Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr olunan tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının beynəlxalq müstəvidə təqdimatları bu həftə YUNESKO-da davam edib.
Teleqraf.com xəbər verir ki, Kitab Gürcüstan Milli Muzeyində (GMM) saxlanılan Qarabağ xanlığının zəngin mədəni irsinə aid nadir eksponatları özündə əks etdirir.
Layihə çərçivəsində gürcü alimləri tərəfindən aparılmış bu dəyərli tədqiqat işi oktyabrın 21-də Parisdə, YUNESKO-nun baş qərargahında “Maddi mədəni irsin aşkarlanması və qorunmasında regional əməkdaşlığın rolu” mövzusunda keçirilən seminarda geniş müzakirə olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycanın YUNESKO-dakı Daimi nümayəndəsi Elman Abdullayev tədqiqat layihəsini 1972-ci il Ümumdünya İrs Konvensiyasından irəli gələn mədəni irsin qorunması üzrə beynəlxalq əməkdaşlıq tələbinə töhfə kimi qiymətləndirib.
Tədbirin aparıcısı fransalı jurnalist Jan Mişel Brun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan Qarabağ bölgəsi mədəni irsinin muğam, memarlıq, xalçaçılıq, atçılıq kimi sənətlərinin nəinki Azərbaycan, o cümlədən, dünya mədəniyyətinin inciləri olduğunu bildirib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Gürcüstan Milli Muzeyinin direktoru, məşhur arxeoloq Professor David Lordkipanidze son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstan Milli Muzeyində saxlanılan və Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində aparılan unikal layihələr haqqında məlumat verib. O, bu əməkdaşlıq nəticəsində bir neçə il əvvəl Bakıda Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Tarixin şah əsərləri” adlı sərginin, Gürcüstan Milli Muzeyinin fondlarında tapılmış Azərbaycan İrəvan xanlığının tarixi və mədəni irsinə aid nadir eksponatlarla, geniş xarici auditoriyanın tanışlığına imkan yaratdığını qeyd edib.
“Qarabağ xanlığı” kitabının müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze bildirib ki, Rusiya İmperiyası dövründə toplanmış obyektiv etnoqrafik materiallar əsasında hazırlanmış bu tədqiqat işi Qarabağ bölgəsində uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstünlüyünü və dərin tarixi köklərini bir daha sübut edir.
Gürcü həmkarlarına fədakar əməkləri üçün təşəkkürünü bildirən Azərbaycan Tarixi Muzeyinin nümayəndəsi, Qarabağ Xanlığının mədəni irsinin ondan əvvəl bu bölgədə hökmranlıq etmiş tarixi Azərbaycan dövlətlərinin minillik mədəniyyət qatının davamı olduğunu qeyd edib.
“Azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində barbarcasına dağıdıldığının şahidi oldum” deyən Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli eyni zamanda Azərbaycanın Qarabağda bütün, o cümlədən, xristian irsini həssaslıqla mühafizə etdiyinə diqqəti çəkdi.
Müzakirələri yekunlaşdıran Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, işğal zamanı Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin demək olar tamamilə məhv edildiyini nəzərə alaraq “xarici muzeylərdə qorunmuş Qarabağ Xanlığı irsinin dərindən tədqiq olunmasının tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyətə malikdir.” Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa İli” təşəbbüsü Qarabağ bölgəsi və xüsusilə, Şuşa şəhərinin qədim tarixə malik Azərbaycan kimliyi haqqında elmi həqiqətlərin beynəlxalq səviyyədə tədqiqi və tanıdılmasına təkan vermiş oldu. Məhz “Şuşa İli”ndə Heydər Əliyev Fondunun himayəsi ilə Qarabağ Xanlığının tarixinə aid 100 ildən çoxdur Tiflis arxivlərində gizli qalan zəngin kolleksiyanın nüfuzlu elmi nəşr halında işiq üzü görməsi və bu nəşrin ilk təqdimatının azad edilmiş Şuşada keçirilməsi dərin rəmzi məna daşıyır. E.İskəndərov gürcü alimlərinin bu istiqamətdə tədqiqatının bundan sonra da geniş tarixi və mədəni ictimaiyyətin diqqət mərkəzində olacağına əminliyini bildirib.
Tədbirin sonunda seminarda iştirak etmiş diplomatlar, YUNESKO-nun ekspertləri, həmçinin Fransanın mədəniyyət, ictimaiyyət və media nümayəndələrinə “Qarabağ Xanlığı” kitabının ingilis, fransız və ərəb dillərinə tərcümə edilmiş nəşri hədiyyə edilib.