18 Fevral 2022 09:14
68 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arutyunyan Azərbaycan xalqına qarşı törədilmiş böyük terror aktlarına sərəncam verən şəxslərdən biridir. Gəncə və Bərdəyə ballistik raketlərin atılması əmrini verdiyini özü etiraf edib. Azərbaycan hüquq mühafizə orqanlarında bununla bağlı kifayət qədər dəlil və sübutlar var. Arutyunyan buna qədər də “qırmızı bülleten”lə İnterpolun axtarışına verilmişdi. O, yalnız Rusiyaya gedə bilir. Arutyunyan Rusiya Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin agentidir. Rus polisi onun tutularaq Azərbaycana təhvil verilməsini qulaqardına vurur. Artıq törətdiyi terror aktlarına görə Arutyunyanın hüquqi müstəvidə cəzalandırılması gündəmə gəlib”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Qarabağın dağlıq hissəsində yaşayan separatçılara fevral-may aylarında hərbi təlimlər keçiriləcək. Təlimlərə Xocalı cəlladı Vitali Balasanyan rəhbərlik edəcək. Sizcə, bunda məqsəd nədir, özündə hansı mesajı ehtiva edə və bunun təşəbbüskarı kim ola bilər: İrəvan, yoxsa bölgədə sülhməramlıları olan Moskva?

- Hər ikisi ortaq fəaliyyət göstərir. Yəni belə təxribat və avantüra hər ikisindən gələ bilər. Separatçılarla “sülhməramlı” adlandırılan Rusiya qüvvələri arasında açıq işbirliyi var. Bunun nəticəsidir ki, 10 noyabr anlaşmasının bəndlərinə zidd olaraq erməni silahlı qüvvələrinin tör-töküntüləri hələ də orada qalır. Üstəgəl, separatçıların “özünümüdafiə ordusu” adlandırılan qüvvələrinə də toparlanmaq üçün çəki-düzən verilib.

Hesab edirəm ki, bu məsələnin mətbuata sızdırılmasının təbliğati tərəfi daha genişdir. Bununla həm Azərbaycana müəyyən psixoloji təsir göstərmək, həm də hərbi əməliyyatlara sövq etmək istəyirlər. Bununla da dünyanın ictimai rəyində “Azərbaycan ermənilərə bölgədə dinc yaşamağa imkan vermir” təəssüratını formalaşdırmaq niyyəti güdürlər. Onsuz da həm sülhməramlılar, həm də separatçılar Azərbaycanın “qırmızı xətt”ini çoxdan keçiblər. Bölgədə bir-birinin ardınca keçirilən təxribatçı tədbirlər də bunu göstərir. Məsələn, separatçılar “yeni konstitusiya” hazırlamağa başlayıblar. Eyni zamanda, martda “parlament” və “prezident seçkiləri” keçirmək istəyirlər. Bu, həm Azərbaycana meydan oxumaqdır, həm də 10 noyabr anlaşmasının ruhuna ziddir. Belə bir şey olarsa, bu, 10 noyabr anlaşmasının pozulması demək olacaq.

Rus sülhməramlıları da dinc dayanmır. Özləri də həm hərbi və döyüş hazırlığı keçirlər, həm də separatçıların təlimlərinin təşkili üçün də dəstək verirlər. Rus hərbçilərinin bölgədəki fəaliyyəti artıq sülhməramlı məqsədlərə xidmət etmir. Onlar açıq şəkildə ermənilərin tərəfini tuturlar, onları qızışdıraraq Azərbaycana qarşı təxribatlara sövq edirlər. Tərtər rayonunun Qapanlı kəndinin separatçılar tərəfindən atəşə tutulması da, bölgədəki status-kvonu dəyişməyə yönəlmiş və Azərbaycanın milli maraqlarına uyğun gəlməyən hərəkətlərdir. Sülhməramlılar və separatçılar bölgədəki yeni reallıqla barışmaq istəmədiklərini nümayiş etdirməyə çalışırlar.

Azərbaycan bu kimi təxribatlara qarşı öz cavab tədbirlərini çoxdan hazırlamağa başlayıb. Separatçıların yaşadıqları ərazilərin ətrafında Azərbaycanın yüksək hazırlıqlı yeni dağ komandoları dislokasiya edilib. Həmin komandolar Türkiyədə təlimdən keçmiş azərbaycanlı hərbçilərdən ibarətdir. Bundan başqa, Milli Ordu və Sərhəd Qoşunlarımızın qüvvələri də bölgədəki proseslərə nəzarət edirlər. Həm separatçılar, həm də sülhməramlılar anlamalıdırlar ki, onlar Azərbaycan ordusunun mühasirəsində olan ərazilərdədirlər, hansısa təxribatın qarşısı ordumuz tərəfindən sərt şəkildə alınacaq. Başa düşməlidirlər ki, bu dəfəki anti-terror əməliyyatları lokal olmayacaq, Laçın dəhlizinə qədər böyük əraziləri əhatə edəcək.

- Azərbaycan Baş Prokurorluğunun separatçıların başçısı Araik Arutyunyanın yaxınlarda istintaqa təhvil veriləcəyi ilə bağlı açıqlaması bir neçə gündür həm ölkəmizdə, həm də Ermənistanda müzakirə olunur. Sizcə, bu açıqlama nəyə əsasən verilib?

- Arutyunyan Azərbaycan xalqına qarşı törədilmiş böyük terror aktlarına sərəncam verən şəxslərdən biridir. Gəncə və Bərdəyə ballistik raketlərin atılması əmrini verdiyini özü etiraf edib. Azərbaycan hüquq mühafizə orqanlarında bununla bağlı kifayət qədər dəlil və sübutlar var. Arutyunyan buna qədər də “qırmızı bülleten”lə İnterpolun axtarışına verilmişdi. O, yalnız Rusiyaya gedə bilir. Arutyunyan Rusiya Müdafiə Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin agentidir. Rus polisi onun tutularaq Azərbaycana təhvil verilməsini qulaq ardına vurur. Artıq törətdiyi terror aktlarına görə Arutyunyanın hüquqi müstəvidə cəzalandırılması gündəmə gəlib. Bununla bağlı Rusiyanın özü ilə də müəyyən danışıqlar aparıla bilər.

Təbii ki, Arutyunyanın əsas qoruyucusu Rusiyadır. Eyni zamanda, Azərbaycan uzun müddətdir İnterpolun mərkəzi orqanları ilə də əlaqədədir və danışıqlar aparır. Yəqin ki, Azərbaycan bu terror aktları ilə bağlı apardığı istintaqı başa çatdırıb. Həmin istintaq zamanı yetəri qədər dəlil və sübutların əldə edilməsi səbəbindən Araikin təhvil verilməsi proseduruna baş vurulacaq, yaxud vurulub. Bu baxımdan, Araikin tutduğu “post”dan uzaqlaşdırılması da mümkündür, ya da birdəfəlik Ermənistana gedə bilər.

Hesab edirəm ki, Araik məsələsi tam yetişib. Azərbaycan hüquq mühafizə orqanları onun həbsi üçün kifayət qədər dəlil əldə edib və bunlar əsasında da onun təhvil veriləcəyi ümidindədir.

- Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun Ermənistandan keçən hissəsində texniki işlərə başlanıldığını açıqlayıb. Azərbaycan da bu yöndə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Maraqlıdır, sərhədlərin müəyyənləşdirilməsindən və sülh sazişinin imzalanmasından əvvəl bu dəhlizin açılması bizə nə verəcək, ümumən, sülh prosesinə necə təsir göstərəcək?

- Bu, kifayət qədər mürəkkəb məsələdir. Ermənistan təkcə dəmir yolunun yox, bütün kommunikasiyaların açılmasını irəli sürür. Təbii ki, Azərbaycan və Türkiyə də Zəngəzur dəmir yolunun çəkilişinə xüsusi önəm verirlər. Ola bilər ki, dəmir yolu xətlərinin və ona paralel olaraq şose yollarının açılması həm sərhədlərin delimitasiyasından, həm də sülh sazişinin imzalanmasından qabağa keçə bilər. Belə də ola bilər və bunun olması kifayət qədər inandırıcıdır – ermənilər dəmir yolunun tikintisini sürətlə aparmayacaqlar, çünki bunun üçün onların maddi bazaları yoxdur. Bu səbəbdən dəmir yolunun Ermənistan hissəsi ən azı bir il-bir il yarım vaxt aparacaq ki, bu müddətdə sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması məsələsi də reallaşa bilər.

Vaxt gedir, prosesin tezləşdirilməsinin lazım olduğu bir vaxtda Ermənistan tərəfindən yenə də bəhanələr, əsassız iddialar gündəmə gətirilir. Ermənilər anlamalıdırlar ki, bölgədə sülhün bərqərar olması və münasibətlərin qaydaya salınması həm Azərbaycan, həm də Türkiyəyə münasibətdən asılı olacaq. Onlar yaxşı bilirlər ki, Azərbaycanla münasibətləri qaydaya salmadan Türkiyə ilə əlaqələri bərpa etmək mümkün olmayacaq, ya da əksinə. Birini edib, o birini etməmək mümkün deyil, bu xam xəyaldır. Bu iki məsələnin bir-birindən asılılığı praktikada sübut olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər