“Rusiya və Ermənistan imzaladıqları 10 noyabr anlaşmasını pozur. Artıq bir ildən çoxdur ki, bu üçtərəfli bəyanat imzalanıb. Bundan sonra Ermənistan və Rusiya dəfələrlə bu anlaşmanı pozublar. Azərbaycan isə o anlaşmada qalır və üzərinə düşənləri yerinə yetirir. Fikrimcə, Azərbaycan konkret mesaj verməlidir ki, ya bu anlaşma hərtərəfli yerinə yetiriləcək, ya da Azərbaycan oradan çıxacaq. Bu olmayanadək Rusiya və Ermənistan anlaşmanı pozmaqda davam edəcək”.
Politoloq Əhəd Məmmədlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Baş Prokurorluqdan bildirilib ki, separatçıların başçısı Araik Arutyunyan qısa müddətdə Azərbaycana təhvil veriləcək. Sizcə, bu, mümkün olacaqmı, bu yöndəki maneələri aşa biləcəyikmi?
- Baş Prokurorluğun açıqlaması nikbin görünür, amma inandırıcı görünmür. İndi Araik Arutyunyan əl-qolunu sallaya-sallaya hər yerə gedir. Yenə də Xankəndidəki kabinetində oturur, gələn qonaqları qəbul edir, öz otağında rus generaliteti ilə görüşür. Gah İrəvana, gah da Moskvaya yollanır.
Xankəndində anti-terror əməliyyatı aparılsa, təbii ki, bu mümkündür. Bu olmasa, yenə də əl-qolunu sallaya-sallaya gələcək, orada tikinti işləri aparacaqlar, rus sülhməramlıları da inşaat-tikinti qrupu kimi davranacaq, orada bələdiyyə işini görəcək, hər yeri yığışdıracaq, süpürəcək, siləcək. Bunun qarşısını almaq üçün anti-terror əməliyyatların aparılması lazımdır.
- Ümumən, bölgədəki gəlişmələr haqda fikriniz nədir: üçtərəfli anlaşmaların əksinə olaraq, hələ də oradakı qanunsuz silahlı birləşmələr tərksilah edilməyib, sülhməramlıların separatçılara açıq dəstəyi də nəzərdən qaçmır. Sanki bölgədəki separatizmi diri tutmağa çalışırlar. Ortada bir məkrli niyyət müzakirə mövzusu ola bilərmi və bunun qarşısı necə alına bilər?
- Rusiya və Ermənistan imzaladıqları 10 noyabr anlaşmasını pozur. Artıq bir ildən çoxdur ki, bu üçtərəfli bəyanat imzalanıb. Bundan sonra Ermənistan və Rusiya dəfələrlə bu anlaşmanı pozublar. Azərbaycan isə o anlaşmada qalır və üzərinə düşənləri yerinə yetirir. Fikrimcə, Azərbaycan konkret mesaj verməlidir ki, ya bu anlaşma hərtərəfli yerinə yetiriləcək, ya da Azərbaycan oradan çıxacaq. Bu olmayanadək Rusiya və Ermənistan anlaşmanı pozmaqda davam edəcək.
Hesab edirəm ki, bu il “Xankəndi ili” elan edilməlidir. Azərbaycan öz qarşısına hədəf qoymalıdır ki, Xankəndi və Laçın dəhlizini nəzarətə götürsün. 2020-ci il başlayandan öz müsahibələrimdə də deyirdim ki, bu il Qarabağda müharibə olmalıdır, olmasa, Azərbaycan üçün gec ola bilər. İndi yenə də o fikirdəyəm ki, 2022 “Xankəndi ili” olmalıdır. Yəni bu il Xankəndi və ətrafı nəzarətə götürülməlidir.
- Dediyiniz mümkün görünürmü?
- Niyə də mümkün olmasın? Bəziləri deyirlər ki, orada ruslar var, mümkün deyil. Ötən əsrin 90-cı illərində Qarabağdakı rus hərbi kontingentinin sayı indikindən daha çox idi. Amma müharibə gedirdi. Bu baxımdan mümkün hesab edirəm. Sadəcə, ruslara qəti şəkildə bildirmək lazımdır.
Ermənilər özlərini ona görə belə rahat aparırlar ki, Azərbaycanın belə riskə getməyəcəyini düşünürlər, nə qədər sülhməramlılar buradadır, azərbaycanlılar bir güllə də ata bilməzlər. Biz onları bu fikrindən daşındıra bilərik. Ermənilərin olduğu həmin ərazilər istiqamətində hərbi addım atsaq, ermənilərlə yanaşı, ruslar da başqa cür düşünməyə başlayacaqlar. Bununla o mesajı alacaqlar ki, biz hər anti-terror əməliyyatlarına başlayıb ora nəzarəti bərpa edə bilərik.
Türkiyə də yanımızda olmalıdır. Bu baxımdan, Şuşa bəyannaməsinin indiki halda Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiya edilməsini təsadüfi saymıram. Bu, Ermənistanla yanaşı, Rusiyaya mesajdır ki, Türkiyə Azərbaycanın atacağı hər addımda yanında olacaq.
- Ermənistan rəhbərliyi “Qarabağ yükü”nü Rusiyanın üstünə atmağa çalışırmı? Ermənistan mediası belə bir məsələni də uzun müddətdir müzakirə edir.
- Ermənilər bicdirlər. Gördülər ki, Qarabağ savaşında Azərbaycanla bacarmadılar, indi də bunu rusların üstünə atırlar. İndi öz çirkin oyunların da rusların əlləri ilə oynayırlar. Biz buna imkan verməməliyik. İmkan verməməliyik ki, Ermənistan Qarabağda Azərbaycanla Rusiyanı üz-üzə qoysun. Bu saat Ermənistan bununla məşğuldur.
- Bəs rusların bu oyunda məqsədləri nədir: son nəticədə nəyə nail olmaq istəyirlər?
- Rusiyanın məqsədi budur ki, Cənubi Qafqazda qalsın, Qarabağda münaqişə ehtimalı həmişə ayaqda olsun. Bundan da həm Azərbaycana, həm də Ermənistana təzyiq rıçaqı kimi istifadə edə bilsin. Eyni zamanda, bacarsa daha da irəli gedib, Qarabağı özünə birləşdirsin. Rusiya heç vaxt bu niyyətlərini gizlətməyib. Dəfələrlə Putin səviyyəsində bir sıra keçmiş sovet ölkələrinə qarşı ərazi iddiaları qaldırıblar. Bu ssenarini Abxaziya və Cənubi Osetiyada gördük. Buna görə də Azərbaycan çox ehtiyatlı olmalıdır.
Azərbaycan Şuşa bəyannaməsinin təsdiqlənməsindən sonra Qarabağda növbəti anti-terror əməliyyatlarına hazırlaşmalıdır. Bunu da açıq şəkildə Rusiyaya bildirməlidir. Azərbaycan Rusiyaya öz “qırmızı xətt”ini göstərməlidir. Açıq şəkildə bildirmək lazımdır ki, məsələlər ya dinc yolla həllini tapmalıdır, ya da Azərbaycan öz gücünə bunu həll edəcək. Sərhədləri və ərazi bütövlüyü Azərbaycanın “qırmızı xətt”idir.