmaz sənətkarların sayına, tarixiliyinə, daim yadellilərin hədəfində olmasına və bir çox digər səbəblərə görə Şuşanı görən, görməyən hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyətə malik şəhərin işğal altına düşməsi onlara ağlasığmaz zərbə oldu.
Britaniyalı jurnalist Tomas de Vaal 2005-ci ildə Moskvada çap olunan “Qara bağ: Azərbaycan və Ermənistan hərb və sülh arasında” kitabında yazır: “1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatına amansız zərbə oldu. Bir bakılı intelligent mənə dedi: “Bu xəbər bizə çatanda mən və mənim bir çox dostlarım sadəcə, hönkür-hönkür ağladıq”".
İndi isə əməliyyatın kod adının mənası barədə. Beləliklə, Şuşanın tutulması vəzifəsi Xocalının işğalından dərhal sonra – 28 fevral 1992-ci ildə qarşıya qoyulur. Hücum əməliyyatına məsul olan qondarma “dqr”in müdafiə qüvvələrinin komandanı, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan və onun müavini Samvel Babayan Şuşanın ələ keçirilməsinə dair əməliyyat planı işləyib hazırlayırlar. Plan Ermənistanın müdafiə naziri Vazgen Sərkisyana təqdim edilir. O isə planın yerinə yetirilməsinin son dərəcə qeyri-real, mümkünsüz olduğunu bildirir. Şuşanın tutulması halında mütləq evlənəcəyini söyləyir. Beləliklə, əli dinc azərbaycanlılarının qanına batmış 3 erməni azərbaycanlıların şəhərinin işğalı ilə bağlı mərc gəlirlər: Şuşa tutulsa, 33 yaşlı müdafiə naziri evlənəcək, toy isə Şuşa dağlarında çalınacaq. Şuşanın işğalı ilə nəticələnmiş əməliyyatın adı – “Dağlarda toy” belə yaranır...
Buradan o tərəfi bəlkə də oxucular üçün maraqlı deyil. Ancaq hər bir halda deməliyik ki, Şuşa tutulsa da V.Sərkisyan verdiyi sözü tutmur. O, baş nazir olarkən – 27 oktyabr 1999-cu ildə – 40 yaşında Ermənistan parlamentində terror aktı nəticəsində qətlə yetirilərkən subay idi.