8 Avqust 2022 13:25
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir. Sosial şəbəkələrdə, xüsusən də Tvitterdə bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurd”larından çıxma kimi təqdim etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili ermənilərin absurd iddialarına cavab olaraq yaxın tarixə dair real faktlara istinad edib:

“Keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib. Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıya alma zamanı rayonda cəmi 34 ermənin yaşadığı qeydə alınıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi azərbaycanlı, 5.1 faizi müsəlman kürdlər olub. Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşayaraq sonradan erməni işğalından sonra da birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşdılar.

Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur. Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılardan ibarət olub. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasalar da onların öz doğma ata-baba yurdlarına qayıtmaqlarına çox az zaman qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi. Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildə sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib”.

Vüqar Bayramov bildirib ki, Zabux kəndi daxil olmaqla bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var:

“Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası mümkün olacaq.

Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh sadəcə ölkələrin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanınması halında mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər