6 May 2021 14:28
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşaya çəkilən "Zəfər" yolu bu ilin sentyabrında istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun şanlı qələbəsindən sonra bu yolun tikintisinə başlanıldı: "Hazırda ərazidə fasiləsiz tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol iki gediş-iki gəliş, altı zolaqdan ibarət olacaq. Yol bu ilin sentyabırıadək asfaltlanaraq tam istifadəyə veriləcək".

Anar Nəcəfli bildirib ki, “Zəfər yolu”nun uzunluğu isə 101 kilometrdir: "Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Ötən il noyabrın 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu".

Anar Nəcəflinin sözlərinə görə, "Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır: "Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla və 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir".

Anar Nəcəfli qeyd edib ki, artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir".

Anar Nəcəfli bildirib ki, hazırda avtomobil yolu boyunca torpaq işləri icra olunur: "Xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidləri, bundan başqa müxtəlif ölçülü 10 yeraltı keçid, həmçinin zəruri olan yerlərdə 4 avtomobil körpüsünün inşası da aparılır.

Körpülərin uzunluqları 111.4, 45, 90 və 93.4 metr olmaqla yolun 26.9, 37.2, 37.6 və 57.3-cü kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. “Zəfər yolu” inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yol ötürücülərinin tikintisi nəzərdə tutulub.

Tikintiyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır".

Anar Nəcəfli əlavə edib ki, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Anar Nəcəfli bildirib ki, "Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək: "Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

FOTOLAR: Ceyhun Rəhimov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər