Qarabağda hər yerdə yağmalanmış, dağıdılmış evlər var idi.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınc Qarabağ və Zəngəzura səfərlərinə həsr olunmuş bugünkü konfransında deyib.
O bildirib ki, ziyarətləri boyunca erməni vandallığının şahidi olublar: “Biz Respublika günümüzün 99-cu ildönümünü azad edilmiş Qarabağda qeyd etmək qərarı alaraq səfərdə iştirak etdik. Səfərimiz zamanı işğaldan azad edilən bütün əraziləri, bu gün isə Xudafərin körpüsünü ziyarət etdik. Hər yerdə dağıdılmış, yağmalanmış binalar var idi. 30 il bundan öncə bu torpaqlar işğal olunub. O dövrdə bu işğalın qarşısını almaq mümkün olmadı. Beləliklə, xarici dövlətlərdən dəstək alan ermənilər insafsızcasına qətliamlar gerçəkləşdirdilər”.
Salman Arınc deyib ki, yol boyunca Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının da dalğalandığını görüb: “Bu, dostluğumuzun, qardaşlığımızın göstəricisidir. Bu gün həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır. Əsas məsələlərdən biri də Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilməsidir. İnşallah, bunun da gerçəkləşməsinin şahidi olacağıq”.