“İran Xankəndinə qanunsuz yüklər daşımaqda davam edir”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin notasına baxmayaraq, İran separatçılara yardımı dayandırmayıb:
“İranın ağırtonnajlı yük maşınlarının (TIR) Ermənistana, oradan da Gorus-Xankəndi marşrutu ilə hərəkət edərək, Laçın dəhlizindən keçərək Xankəndinə doğru hərəkət etdiyi barədə dəfələrlə məlumat vermişəm. Son dəfə bildirmişdim ki, iyulun 11-dən avqustun 8-dək İranın 4 ağırtonnajlı yük avtomobili və 31 benzin daşıyan yük maşını Laçın dəhlizindən keçərək Xankəndinə giriblər. Bu 35 avtomobil 70 dəfə Xankəndinə giriş-çıxış ediblər. İranın Bakıdakı səfirliyi də hər dəfə üzə durur, “bunlar iddialardır” deyirdi. Nəticədə, avqustun 11-də İran səfiri Azərbaycan XİN-nə çağırıldı, İranın yük avtomobillərinin Qarabağa qanunsuzcasına yüklər daşıdıqları deyildi, İrana nota verildi.
Rəsmi Bakı ümid etdiyini bildirmişdi ki, İran İslam Respublikası Azərbaycana qarşı yönəlmiş bu addımlarına son qoyar. O notadan bir ay keçib. Nə dəyişib? Heç nə. İranın maşınları yenə də Xankəndinə yüklər, xüsusilə də yanacaq-sürtgü maşınları daşıyırlar.
Avqustun 11-dən, yəni Azərbaycan XİN-də İran səfirinə rəsmi etiraz notasının təqdim edildiyi günün səhərindən etibarən dünənədək Xankəndiyə İranın 58 yük maşını daxil olub, həmin maşınların 55-i geri qayıdıb. İran guya ağıllı tərpənir, maşınlara Ermənistanın dövlət nömrə nişanlarını vurur. Amma Tehran həmişəki kimi, bir əməli də sonadək əməlli edə bilmir. Belə ki, maşınların bir neçəsində eyni nömrə nişanı olub.
İranın maşınları indi Xankəndinə yanacaq-sürtgü materialları daşıyırsa, əsla və əsla şübhə etmirəm ki, İkinci Qarabağ Müharibəsi günlərində ermənilərin tankları məhz İran yanacağı ilə hərəkət edib”.